23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 8-də Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. 

Şahbuz Rayon İcra Hakimiyyətinin ­başçısı Rəfael Babayev tədbiri açaraq sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Dövlət Baş ­Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək sığorta fəaliyyətinin muxtar respublikamızın sosial-iqtisadi inkişafındakı rolundan bəhs edib. Baş direktor vurğulayıb ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.
Bildirilib ki, sığorta münasibətlərinin tənzimlənməsi və müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar. Ötən müddətdə Şahbuz rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, Şahbuz rayonu üzrə cari ilin ilk 6 ayı ərzində, ümumilikdə, 1111 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 350-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, 467-si isə daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılıb.

Rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı, fərdi qəza sığortaları və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunaraq vurğulanıb ki, əldə edilmiş nəticələrlə bərabər, rayonda hələ də daşınmaz əmlakın icbari sığortası və istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı olan hər bir obyektin sığortası təmin edilməlidir.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, Şahbuz rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Bütün bu sığorta növlərinin inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Sonra Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Razim ­Vəliyev, Şahbuz Rayon Polis Şöbəsinin Təşkilat-inspeksiya, uçot-qeydiyyat və statistika işləri üzrə qrupun baş inspektoru, polis baş leytenantı Əhməd Məmmədov, Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru Nuran Xəlilov çıxış edərək görülən işlərdən söhbət açıblar. Şahbuz şəhər, Badamlı qəsəbə, Kolanı, Ayrınc kənd icra nümayəndələri icbari sığorta müqavilələrinin bağlanılması vəziyyəti barədə məlumat veriblər.
Şahbuz Rayon İcra Hakimiyyətinin ­başçısı Rəfael Babayev görülmüş işlərdən danışaraq aidiyyəti orqanlara sığorta işinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR