Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış keçirilib.
Sərginin açılışında Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında qadınların əməyinin qiymətləndirilməsi daim diqqət mərkəzindədir. Göstərilən qayğının nəticəsidir ki, rayon üzrə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar çoxluq təşkil edir. Rayondakı qadınlardan 10-u Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət mükafatlarına layiq görülüb. Artıq bir neçə ildir ki, istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil edilir. Sədərək rayonunda keçirilən sərgidə də bütün yaşayış məntəqələrindən istedadlı qadınlar iştirak edirlər. Tədbirin təşkilində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır. İcra başçısı milli dəyərlərimizin yaşadılmasında qadınlarımıza uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. O bildirib ki, bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ictimai həyatda fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Naxçıvan Muxtar Respublikasında da qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşan milli dəyərlərimiz yaşadılır. Yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır.
Qeyd olunub ki, bu gün Sədərək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkili də mənəvi irsimizin yaşadılmasına xidmət edir. Muxtar respublikamızın hər yerində olduğu kimi, Sədərək rayonunda da hər bir qadının, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışı təşkil olunur. Ramilə Seyidova vurğulayıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi dövlət qayğısının nümunəsidir.
İstedadlı qadınlardan Samirə Əliyeva çıxış edərək bildirib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri sayəsində ən ucqar sərhəd kəndlərimizdə də qadınların iş və məişət şəraiti yaxşılaşdırılıb. O, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra sərgi-satışa baxış olub. Sərgidə rayon üzrə 40 istedadlı qadının hazırladığı milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 203 rəsm və əl işlərinin nümayişi və satışı təşkil edilib.
Sərxan İSMAYILOV