Sağlamlıq imkanları məhdud uşaqlar arasında “Səməni” müsabiqəsi
və bayram tədbiri keçirilib
Novruz bayramının atributlarından biri də səmənidir. Səməni bərəkət nişanəsi kimi xalqımızın düşüncəsində mühüm yer tutur. İnsanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olunan səməni təbiətin oyanışını və gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunan saatda bayram süfrəsinə qoyulması məhz təbiətin canlanmasından xəbər verir. Həmçinin o, məhsuldarlıq, bolluq rəmzi kimi başa düşülür.
Azərbaycanda erkən dövrlərdən evlərdə səməni cücərtmək adət olub. Bu adət-ənənəyə görə, buğda, arpa, mərci, noxud və sair islağa qoyulub cücərdilərdi. Səməni hər il mart ayında, əsasən, ilk iki çərşənbədən sonra, Novruz bayramı ərəfəsində göyərdilir. Bu adət hər ilin əvvəlində, yəni yazda icra olunur.
Qədim Azərbaycanda “həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilir. Xalqımız səmənini yazın başlanması, təbiətin “dirilməsi” simvolu olmaq mənasında “həyat və əbədiyyət” çiçəyi adlandırıb, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi “xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad edib. Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur. Səməni həm də nəsilartırma, müqəddəslik rəmzidir. Səməni həlimi, suyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Novruz bayramı süfrəsinə qoymaq üçün “Səməni” halvası bişirilir. Keçmişdə səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edirdi. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılırdı. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə sındırılmış fındıq salırdılar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxırdı.
Artıq qatılaşmağa üz qoyan səməni qaynamağa başlayanda dənəciklər atır ki, buna səməninin fındıq atması deyirlər. Bu zaman səməni bişirən adam ona fındıq, yaxud badam salır. Mərasim də bu zaman başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı gedib oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam
Səməni bezanə gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Səməniyə həsr olunmuş Azərbaycanın milli rəqsi də mövcuddur. “Səməni” ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. “Səməni”ni yalnız qadınlar və qızlar oynayırlar.
Səməninin müqəddəsliyi isə bütün bu deyilənlərlə bağlıdır və yazın gəlişini ifadə etdiyinə, bolluq-bərəkət rəmzi olduğuna, müalicəvi xüsusiyyətlərinə işarədir. Ona görə də səməninin saxlama müddəti başa çatdıqda, yəni artıq qurumağa, saralmağa başladıqda onu zibil qutusuna, natəmiz və başqa yerlərə atmaq günah sayılır. Bu müqəddəslik, bərəkət rəmzi ancaq axar suya atılmalıdır, çünki su təmizlik, saflıq, yaşamaq rəmzidir.
Martın 16-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən səməni müsabiqəsi və bayram şənliyində bu barədə ətraflı danışılıb.
Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməkdən və istedadlarını aşkara çıxarmaqdan ibarət olub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndələrinin çıxışları və təbrikləri dinlənilən tədbirdə sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Sonra tədbirin bədii hissəsi başlanılıb. Bədii hissədə Naxçıvan Dövlət Uşaq Teatrının sağlamlıq imkanları məhdud uşaqlar ilə birlikdə hazırladığı tamaşadan kiçik səhnələr göstərilib.
Sonda münsiflər heyəti tərəfindən ən yaxşı dekorativ mövzuda səməni yetişdirən qaliblər seçilib. Müsabiqənin nəticəsinə görə, qaliblərə hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.
Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, adıçəkilən tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın icrası çərçivəsində keçirilib.
Muxtar Məmmədov