İyulun 27-də Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbiri Kəngərli Rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açıb. Bildirib ki, muxtar respublikamızda həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən tədbirlər sakinlər tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlər içərisində əmək yarmarkaları öz əhəmiyyəti ilə seçilir.
Qeyd olunub ki, əmək yarmarkalаrı işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 15 təşkilatdan 123 boş iş yerinin çıxarıldığı yarmarkada 25 nəfərə işə göndəriş verilib.
Gülcamal TAHİROVA