23 Dekabr 2024, Bazar ertəsi

İyulun 28-də Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. 

Tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmməd­ov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgər­ov çıxış edərək muxtar respublikanın iqtisadi və sosial həyatında sığorta işinin rolundan bəhs edib. Qeyd olunub ki, ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən sığorta xidmətlərindən istifadə edən vətəndaşlar müxtəlif yerlərdə baş verə biləcək gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsinə etibarlı təminat alırlar.
Bildirilib ki, Ordubad rayonu üzrə cari ildə 5016 sığorta müqaviləsi bağlanıb, onlardan 1176-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1748-i daşınmaz əmlakın icbari sığortası olub.
Hikmət Əsgərov rayonda daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, ev əmlakı və fərdi qəza sığortaları və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq vurğulayıb ki, qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin edilməlidir. Son dövrlərdə Ordubad rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər, vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Bu məqsədlə Ordubad rayonunda fəaliyyət daha da genişləndirilməli və maarifləndirmə işlərinə diqqət artırılmalıdır.

Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, bu sığorta işi də digər könüllü sığortalar kimi, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının və arı ailələrinin sığortalanması məqsədilə ordubadlı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər aparılmalıdır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR