İyul ayında muxtar respublikada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 285 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 13 nəfər müvafiq peşə kurslarına göndərilmiş, 1 nəfər isə kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunanlardan 11-i ünvanlı sosial yardımla bağlı müraciət edən, 5-i isə məhdud fiziki imkanlı şəxslər olmuşdur. Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə təşkil olunan kursu 13 nəfər bitirmişdir. Əməyin mühafizəsi tədbirlərinə də diqqət artırılmış, 49 obyektdə nəzarət tədbirləri görülmüşdür.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə, ümumilikdə, 116 uşaq cəlb olunmuşdur. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin keçilməsi davam etdirilmişdir. Həmçinin yay tətili günlərində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı və şəhid ailələri uşaqlarının Naxçıvan şəhərində olan muzeylərə, tarixi-memarlıq abidələrinə ekskursiyaları təşkil olunmuş, muxtar respublikanın ümumtəhsil müəssisələrində təhsil alan aztəminatlı ailələrin uşaqları Ağbulaq İstirahət Mərkəzində olmuş, Naxçıvan Dövlət Kukla Teatrında isə tamaşaya baxmışlar.
Bu dövrdə tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 228 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, həmçinin 10 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 16 şəxsin, Uşaq Bərpa Mərkəzində bu kateqoriyadan olan 8 uşağın müalicəsi təşkil edilmiş, 121 nəfərə isə sanatoriya və pansionatlara göndəriş verilmiş, Ahıllar evinin sakinləri təbiət gəzintilərinə aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti