İnsan cəmiyyətində sosial həyatın bəzi aspektləri var ki, onlar zamanla dəyişmək, daim inkişafda olmaq məcburiyyətindədir. Bunlardan biri də əmək fəaliyyətidir. Bu prosesdə fiziki və əqli qabiliyyəti imkan verən hər kəs iştirak edir. Hələ qədim dövrdə insanlar özünüməşğulluqla həyatlarını davam etdirirdilər. Min illər ötüb keçdi, müasir dünyanın sosial-iqtisadi həyatında yenə özünüməşğulluq fəaliyyətinə ehtiyac yarandı. Burada söhbət fiziki və ya hüquqi şəxsdən əməkhaqqı almayaraq özünü sosial baxımdan təmin edən insanlardan gedir. Özünüməşğulluqda bir şəxs əmək prosesini təşkil edir. Gəlir əldə edilməsi isə yalnız özündən asılıdır. Burada işəgötürən yoxdur, özü öz məşğulluğunu yaradır və məsuliyyət daşıyır. Özünüməşğulluq insanların ikinci iş yeri də ola bilər. Ölkəmizin qanunvericiliyinə görə özünüməşğulluq əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.
İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada məşğulluq problemi daim diqqət mərkəzində saxlanılır. İstər dövlət, istərsə də özəl sektorda yeni iş yerləri yaradılır. Lakin əhali sayında müşahidə olunan müsbət dinamika öz növbəsində gələcəkdə yeni iş yerlərinə tələbatı artıracaqdır. Ona görə də vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçməkdir”.
Bir neçə ildir ki, muxtar respublikada əhalinin müəyyən bir qismi özünüməşğulluğa cəlb olunub. Lakin bu sistemə keçmək tam fərqli və sosial-iqtisadi sferada sərhədsiz bir anlayışdır. Bu, o deməkdir ki, istənilən sahədə əhali özünüməşğulluğunu qura bilər.
Muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün passiv sosial təminat tədbirlərindən aktiv məşğulluğa, gəlirlərini artıra biləcək mərhələyə keçidin təmin edilməsidir. Bu, əslində, sosial siyasəti tamamlayan məqsədyönlü islahatdır. Artıq proses yeni mərhələdə davam etdirilir. İlkin olaraq gəlirləri ehtiyac meyarından aşağı olan ailələr həmin layihəyə cəlb olunur. Bu yaxınlarda muxtar respublika ictimaiyyəti bu qəbildən olan ailələrin özünüməşğulluğu üçün tədbirlərə start verildiyinin şahidi olub. Aztəminatlı 15 ailənin hər birinə fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cinsli inəklər verilib.
Reallıqdır ki, ünvanlı dövlət sosial yardım proqramı aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönəldiyi üçün həmin ailələr bu qrupdan çıxa bilmir. Yəni dövlətin ünvanlı dövlət sosial yardımı üçün ayırdığı müavinət aztəminatlı ailəni, sadəcə, bu aydan növbəti aya keçid üçün minimum yaşayışını təmin edir. Əslində, sosial siyasətin məqsədi də ailənin, necə deyərlər, müəyyən bir müddətə dolanışığını təmin etməkdir. Başqa sözlə desək, valideyn öz övladını necə himayə edərək müəyyən yaşa çatdırırsa, eynilə dövlətin də məqsədi ünvanlı dövlət sosial yardımı verməklə ailəni tam sosial baxımdan özünü təmin edəcək səviyyəyə çatdırmaqdır. Bu da reallıqdır ki, ünvanlı dövlət sosial yardımı, əmək qabiliyyəti olmayan vətəndaşlar istisna olmaqla, digərlərinə davamlı verilə bilməz. Aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin həm özlərinə, həm də cəmiyyətə fayda verəcək işlərlə məşğul olması zəruridir.
Onu da deyək ki, təkcə 2017-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 998 min 623 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilib. Düzdür, dövlət əmək qabiliyyətli üzvü olmayan vətəndaşının gündəlik tələbatını ödəmək üçün bu müavinəti verir. Lakin əmək qabiliyyətli üzvü olan aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardıma ümid bağlaması doğru deyil. Bu qəbildən olan insanlar üçün özünüməşğulluğun təmin olunması məsələnin köklü həllində ən yaxşı vasitədir. Həmin insanlar dövlətin göstərdiyi maddi və digər dəstəyin nəticəsi olaraq özü öz məşğulluğunu təmin edə bilərlər. Bu mənada, aztəminatlı ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına imkan yaradır.
Statistik məlumatlar təsdiq edir ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin əksəriyyəti kənd yerlərində yaşayanlardır. Əslində, kənd yaşayış məntəqələri özünüməşğulluğu təmin etmək üçün ailələrə daha əlverişli imkanlar vəd edir. Biznesdən fərqli olaraq kənd təsərrüfatı ilə məşğul olmaq daha asan, itkisiz və perspektivlidir. Digər tərəfdən, həmin yerlərdə ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi üçün dövlət də öz dəstəyini əsirgəmir. Belə bir şəraitdə ailələr zəhmətə qatlaşmaqla öz əməklərinin bəhrəsini görə bilərlər. İnsanın öz əməyinin bəhrəsi isə daha bərəkətli və necə deyərlər, şirin olur.
Dinimizə görə də torpağı əkib-becərmək, zəhmətkeş olmaq, ələ baxmamaq, sağlamlığın imkan verirsə, öz əlinin qazancını yemək daha yaxşıdır, hətta savab hesab edilir. İslam dinində torpaq və ondan əkinçilik üçün istifadə məsələləri zəruri sayılır. Yer üzünün torpaq rəmzində müqəddəsləşməsi, onun insan həyatının əzəli və axirət məkanına çevrilməsi ilə bağlıdır. Məhəmməd Peyğəmbər buyurub ki, “Yer üzünü məsh edin, o, sizə xeyirdir, bərəkətdir. Torpaq insanın anası, yəni onu yedirdən, içirdən, qidalandırandır”.
Ünvanlı dövlət sosial yardımı minimum yaşayışı təmin edə bilər. Bu mexanizm heç vaxt yaşayış standartını yüksəltmək gücündə deyil. Lakin özünüməşğulluğu seçən insanlar ildən-ilə sosial baxımdan güclənmək imkanı əldə edə bilərlər. Zaman keçdikcə bunu inkişaf etdirib sahibkar olduqdan sonra hər kəs istədiyi həyat şəraitini qura bilər. Əmək qabiliyyətli əhali üçün özünüməşğulluğu ünvanlı sosial yardımla fərqləndirən əsas amil də budur.
Özünüməşğulluğa təkcə aztəminatlı ailələrin cəlb edilməli olduğu xüsusi sosial layihə kimi yanaşmaq yanlışdır. Belə ki, aztəminatlı olmayan, lakin işaxtaran əhali qrupu da ondan faydalana bilər. Məsələn, bu gün ən geniş yayılmış özünüməşğulluq ticarətdir. Çünki hər kəs alqı-satqı prosesində hansısa formada iştirak edir. Dayə bacarığına sahib olmaq da günümüzdə özünüməşğulluq üçün yaxşı peşədir. Və yaxud təmir sahəsi. Eləcə də dərzi, pinəçi, avtomobil, məişət əşyalarının təmiri – bütün bunlar özünüməşğulluq kateqoriyasına aiddir. Repetitorlar da bu qəbildən hesab edilir. Bu, əsasən, ziyalı təbəqənin ikinci iş yeri – özünüməşğulluğu sayılır. Sosial təminatının ödənilməsində ikinci məşğulluq yerinin seçilməsi heç də pis deyil. Lakin bu, özünüməşğulluq sisteminə salındıqdan sonra dövlət də cüzi vergi tətbiq etməklə buradan toplanan vəsaiti özünüməşğulluq proqramına yönəldə bilər.
Beynəlxalq təcrübədə özünüməşğulluğun bir dövlət siyasəti kimi həyata keçirilməsinin 40 ilə yaxın tarixi vardır. Hələ ötən əsrin 80-ci illərində Avropa ölkələrində özünüməşğulluq proqramları həyata keçirilib. Məsələn, Fransada “İşsiz sahibkar” (işçisi olmayan sahibkar) proqramı qəbul olunaraq icra edilib. Böyük Britaniyada “Özünü inkişaf” proqramı ölkənin 18 yaşından yuxarı işsiz vətəndaşlarını əhatə edib. Onlar məşğulluğa uyğun müvafiq kursları, treninqləri bitirirdilər. Bəzi özünüməşğulluq proqramına qoşulanlar isə işinə məsuliyyəti olsun deyə, dövlətin verdiyi məbləğlə yanaşı, az bir miqdarda (aldığı qrantın 10 faizi) seçdiyi sahəyə vəsait qoymalı idi. Statistikaya görə, Amerika Birləşmiş Ştatlarında məşğul əhalinin 30-40 faizi həmin proqramlara qoşularaq məşğulluğunu təmin etmiş insanlardır. Ümumiyyətlə, özünüməşğulluqla bağlı müxtəlif ölkələrdə fərqli proqramlar həyata keçirilsə də, ümumi məqsəd eyni olub: birdəfəlik maddi və digər yardım göstərməklə, müəyyən peşələrə uyğun təlimlər keçməklə, əhalinin bacarıqlarını artıraraq işsizliyi aradan qaldırmaq.
Naxçıvanda da özünüməşğulluq təcrübəsi mövcuddur. Bu məqamda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu sahədə görülən işləri qeyd etmək yerinə düşərdi. Hələ 2012-ci ildə muxtar respublikada elan olunmuş “Milli dəyərlər ili” çərçivəsində komitə tərəfindən qadınların əl işlərinin sərgi-satışı təşkil edilib. İlkin olaraq o zaman bu sərgi-satışlara milli və mənəvi dəyərlərimizin qorunması və yaşadılması aspektindən yanaşılırdı. Lakin burada iştirak edən qadınların əksəriyyətinin evdar qadın olması yeni fikir yaratdı. Belə ki, onların hazırladıqları əl işləri milli dəyərlərimizin qorunması ilə paralel özünüməşğulluq forması kimi qəbul edildi və bu iş muxtar respublikada kütləvi xarakter almağa başladı. O zamandan nəinki Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon mərkəzlərində təşkil olunan sərgi-satışlar, 2015-ci ildən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən əl işləri mağazasında qadınların əl işlərinin satışının həyata keçirilməsi özünüməşğulluğun inkişafına xidmət edir. Təkcə ötən il komitə tərəfindən 304 qadının 1069 əl işinin, cari ilin ötən dövrü ərzində 175 qadının 802 əl işinin satışını həyata keçirməsi və əldə olunan qazancın həmin qadınlara verilməsi onların özünüməşğulluğuna dəstəkdir.
Bu sistem ayrı-ayrı fərdlərin, onların timsalında ailələrin məşğulluğunu təmin etsə də, digər tərəfdən iqtisadiyyatda mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılması prosesinin daimi olması hədəfinə çatmaq üçün dəyərli vasitədir. İqtisadiyyatın şaxələndirilməsi dövrünü yaşayan muxtar respublikada özünüməşğulluq yeni dinamikanın yaranmasında hərəkətverici qüvvədir.
Muxtar respublikada dövlət siyasəti çərçivəsində həyata keçirilən özünüməşğulluq sahəsinə vətəndaşlarımızın da ürəkdən qoşulması və ailələrinin xoş güzəranı üçün səy göstərməsi dövlətimizin də marağında olan məsələlərdəndir. Bunu dəyərləndirmək isə vətəndaşlarımızın üzərinə düşən vəzifə və ya ailəsi qarşısında daşıdığı məsuliyyətdir. Məlumdur ki, qonşudan pay gözləyən üçün zaman uzun, gələn pay yetərsizdir. Zəhmətə qatlaşanlar üçün isə zaman qısa, əməyin bəhrəsi isə dəyərlidir.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri