23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunun Çənnəb Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin qadınların maarifləndirilməsindəki rolundan danışıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Məhz elə buna görə sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülüb, son illər Ailə Məcəlləsinə zəruri dəyişikliklər olunub, həmçinin qadını, eləcə də yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Pro­qramı” təsdiq edilib. Ailə qanunvericiliyi muxtar respublikadakı ailə­lərdə münasibətlərin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının qorunmasını müəyyən edib.

Cəmiyyətdə erkən nikah hallarının yolverilməzliyi və qanqohumluğu nikahları bağlanarkən müvafiq tibbi müayinədən keçmənin vacibliyini vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, lazımi tədbirlər görülmədikdə ailələrdə sağlamlıq imkanları məhdud uşaqlar doğulur. Komitənin apardığı təhlillərə görə, muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların 8,5 faizi və ya 172-si Ordubad rayonunda yaşayır. Bu da rayon üzrə uşaqların 0,97 faizini təşkil edir. Rayon üzrə 119 anadangəlmə sağlamlıq imkanları məhdud uşaqlardan 19-u uşaq serebral iflici, 12-si bud çıxığı, 12-si əqli zəiflik, 9-u daun, 8-i lal-kar, 7-si doğuş travmasının qalığı xəstəliklərindən əziyyət çəkir. Sonradan sağlamlıq imkanları məhdud olmuş 53 uşaqda isə əsas xəstə­liklər şəkərli diabet, ürək qüsuru və sair xəstəliklərdir.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək reproduktiv sağlamlıq, həmçinin Ordubad rayonu üzrə anadangəlmə sağlamlıq imkanları məhdud uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərin yaranma səbəbləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, onlara maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR