Yoxsulluq, işsizlik bütün dövrlərdə cəmiyyəti narahat edən əsas sosial problemlərdən biri olub. Dünya ölkələri bu ciddi problemlərlə tarixboyu mübarizə aparıb, onun aradan qaldırılmasına çalışıblar. Azərbaycanda da işsizlik problemləri hər zaman aktual sayılıb, yalnız ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublikamızda əhalinin məşğulluq məsələləri diqqət mərkəzində saxlanılıb, müxtəlif sahələrin inkişafı ilə əlaqədar yeni iş yerləri yaradılıb. Bu da ölkə əhalisinin sosial rifahının ilbəil yüksəlməsinə imkan verib. Ancaq müstəqilliyimizin ilk illərində ölkəni bürüyən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat şəraitinin aşağı düşməsinə səbəb olub, nəticədə, yoxsulluq səviyyəsi yüksəlib.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdən başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülüb, bu sahədə dövlət proqramları qəbul olunaraq icra edilib. Xüsusilə ötən dövrdə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, eləcə də yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında qəbul edilmiş dövlət proqramları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, yoxsulluğun azaldılmasına şərait yaradıb.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında da ötən dövr ərzində əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, onların etibarlı sosial müdafiəsinin təşkili, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olanların sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində uğurlu nəticələr əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)” və 2009-cu il 28 may tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası infrastrukturun genişlənməsini, sosial xidmətlərin keyfiyyətinin yüksəlməsini təmin edib. Yeni istehsal sahələrinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artmasına və yoxsulluq səviyyəsinin azalmasına səbəb olub. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri artıb və həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Hamımıza məlumdur ki, müasir dövrdə əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması və onlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası uğurla başa çatan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əmək bazarının tənzimlənməsində mühüm nəticələr əldə edilməsinə səbəb olub, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradılıb. Növbəti dəfə Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, nəticədə, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə hərtərəfli şərait yaradıb.
Qeyd edək ki, məşğulluğun artırılması üzrə hazırda icrası davam etdirilən dövlət proqramına əsasən muxtar respublikada ailələrin özünüməşğulluğunun təmin edilməsi ilə əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması da diqqətdə saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələrə fərdi təsərrüfatlarını qurmaq üçün müvafiq köməkliklər göstərildi. Belə ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Culfa rayonları üzrə aztəminatlı 15 ailə müəyyənləşdirilərək onlara fərdi təsərrüfatlarını qurmaq üçün “Simmental” cins inəklər verildi. Bu dövlət qayğısından yararlanan təsərrüfat sahiblərindən biri də Babək qəsəbəsində yaşayan Cəsarət Cəfərovdur. Sahibkarla öz təsərrüfatında görüşüb söhbət etdik. İlk söhbətimiz onunla tanışlıqdan başladı. Müsahibimizin dediklərindən:
– 42 yaşındayam, ailəmizin 6 nəfər üzvü var. Uzun illərdir, aztəminatlı ailə kimi dövlətimiz tərəfindən hər ay sosial yardımla təmin olunurduq. Eşidəndə ki, bizim kimi ailələrə fərdi təsərrüfat yaratmaq üçün yardım ediləcək, çox sevindim. Bildirmək istərdim ki, bizim ailə ata-babadan təsərrüfatla, xüsusilə heyvandarlıqla məşğul olub. Uzun illər mal-qara saxlamışıq. Yəni bu sahə bizim üçün yad deyil, müəyyən təcrübəmiz var. Müvafiq qurumlardan öyrənəndə ki, ailəmiz də belə dövlət dəstəyindən yararlanacaq, qeyd etdiyim kimi, çox sevindik. “Simmental” cins inəklər haqqında məlumatımız vardı. Bilirdik ki, həm ətlik, həm də südlük baxımından yerli cinsdən olan iribuynuzlu heyvanlardan fərqlənir, məhsuldarlığı yüksəkdir. Əlavə olaraq, cins mal-qara veriləcək təsərrüfat sahiblərinin müvafiq kurslara cəlb olunması bizi daha da ruhlandırdı. Birhəftəlik kurs müddətində biz aidiyyəti təsərrüfatlarda olduq, təcrübəli baytarlar öz biliklərini bizimlə bölüşdülər. Bu isə bizim “Simmental” cins inəklər haqqında daha ətraflı məlumatlar almağımıza səbəb oldu. Bununla yanaşı, müvafiq qurumların nümayəndələri tərəfindən mal-qara saxlanılan tövlələrə də baxış oldu, heyvanın saxlanacağı şəraitlə bağlı müəyyən tövsiyələr aldıq. Nəhayət, iyun ayının 14-də ailəmizə verilən cins mal-qara ilə təsərrüfatımızın əsasını qoyduq.
– Növbəti hədəfləriniz nə olacaq? – sualımıza isə sahibkar belə cavab verdi:
– Əlbəttə, hər bir işdə hədəf olmalıdır. Onu deməliyəm ki, dəyəri min manatlarla ölçülən bu mal-qaranın bizə verilməsində əsas məqsəd ailə üzvlərimizin məşğulluğudursa, digər tərəfdən bu cinsdən olan heyvanların sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasıdır. Atalarımız həmişə deyərmişlər ki, bir sağmal inək bir ailənin dolanışığını təmin edir. Buna görə də çalışacağıq ki, əvvəlcə heyvanın baş sayını artıraq. Bunun üçün lazımi imkanlarımız var, həyətyanı sahəmiz və ayrıca yem ehtiyatı üçün torpaq sahəmiz mövcuddur. Ailə üzvlərimizin də bu işə marağı böyükdür. Ümid edirəm ki, təsərrüfatımızı genişləndirməyi bacaracağıq. Yeri düşmüşkən, bu işə başlayandan, sağ olsunlar, aidiyyəti dövlət orqanlarının nümayəndələri işimizlə mütəmadi maraqlanırlar, lazımi köməkliklər edə biləcəklərini deyirlər. Hamısından razıyıq, bu işdə zəhməti olanların hər birinə öz minnətdarlığımızı bildiririk. Qəzetiniz vasitəsilə demək istəyirəm ki, dövlətimizin bizə göstərdiyi bu qayğıya, dəstəyə əməli işimizlə cavab vermək üçün səylə çalışacağıq.
Sahibkar Cəsarət Cəfərova işində uğurlar arzulayıb təsərrüfatdan ayrılırıq.
Qeyd etmək lazımdır ki, bu gün muxtar respublikamızda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi addımlar atılır, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələri mənzillərlə, avtomobillərlə təmin olunur. Bütün bunlar, ölkə başçısının da dəfələrlə öz çıxışlarında dediyi kimi, aparılan siyasətin sosialyönümlü olduğunun göstəricisidir. Muxtar respublikamızda aztəminatlı ailələrə öz təsərrüfatlarını yaratmaq üçün belə dəstəyin göstərilməsi isə həyata keçirilən sosial siyasətin mahiyyətini bir daha təsdiq edir.
Səbuhi HƏSƏNOV