Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Ötən illər ərzində görülən ekoloji tədbirlər çərçivəsində 14 min hektardan çox sahədə yaşıllaşdırma işləri aparılıb. Nəticədə, yaşıllıqların sahəsi 10 dəfədən çox artıb.
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülüb, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişləndirilib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı fəaliyyətə başlayıb. Bütün bunlar təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaradıb, insanlar arasında təbiətə, fauna və floraya diqqəti daha da artırıb.
Dünyanı bürüyən ekoloji problemlər bu gün də bütün bəşəriyyəti narahat etməkdədir və bu da təbiidir. Həyatımız, sağlamlığımız üçün vacib olan saf ekoloji mühit yaratmaq artıq hər bir insanın qarşısına mühüm vəzifələr qoyur. Həmin vəzifələri yerinə yetirmək üçün əhalinin bu istiqamətdə maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir. Ekoloji maariflənmə əvvəlcə ailədən başlanır, sonra uşaq bağçasında davam etdirilir, məktəbdə formalaşdırılır. İlkin mərhələlərdə uşağa təbiətin həyatımızdakı rolu, onu qorumağın və zənginləşdirməyin vacibliyi aşılanır. Artıq birinci sinfə yenicə gələn balaca uşaq məktəbdaxili nizam-intizam qaydalarını qorumaqla sinfin, məktəbin, məhəllənin ekologiyasını qorumağın gərəkli olması barədə ilkin bilgiləri öyrənir.
Şagirdlərin ekoloji cəhətdən maariflənməsində ekoloji tərbiyə verən məktəbdənkənar müəssisələrin rolu danılmazdır. Muxtar respublikamızda adıçəkilən müəssisələrə bu mühüm vəzifənin yerinə yetirilməsində hərtərəfli şərait yaradılıb, istiqamətlər müəyyənləşdirilib. Babək Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi də öz işini bu istiqamətdə qurub. Mərkəz fəaliyyətini tərtib olunmuş proqram əsasında həyata keçirir. Bu proqram ərazimizin ekoloji xüsusiyyətlərini özündə əks etdirməklə hazırlanıb. Həmin proqramla həm nəzəri, həm də təcrübi məşğələlər səmərəli təşkil olunur, məktəblilərin ekoloji tərbiyəsinin düzgün formalaşdırılıb gücləndirilməsinə xüsusi diqqət yetirilir. Diyarımızın təbiətinin, yeraltı və yerüstü sərvətlərinin məktəblilərə öyrədilməsində “Atmosfer və flora”, “Fauna və ekologiya”, “Əhali və ətraf mühit” adı ilə fəaliyyət göstərən dərnəklər mühüm rol oynayır. Dərnək məşğələlərində ekologiyamızın əsasını təşkil edən flora və faunamız haqda ətraflı məlumat verilir, belə sərvətlərimizin qorunmasının əhəmiyyəti vurğulanır.
Bununla birlikdə mərkəz yay aylarında məktəblilərin yaxın ərazilərdə yerləşən qoruqlara ekskursiyalarını təşkil edir, bu ekskursiyalar zamanı şagirdlər orada bitən dərman bitkilərini toplayır və herbarilər düzəldirlər. Mərkəzdə bir neçə adda təşkil olunmuş sərgilər də ətraf mühitin, ekologiyamızın qorunması məqsədi daşıyır. Bu sərgilər şagirdlərin özləri tərəfindən hazırlanır.
Ekologiyanın qorunması bu gün muxtar respublikamızda ümumxalq işinə çevrilib. Sevindirici haldır ki, bu gün bu istiqamətdə həyata keçirilən tədbirlərdə məktəblilər də yaxından iştirak edir, saf ekoloji mühit yaradılmasına töhfələrini verirlər.
Ramiz Babayev