Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı ardıcıl tədbirlər görülür.
Cari ilin ötən ayında aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 260 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 5 nəfər xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuş, 12 nəfər ixtisasartırma kursuna cəlb edilmişdir. İşlə təmin edilənlərdən 1-i hərbi xidmətdən tərxis olunan gənc, 7-si məhdud fiziki imkanlı, 9-u isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşələr üzrə kurslar təşkil olunmuşdur. “Dayə” peşəsi üzrə kursu 17, “Qazanxana maşinisti” peşəsi üzrə kursu 21 nəfər bitirmişdir. Hazırda “Bərbər-manikürçü” və “Bərbər” peşələri üzrə kurslar davam etdirilir. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 32 obyektdə nəzarət tədbirləri aparılmışdır.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Reabilitasiya təlimlərinə 114 uşaq cəlb olunmuşdur. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslərin keçilməsi davam etdirilmişdir. Müvafiq dövrdə Şahbuz rayonunun Sələsüz kəndində yaşayan sağlamlıq imkanları məhdud 1 uşaq distant təhsilə cəlb edilmiş, “Könül işığı” brayl jurnalının növbəti nömrəsi audiokitabxananın kataloquna daxil edilmişdir. Tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 246 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 14 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir və sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi boccia idman növü üzrə yarış keçirilmişdir. Yarışda sağlamlıq imkanları məhdud 12 uşaq 2 yaş qrupu üzrə mübarizə aparmışdır. Ahıllar Evində isə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmiş, qadın sakinlərə bayram hədiyyələri təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə Babək rayonunun Hacıvar və Sirab kəndlərində yaşayan iki aztəminatlı ailənin üzvləri tibbi müayinədən keçirilərək onlara ərzaq payı və geyim dəstləri verilmişdir. Novruz bayramı münasibətilə də Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilmişdir.
Martın 16-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud 30 uşağın iştirakı ilə səməni müsabiqəsi və bayram şənliyi təşkil olunmuşdur. Tədbirdə Naxçıvan Dövlət Uşaq Teatrının sağlamlıq imkanları məhdud uşaqlarla birlikdə hazırladığı tamaşadan səhnəciklər göstərilib. Muxtar respublikada ötən ay Ümumdünya Daun Sindromlu İnsanlar Günü də qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın müəyyənləşdirdiyi vəzifələr icra olunur. Dövlət proqramının icrasına uyğun olaraq martın 31-də Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib. Keçirilən tədbirdə Ordubad Şəhər M.Füzuli adına tam orta internat məktəbində və Ordubad rayonu üzrə ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti