Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi muxtar respublikada həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Son 17 ilin statistikasına nəzər salsaq, bu sahədə böyük uğurlar qazanıldığının şahidi olarıq. Bəhs edilən dövrdə muxtar respublikada məqsədyönlü tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmış, özünüməşğulluğun intensivləşməsi dəstəklənmiş, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması ciddi təşviq olunmuşdur. Bu da son nəticədə əmək bazarında münasibətləri xeyli yaxşılaşdırmağa imkan yaratmışdır.
Həyata keçirilmiş belə tədbirlər cari ilin ilk 4 ayında da davam etdirilmişdir. Belə ki, bu dövrdə də işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılmış, muxtar respublika məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının keçirilməsinə ciddi önəm verilmiş, rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən 943 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur. Onların 341 nəfəri yeni iş yerini əmək yarmarkaları vasitəsilə əldə etmişdir.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün yaradılmış Əmək birjası sektorunun fəaliyyəti gücləndirilmiş, ilin ilk 4 ayı ərzində sektora müraciət edən 114 nəfər müvəqqəti işə göndərilmişdir.
Gənclərin meyil və maraqlarını inkişaf etdirmək, peşəyönümü işini təkmilləşdirmək diqqət mərkəzində saxlanılmış, 101 nəfər peşə hazırlığına cəlb olunmuşdur.
Bəhs olunan dövrdə 80 nəfər ictimai işlərə göndərilmişdir.
Xəbərlər şöbəsi