23 Dekabr 2024, Bazar ertəsi

Bu gün ölkəmizdə uşaqlar dünyanın ən şirin varlıqları kimi xüsusi qayğı görür, nağıllardakı saraylara bənzəyən bağçalara, məktəblərə gedir, hər cür şəraitlə təmin olunmuş yaradıcılıq mərkəzlərində vaxtlarını şən və qayğısız keçirir, incəsənətin və idmanın müxtəlif növləri ilə məşğul olur, ən müasir səhiyyə ocaqlarında müayinə olunur, müalicə alır, cəmiyyətə faydalı, vətənpərvər bir şəxsiyyət kimi formalaşırlar. Uşaqların dünyaya pəncərəsi sayılan bağçalarda bu gün onların hərtərəfli böyüməsi, təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması məqsədilə lazımi şərait yaradılıb.

 Əvvəllər necə idi?

Təbii ki, bunu sovet dövründə, eləcə də ötən əsrin 90-cı illərinin əvvəllərində belə müəssisələrdə çalışmış insanlar və uşaqlarını bu məkanlara etibar etmiş valideynlər daha yaxşı bilər.
O dövrdə uşaq bağçasına iki övladını əmanət etmiş valideynlərdən Naxçıvan şəhər sakini, təqaüdçü müəllim Solmaz Rzayevanın yaddaşında qalanlardan: “Övladlarımın hər ikisini səhər bağçaya aparanda çox zaman müşküllə üzləşmişəm. Demək olar ki, hər gün uşaqların əlindən tutub zorla yayda isti, qışda soyuq bağçaya aparmaq məcburiyyətində qaldığımdan, çox zaman orada səsimi də çıxara bilmirdim ki, birdən uşaqları incidərlər. Ancaq mənə uşaqları bağçadan uzaqlaşdıran səbəblər çoxdan məlum idi; bağçalardakı şəraitsizlik, qeyri-peşəkar tərbiyəçilər, diqqətsizlik, etinasızlıq. İşə gedən valideyn kimi uşaqlarımın etibarlı bir yerdə olmasını istəyirdim. Ancaq köhnə, uçuq-sökük binası olan bağçada bu zəmanəti kim verə bilərdi ki? Uşaqlarımın yaxşı qidalanmasını, təmiz, isti otaqlarda yatızdırılmasını tələb etməyin heç yeri də yox idi. Bəzən uşaqlar bağçadan qayıdanda elə ac olurdular ki, bu vəziyyəti görəndə onları bağçaya göndərdiyim üçün özümü qınayırdım. Təbii ki, bunlar mənim kimi bütün valideynləri narahat edirdi. Ancaq indi hər şey yaxşıya doğru tam dəyişilib. Nəvəm Əlini Naxçıvan şəhərindəki 7 nömrəli bağçaya aparıram. Hər tərəfi gül kimi təmiz, kollektivi gülərüz bağçalarda uşaqları rəngbərəng oyuncaqlarla oynayan görəndə ürəyim dağa dönür. Ancaq istər-istəməz o günlər də yada düşür, öz-özümə, – kaş ki mən də o vaxtlar övladlarımı belə şəraiti olan məkanlara əmanət edə biləydim, deyirəm”.

O illərdə uşaq bağçalarındakı yarıtmaz şəraitin daha bir şahidi olan şəhər sakinlərindən İradə Əliyeva isə deyir ki, uzun müddət memar kimi fəaliyyət göstərib. Uşağının bağçada cəmiyyətə hazırlanması, məktəbəqədər hazırlıq kursu keçməsi, digər uşaqlardan fərqli xüsusiyyətinin nə olduğunun, istedadının ortaya çıxarılması ən böyük arzusu olub. Ancaq o illərdə uşaqların istedadının üzə çıxarılması üçün heç bir səy göstərilmədiyindən bu arzusu, necə deyərlər, elə arzu olaraq da qalıb, reallaşmasına nə imkan olub, nə də məktəbəqədər müəssisələrdə çalışanların həvəsi və bacarığı: “Övladımın 3 yaşı olanda düşündüm ki, artıq onun min bir nazını çəkən nənə-babasından ayırıb bağçaya qoymaq vaxtıdır. Təbii ki, onun gələcəyi ilə bağlı min bir xəyal quraraq, öz aləmimdə xeyli araşdırmadan sonra bir bağça düşünmüşdüm. Ancaq oğlumun qismətinə bütün həmyaşıdları kimi bərbad və tozlu-torpaqlı həyəti, kirli döşəməsi, neft qoxusu verən otaqları olan bir bağça düşdü. Bu bağçada tibbi xidmətdən söhbət belə, gedə bilməzdi. Yaxşı yadımdadır, hansısa bir xəstəxanadan gəlib uşaqları peyvənd etmişdilər, bir iynədən bütün uşaqların peyvəndlənməsində istifadə olunmuşdu. Həmin vaxt oğlum uzun müddət xəstəlikdən əziyyət çəkdi”.
Bəli, o dövrdə uşaqlarını bağçalara əmanət edən valideynlərin əksəriyyəti ilə söhbət zamanı, dünənki şəraitlə bugünkü mövcud vəziyyəti müqayisə edəndə maraqlı mənzərə ortaya çıxır. Bu baxımdan daha bir həmsöhbətim, hazırda təqaüddə olan Aytən Rüstəm­ovanın xatirələri çox maraqlıdır: “Övladımı yüz xahiş-minnətlə uşaq bağçasına yazdırıb, ertəsi gün oraya aparanda 4 yaşı olmasına baxmayaraq, onu 5 yaşlılar, yəni məktəbəhazırlıq qrupuna apardılar. Fikirləşdim ki, uşaq özündən böyüklərlə bacarmayacaq. Az sonra məlum oldu ki, həmin qrupda 2, hətta 1 yaşlarında uşaqlar da var. Sən demə, müəllimin və ya texniki işçinin tanışı olan valideynlər uşaqları hansı qrupa istəsələr, yazdıra bilirlərmiş. Bağçada musiqi dərsləri verilsə də, bu dərslərdə iştirak edə bilməyən, ancaq bunu çox istəyən uşaqların narahatlığı musiqi müəllimini qətiyyən narahat etmir, onların bu dərslərə cəlb edilməsi üçün hər hansı bir səy göstərmirdi. Hərdənbir evə bir bənd şeir verib, səhəri gün onu əzbər söyləməyi tələb edirdilər, bunu elə oradaca öyrətmək üçün isə hər hansı bir iş görülmürdü. Belə olan halda uşağın həyata hazırlığı, psixoloji inkişafı məsələsindən heç danışmağa dəyməzdi. Bu cəhətdən vəziyyət olduqca pis idi. Övladımın getdiyi bağçanın binası rütubətli idi, hətta yağış yağanda damırdı. Bütün bunlardan bezib, uşağı bağçaya aparmadım. Ancaq indi bütün bu cür hallar aradan qaldırılıb. Nəvələrim evimiz qədər etibar etdiyimiz müasir bağçalara gedir. Hər bir uşağa valideyn qədər qayğı göstərilir, düzgün tərbiyə edilir. Bu da müstəqil dövlətimizin bu sahəyə diqqət və qayğısının nəticəsidir”.
Həmsöhbətlərimin xatirələri o qədər də ürəkaçan olmasa da, o dövrün uşaq bağçalarının mənzərəsini gözlərimin önünə gətirir, uşaqlıq çağları o dövrə təsadüf edənlərin hansı şəraitə malik olan bağçalarda tərbiyə edildiklərini təsəvvürümdə canlandırıram.


Və bu gün...

Bu gün vəziyyət tamamilə başqadır. Naxçıvan Muxtar Respublikası ərazisində hər cür şəraitə malik məktəbəqədər tərbiyə müəssisələrinin – uşaq bağçalarının sayı ilbəil artır. Bu bağçalarda körpə balalarımızın əvvəlcə həyata, yəni ətraf mühitə uyğunlaşmasına, potensiallarının tam üzə çıxarılmasına kömək edilir. Uşaqların orta məktəbə hazırlanmasına isə xüsusi diqqət yetirilir. Bu səbəbdəndir ki, son illərdə uşaq bağçalarına valideynləri tərəfindən əmanət edilən uşaqların sayı qat-qat artıb. Əsas səbəblərdən biri də budur ki, bu gün bağçalarda resurslar, kadrların səviyyəsi müasir dövrün tələblərinə cavab verir, bu müəssisələrin sosial funksiyaları əhatəli, maddi-texniki bazası güclü, pro­qramlar tamamilə müasirdir. Tərbiyə prosesində ən müasir metodlardan və vəsaitlərdən istifadə edilir. Bu gün uşaqlar bağçada şəxsiyyət kimi formalaşır, hər bir uşağa fərdi psixologiyasına görə münasibət göstərilir. Məktəbəqədər müəssisələrdə çalışanların hazırlıq səviyyəsi müasir tələblərə cavab verir, bu sahədə yeni texnologiyalar tətbiq olunur, müəllim və tərbiyəçilər kurslara cəlb edilir, müasir metodikanı mənimsəmiş kadrlar uşaqlarla məşğul olur. Uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirilir. Müxtəlif yaş qruplarından olan uşaqlarla metodik işin aparılmasına, pedaqoji sahədə olan nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə edilməsinə xüsusi önəm verilir. Bununla yanaşı, tərbiyəçilərin pedaqoji iş qabiliyyətinin yüksəldilməsi, əyani vasitələrdən və yeni interaktiv təlim metodlarından istifadə, eləcə də uşaqların sağlamlığı və qidalanması da daim nəzarətdə saxlanılır.
Ən sərfəli sərmayə uşaqların təhsilinə, gələcəyinə qoyulan sərmayə hesab edilir. Bu baxımdan muxtar respublikada uşaqlara göstərilən qayğı özünəməxsus çalarları ilə seçilir, onların layiqli vətəndaş kimi formalaşdırılması, hər cür qayğı ilə əhatə olunması dövlətin başlıca sosial vəzifəsi kimi qiymətləndirilir. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Məktəbəqədəryaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi üçün zəruri şəraitin yaradılması pri­oritet istiqamətlər sırasındadır. Son illər muxtar respublikada tikilən, yaxud yenidən qurulan məktəbəqədər təhsil müəssisələrində müasir şərait yaradılıb, bağçalarda qrup, yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, metodist və tibb otaqları, dərzi və camaşırxana otaqları, idman və əyləncə qurğuları istifadəyə verilib.
Həyata keçirilən tədbirlər sırasında uşaqların qidalanması sahəsində görülən işlər xüsusi yer tutur. Bu gün valideynlərin əsas razılıq etdikləri məsələlərdən biri də uşaq bağçalarında düzgün qidalanmaya üstünlük verilməsidir. Günün rejim qaydalarına uyğun olaraq uşaqların sağlam böyüməsinə kömək edən qidaların menyuya əlavə edilməsi, xüsusilə Naxçıvanda istehsal olunan ekoloji təmiz ərzaq məhsullarından istifadə valideynlərin uzun illər bu sahədə üzləşdikləri çətinliklərə son qoyub.
Bu gün uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi yetişdirilən uşaqlar gələcəkdə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Çünki onlara təkcə təhsil və tərbiyə verilmir, həm də uşaqlar milli dəyərlərimizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunur, vətənpərvər böyüdülür.

Uşaqların effektiv məktəbəqədər təhsil alması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Uzun illər məktəbəqədər müəssisədə müəllim işləmiş Adilə Əlimərdanovanın dediklərindən: “Valideynlər çətinlik çəkmədən müxtəlif fəaliyyət sahələrində çalışırlar. Xüsusən də məktəbəqədər təhsil qadınların məşğulluq göstəricilərinə müsbət təsir edir. Bu da gənc ailələrin sosial rifahının yüksəlməsinə şərait yaradır. Tikilən uşaq bağçaları, açığını deyim ki, öz müasir görünüşü və təminatı ilə əvvəllər bizim oxuduğumuz ali məktəblərdən də öndədir. Bilirsiniz, bütün bunların bir səbəbi var. O da ulu öndərimizin yolunun uğurla davam etdirilməsidir. Dahi rəhbərimiz gələcəyimiz olan uşaqlara daim qayğı göstərirdi. Bu gün də o siyasət davam etdirilir. Valideyn olaraq sevinirik ki, gələcəyimiz olan uşaqlar dövlətimizin himayəsi altındadır”.
Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçasına övladını əmanət edən şəhər sakini Sona Əliyevanın dedik­lərindən: “Ötən il həyat yoldaşım ilə qızım İlkanəni bağçaya aparmaq qərarına gəldik və mən həmin günün sabahı bağçanın müdiriyyətinə müraciət etdim. Elə o gün mən müsbət cavab aldım və müvafiq sənədləri hazırlayaraq təqdim etdim. Bir gün sonra isə qızımı bağçaya apardım, oradakı şəraitlə də tanış oldum. Hər bir otağın incə bir zövqlə işlənməsi məni valeh etdi. Sözün düzü, bir-iki gün müddətində qızım bağçaya getməyə çətinlik çəksə də, sonradan oradakı şərait, müəllimlərin gülər üzü onu bu məkana alışdırdı. Artıq bir ildir ki, övladımı bu bağçaya əmanət etmişəm və bu, mənim və həyat yoldaşımın işini xeyli asanlaşdırıb. Həm rahat işimizə gedirik, həm də övladımın düzgün qidalanması, istirahət rejimi baxımından tam arxayın oluruq. Onu da deyim ki, bu bağçada əsl ev şəraiti yaradılıb, bir-birindən dadlı yeməklərlə uşaqlar qidalanır, qışda isti otaqlarda, tərtəmiz yataqda yatırlar. Övladımın sağlamlığından da tam əminəm. Çünki bağçada mütəmadi olaraq uşaqlar tibbi müayinədən keçirilir. Buna görə dövlətimizə, biz valideynlər üçün bu şəraiti yaradanlara minnətdaram”.
Bu gün muxtar respublikada valideynləri işləyən, xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən və sağlamlıq imkanları məhdud uşaqların bağçalara üz tutması xüsusilə qeyd olunmalıdır. Bu, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların erkən yaşlarında cəmiyyətə inteqrasiyasını təmin edir, onların ailələrinə mənəvi dayaq olur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailə­lərə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır”.
Ölkəmizin inkişafında özünəməxsus yeri olan qədim diyarımızda görülən işlər öz müasirliyi, mədəni irsə bağlılığı, adət-ənənələrin qorunub saxlanılması baxımından həmişə fərqlənib. Bu tendensiya uşaqlara olan münasibətdə də özünü göstərir.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR