Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ağbulaq İstirahət Mərkəzində təşkil etdiyi gənclərin “Yay məktəbi” davam edir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə reallaşdırılan “Yay məktəbi”ndə əvvəlcə gənclər İstirahət Mərkəzi ilə tanış olmuşlar. Məktəbin ilk günü onlar stolüstü idman oyunları oynamış, onlar arasında “Nuh yurdu” intellektual oyunu keçirilmiş, günün sonunda isə aprel döyüşlərindən bəhs edən “Qarabağa doğru” sənədli filmə baxmışlar.
İkinci gün “Yay məktəbi”nin iştirakçıları arasında müxtəlif idman və əyləncəli oyunlar keçirilmiş, Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında müxtəlif şeirlər və musiqi nömrələri səsləndirilmiş, Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivinin konsert proqramı təşkil olunmuşdur. Günün sonunda isə şəhid Toğrul Məmmədova həsr olunmuş “Vətən uğrunda” sənədli filmi nümayiş etdirilmişdir.
Üçüncü gün isə gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunmuş, gəzinti zamanı çəkilmiş fotoşəkillərin müsabiqəsi keçirilmişdir. Fərqlənən fotoşəkillərin müəllifləri, həmçinin “Nuh yurdu” intellektual oyununda və “Yay məktəbi”ndə fəal iştirak edənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşlar. Günün sonunda isə gənclər Naxçıvan şəhərinə yola düşmüşlər.
“Yay məktəbi”ndə Naxçıvan Musiqi Kollecində təhsil alan 60 nəfər tələbə iştirak etmişdir.
Ceyhun MƏMMƏDOV