Təbiətə gözəllik bəxş edən, oksigen mənbəyi olan meşələrin məhv olmasının əsas səbəblərindən biri də onun yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələrin yanğından qorunması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq muxtar respublika ərazisində yerləşən meşələrdə və yeni salınmış yaşıllıq zolaqlarında vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilir. Həmçinin isti yay günlərində vətəndaşların istirahət üçün üz tutduqları məkanlardan biri olan Batabat meşəsində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən gündəlik olaraq patrul xidmətləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi təbiətin əvəzsiz sərvəti olan meşələrin yanğınlardan qorunması üçün isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. Cavabdeh şəxslər, o cümlədən meşə mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikaları və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar təlimlər keçirməlidirlər.
Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməlidirlər. Yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması məqsədilə tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.
Meşə sahələrindəki 10 yanğın hadisəsindən 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmasından baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb olur.
Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı kimi yanar mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. İstirahət edən insanlar tərəfindən tullantıların və eləcə də şüşə qabların, şüşə qırıntılarının meşəyə atılması qadağandır. Əks halda Günəş şüasından təsirlənən şüşə qablar və onun qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaretin çəkilməsi, tonqal yandırılması təhlükəli olduğundan yolverilməzdir.
Havaların isti keçməsi meşələrin yanğın təhlükəsini daha da artırır, məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalı və daim diqqət mərkəzində saxlanılmalıdır. Yanğın baş verən zaman mövcud odsöndürücü vasitələrdən istifadə edilməlidir. Nəqliyyat vasitələri istifadəçiləri və digər vətəndaşlar tərəfindən siqaret qalığının yanılı vəziyyətdə yerə atılması meşə yanğınlarının baş verməsinə səbəb ola bilər. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət deməkdir.
Meşə zolaqlarında hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.
Mirtaleh Seyidov
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı