Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda fondun yerli orqanlarının pensiyaların təyinatı və fərdi uçotun təşkili sektorlarının işçilərinin iştirakı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi ilə əlaqədar seminar keçirilib.
Seminarı fondun sədri Əli Quliyev açaraq qeyd edib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş yeni dəyişikliklər ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsinə xidmət edir.
Tədbirdə fondun aparatının Pensiya şöbəsinin müdiri Hikmət İsmayılov pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, fondun yerli orqanlarının pensiyaların təyinatı və fərdi uçotun təşkili sektorlarının işçilərinə qarşıda duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər barədə məlumat verib. Tədbirdə əsas məqsəd “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il martın 6-da imzaladığı 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanının icrası ilə bağlı fondun yerli orqanlarının pensiyaların təyinatı və fərdi uçotun təşkili sektorlarının işçilərinə müvafiq tapşırıq və izahatların verilməsi, həmçinin qanunvericiliyin tələbinə əsasən 1 iyul 2017-ci il tarixə kimi pensiya alanların pensiyalarının məbləğlərinin şərti çevrilməsi və sığortaolunanların 1 iyul 2017-ci il tarixə fərdi şəxsi hesablarında olan pensiya kapitalının qanunun tələblərinə müvafiq qaydada yenidən hesablanması olub.
Seminarda iştirakçıların sualları cavablandırılıb, onlara ətraflı izahatlar verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti