Əmək yarmarkalarının keçirilməsi muxtar respublikamızda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi iyulun 26-da Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Bu proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Bildirib ki, muxtar respublikamızda əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran vətəndaşlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək qeyd ediblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 91 boş iş yerinin çıxarıldığı tədbirdə 11 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Kəngərli rayonunda keçiriləcəkdir.
Xəbərlər şöbəsi