23 Dekabr 2024, Bazar ertəsi

Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar dondurmalara tələbat və müvafiq olaraq ticarət obyektlərində bu cür məhsulların çeşidləri artır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün geniş seçim imkanı yaradır. Belə olan halda kənar təsirlərə həssas olan bu məhsulların saxlanılması və realizəsi zamanı zəruri tələblərə diqqət edilməlidir. Belə ki, dondurmalar normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı, istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim edilməlidir. Bu baxımdan istehlakçılara dondurma alarkən diqqət etməli olduqları zəruri məsələlər haqqında məlumat verəcəyik.
Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında, əsasən, süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici, stabilləşdirici və sair maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və sair vardır. Dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlamlığında əhəmiyyətli rolu vardır.

Əsas dondurma növlərinə südlü, qaymaqlı, plombir, meyvəli-giləmeyvəli, ətirli dondurmalar aiddir. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq keyfiyyətini tez itirə bilər. Ona görə də dondurma alarkən, ilk növbədə,­ ­onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlanma müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verin. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla, tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir.
Ədədlə satılan dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.
Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.
Dondurma növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18oC-dən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər: südlü dondurmalar 1 ay; meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay; plombir dondurması 2 ay.
İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlanma müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18±2)oC-dən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər.
Üzərində istehsal və saxlanma müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, acı, kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlı­lıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi, dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlanma müddəti ötmüş dondurmaları almaqdan çəkinin.
Qeyd edək ki, yerli istehsal məhsullarımız olan dondurmalar ekoloji təmiz, əlavə kimyəvi qatqılar vurulmadan hazırlandığına görə daha dadlı və keyfiyyətlidir. Belə dondurmalar düzgün qablaşdırıldığına, üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərildiyinə görə qida təhlükəsizliyi baxımından daha etibarlıdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR