23 Dekabr 2024, Bazar ertəsi

İşıq və qaranlıq! Hər ikisi ana təbiətin möcüzəsi, canlı aləmin yaranışı, hər ikisi həyatın bir fəlsəfəsidir. Onlar olmasa, həyat da olmaz. Ancaq insan oğlu yaranışından işığı, onu yaradan alovu seçib, ona tapınıb. Qaranlıqdan, zülmətdən işığa can atıb. Ulularımızın “İşıq qarşısında qaranlıq durmaz”, “Hər qaranlıq gecənin bir işıqlı sabahı var”, “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır” kimi deyimləri ilə yanaşı, nağıl qəhrəmanlarımızdan Məlikməmmədin Ağ qoçun üstündə, Simurq quşunun qanadında qaranlıq dünyadan işıqlı dünyaya çıxması, Cırtdanın işıq gələn tərəfə üz tutması və sair folklor nümunələrimiz insan oğlunun aydın sabahlara inamını göstərir.

Bəli, işıq yaşamaq, qurmaq, yaratmaq, ümid, həyat deməkdir. Qaranlıqdan aydınlığa gedən yolun yolçusu isə mübariz insanlardır. Çünki insanlar qaranlıqları yox etmək, yaşamaq üçün daim mübarizə aparıblar. Həmişə kədəri, çətinliyi qaranlıq gecəyə bənzədən bəşər övladı qurub-yaratmağı, xoşbəxtliyi, firavanlığı işıqlı sabaha bənzədib.
İnsanlar işdən sonra istirahət etməyə, dincəlməyə, axşam gəzintisinə çıxmağa həyat eşqi, həyat amalı kimi baxıb, sevincini bölüşmək, xəyallara dalmaq, arzuların qanadında uçmaq üçün istirahət ocaqları – parklar, xiyabanlar salıb, ətrafına güllər, çiçəklər əkiblər. Uşaqların mənalı istirahətlərini təmin etmək, onların zövqünü oxşamaq üçün əyləncə mərkəzləri yaradan, yurdumuzu, yuvamızı ilham mənbəyinə çevirən insanlar bu yerlərə sanki nur paylayıblar. Könlümüzü oxşayan belə axşamlarda yorğun insanlar, əyləncə yarışına çıxan uşaqlar, bir-birinə xatirələrini danışan qocalar, ahıllar daha xoşbəxt görünürlər.

Bu gün qədim diyarımızın axşamları sirli-sehrli, möcüzəli bir aləmdir. Ona görə də istirahət günlərində, axşam çağlarında şəhərimizin görməli yerlərini addım-addım, qarış-qarış gəzməkdən zövq alıram. Hər tərəfdə bir gözəllik ruhumu təzələyir. Bu gözəllik həzin bir nəğmə kimi adamı özünə məftun edir.
Yaşıllığa, çiçək ətrinə qərq olan parklarda, xiyabanlarda gördüklərimiz insana nəinki fiziki güc verir, həm də onun ağlına, şüuruna, zehninə təsir edir, yaşamaq hissini, yaradıcılıq şövqünü, həyata və ətrafındakılara sevgisini, məhəbbətini artırır. Əbəs yerə deyil ki, ata-babalarımız yaşıllıq və gül-çiçəklə əhatə olunan yerlərdəki istirahəti ən gözəl müalicə vasitəsi, ən böyük loğman adlandırıblar.

Estetik zövq, mənəvi rahatlıq, dinclik baxımından Naxçıvan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı axşamlar insan selinə bürünür. Sərin bahar axşamlarında, yay günlərində həmişə izdihamlı olan bu yerin hovuzu, fəvvarəsi min bir rəngə çalır, buranın ecazkar mənzərəsi hər kəsi valeh edir. Uşaqların əylənməsi, bir-biri ilə yarışması parkda qaynar bir mühit yaradır. Dünyamızın sevinci olan uşaqların sevinməsi insanları öz sehrində saxlayan bu istirahət yerinin dəyərini bir qədər də artırır. Ruhumuzun qidası olan musiqinin çağladığı bu məkan şeir, sənət guşəsini xatırladır. Qəlbimdən keçənlər istər-istəməz misralara çevrilir...

Hər bir parkı, xiyabanı,
İstirahət guşəsi...
Hovuzlar, fəvvarələr,
Bir sənət nümunəsi,
Qaynar həyat çeşməsidir.
Görən deyər nə gözəldir,
Naxçıvanın axşamları.

“Əyləncə adası”, “Əcəmi seyrəngahı” və digər parklar da insanları axşamüstü öz ağuşuna səsləyir. Bu ünvanlarda gecə lampalarından süzülən işıq şüaları ürəklərə bir rahatlıq çiləyir, qədim diyarımızın hüsn və camalını daha cazibədar edir. Onun sinəsini bəzəyən gözəl və zərif görünüşlü quruculuq töhfələri şair, yazıçı, rəssam, bəstəkar və digər yaradıcı sənət adamlarının qəlbinə hopur, onları bu gözəllikləri əsərlərində tərənnüm etməyə səsləyir.

Buradakı gözəlliyə,
Milyonları şahid çəkər...
Şairlərin şeirinə,
Rəssamların tablosuna,
İnsanların ürəyinə,
Vətən adlı nəğmə əkər
Naxçıvanın axşamları.

Şəhərimizin ən gözəl ünvanına çevrilmiş Heydər Əliyev Muzeyinin yerləşdiyi məkana – Baş Meydana yolu düşən oradan ayrılmaq istəmir. Buradakı çiçəklərin, güllərin təravəti, ətri, işıq selinə bürünən meydan insanların qəlbinə sanki bir rahatlıq gətirir. Uşaqlar deyib-gülür, əl-ələ verib oynayır, əylənirlər. Kədəri bir anlıq, sevinci bir dünya olan uşaqların arzu və istəklərinə parkın ecazkar gözəlliyi də qarışaraq sanki xəyali bir aləm yaradır. O aləmdə uşaqlarla yanaşı, ömrünün ahıl çağını yaşayan insanlar da sanki itirdiklərini tapmağa çalışırlar.
Gözüm oturacaqlardan birində əyləşən, ömrünün ixtiyar çağlarını yaşayan iki ahıla sataşır. Onlar bir-birləri ilə şirin söhbət edirlər. Söhbətin nədən getdiyini bilməsəm də, baxışlarından süzülüb gələn xoş əhval-ruhiyyəni, düşüncələri, üzlərindəki təbəssümü çətinlik çəkmədən sezə bilirəm. Gözəlliyə vurğun olan bu insanlar doğma şəhərin əsrarəngiz mənzərələrinə aşiqliyini heyran baxışları ilə əks etdirdikcə hiss olunur ki, burada istirahət etmək onların ürəyincədir. Bu füsunkar axşamın bəxş etdiyi mənəvi gözəllik ərməğanından mən də təsirlənirəm:

Qocalara, ahıllara,
Bağçasından çələng tutar.
İnsanların baxışına,
Uşaqların gülüşünə,
Sevgi dolu, ümid dolu,
İnam dolu min rəng qatar
Naxçıvanın axşamları.

İndi hər axşam şəhərimizin sakinləri mənim kimi istirahət vaxtlarının bir neçə saatını istəklərinə uyğun olaraq üz tutduqları parklarda, xiyabanlarda keçirirlər. Çox keçmədən atılıb-düşməkdən yorulan uşaqlar nurlu axşamların onlara bəxş etdiyi xoş ovqatın təsiri ilə şirin yuxuya gedəcəklər. Hər tərəf dünyanı ağuşuna alan gecənin sakitliyinə qərq olacaq. Bu füsunkar gecələr insanları romantik bir aləmdən işıqlı səhərlərə daşıyan sərnişin qatarına bənzəyir. Bu qatarın son dayanacağı – sonuncu stansiyası isə “sübh çağı”dır. Mən də bir xoş axşamın yaratdığı təəssüratları ipə-sapa düzüb sanki son dayanacağıma çatıram:

Qaranlıqdan aydınlığa,
Körpü atar, işıq salar.
Körpələrin yuxusuna,
Layla qatar, şəkər qatar.
Gecələri keşik çəkər,
Ta sübhədək oyaq qalar,
Naxçıvanın axşamları...

Rövşən HÜSEYNOV
Naxçıvan Mətbuat Şurasının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR