23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da bu məqsədə xidmət edən mühüm dövlət sənədidir. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.

Əhalinin məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bir daha onu göstərir ki, blokada şəraitində yaşaya-yaşaya hər hansı problemin həllinə nail olmaq mümkündür. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonlarımızın hər birində bir dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 206 nəfər, ümumilikdə, ötən 6 ay ərzində 1299 nəfər işlə təmin olunub. Burada 16 nəfər, ümumilikdə, 156 nəfər peşə hazırlığına cəlb edilib. Həmin dövr ərzində 136 nəfər ictimai işlərə, 6 nəfər kvota yerinə göndərilib. 51 nəfər ixtisasartırma, 24 nəfər Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində kurslara cəlb olunublar.
Məlumat üçün onu da bildirək ki, növbəti əmək yarmarkalarına iyulun 26-da start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. İyul ayının 27-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. İyulun 28-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından avqust ayının 1-də yararlana biləcəklər. Avqust ayının 2-də ordubadlılara, 3-də babəkli­lərə, 4-də isə şərurlulara boş iş yerləri təqdim ­olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası avqust ayının 8-də “Gənclik” Mərkəzində keçiriləcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR