23 Dekabr 2024, Bazar ertəsi

Böyük satirik, ədib Cəlil Məmmədquluzadənin yaşadığı dövrdən uzun müddət keçsə də, əsərlərində əks olunan məsələlərin bəziləri günümüzdə də aktualdır. Görkəmli dramaturq öz əsərlərində cəmiyyət həyatında baş verən eybəcərlikləri üzə çıxarır, avamlığı, geriliyi, cahilliyi, savadsızlığı tənqid edir. Onun bu mövzuda qələmə aldığı əsərlərindən biri də “Saqqallı uşaq” hekayəsidir.
Hekayənin qəhrəmanı Kəblə Əzim nisyə verdiyi südün və yumurtanın hesabını itirməmək üçün divara inək, onun yanında yumurta şəkli çəkir. Kəblə Əzim savadsız adam olduğu üçün bu şəkilləri divara çəkirdi ki, nisyə verdiyi südün, yumurtanın pulu yadından çıxmasın. Neyləsin, yazıq kişi yazı bilmirdi, pozu bilmirdi. O dövrdən çox vaxt keçsə də, bu gün də Kəblə Əzimlər vardır. Nəzərə alsaq ki, o dövrün yaşayış şəraiti indiki qədər yaxşı deyildi, üstəlik, elm, təhsil yüksək dərəcədə inkişaf etməmişdi, onda Kəblə Əzimə haqq qazandırmaq olar. Bəs, görəsən, necə olur ki, bu gün də Kəblə Əzim kimiləri peyda olur?..
Bu gün muxtar respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Yeni-yeni yaşayış binaları inşa olunur, köhnə binalar yenidən təmir edilir. Ötən dövr ərzində Naxçıvan şəhəri də daxil olmaqla, digər rayon mərkəzlərində də yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib.

Ancaq yeni təmir olunan binanın istifadəyə verilməsindən bir ay keçmir ki, divarlarını internet saytlarının adları, lazımsız sözlər “bəzəyir”. Etiraf edək ki, bugünkü uşaqlar Kəblə Əzim babalarından çox-çox qabağa gediblər. Elə ona görədir ki, Kəblə Əzimdən fərqli olaraq bugünkü uşaqlar binaların divarlarına heyvan, yumurta şəkli, onun da yanında nəyəsə oxşayan bir əşya-zad çəkmirlər. İndi internet dövrüdür. Ona görə də divarlarda ən çox internetlə bağlı məlumatlar “gözümüzü oxşayır”.
Naxçıvan Şəhər I saylı Mənzil İstismar İdarəsinin müdiri İsa Məhərrəmovla söhbət zamanı bildirdi ki, rəhbərlik etdiyi idarə 51 çoxmərtəbəli və 11 birmərtəbəli olmaqla, ümumilikdə, 62 yaşayış binasına nəzarət edir. Gündəlik olaraq idarənin işçiləri həmin binaların təmizliyini yoxlayır, kommunal xətlərdə yaranan çətinlikləri tez bir zamanda aradan qaldırmağa çalışırlar. Ancaq son vaxtlarda daha bir məsələ üçün vaxt itirməyə məcbur olurlar. Bəzi insanlar hara gəldi internet resurslarının, saytların adını, müxtəlif mesajlar, reklam xarakterli elanlar yazırlar. Acınacaqlı mənzərə həm də ondan ibarətdir ki, təzəcə təmirdən çıxmış binaların divarlarına da belə bənzər yazılar yazılır. Ancaq bu neqativ hala qarşı bir və ya bir neçə idarə tərəfindən tam nəzarət etmək mümkün deyil. Bu işdə ictimaiyyət nümayəndələri böyük rol oynaya bilərlər.
Bəli, bu gün bu problem var və çox təəssüflər olsun ki, binaların bu şəkildə korlanması halları davam edir. Bununla həm insanların estetik zövqü korlanır, həm də uşaqların tərbiyəsinə xələl gətirən halların yayılmasına şərait yaranır. Bu problemi yaradan şəxslər dərk etməlidirlər ki, yazını yazı taxtasına yazarlar, bina divarına yox.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR