Hər hansı gözlənilməz hadisə səbəbindən insana dəymiş zərərlərin əvəzinin qaytarılmasına imkan verən sığorta cəmiyyətin inkişaf göstəricilərindən biridir. Müxtəlif istehsal yerlərində görülən işlər zamanı istehsalın təhlükəsizliyinin artırılmasına baxmayaraq, baş verə biləcək gözlənilməz bədbəxt hadisələr insanlara xeyli zərər vurur. Cansağlığının və ya əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən hallarda göstərilən maddi kömək bu zaman çox dəyərlidir. Əgər vaxtında bağlanılmış sığorta müqaviləsi varsa, zərərçəkmiş insanın həyatına, sağlamlığına və əmək qabiliyyətinə dəyən zərərlərin əvəzi ödənilir.
Göründüyü kimi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortanın icbari qaydada tətbiqi onun ictimai zərurətindən irəli gəlir. Çünki bu sığorta növü, son nəticədə, hər bir insana və onun ailəsinin sosial müdafiəsinə xidmət edir. Belə ki, hər kəsin öz sağlamlığına verdiyi dəyər qədər dövlətimiz üçün də hər bir vətəndaşın sağlamlığının qorunması ən mühüm vəzifələrdən biridir. Bununla yanaşı, istehsalatda bəzən qaçınılması mümkün olmayan hadisələr yaranır, insanların həyat və sağlamlığına zərər dəyir. Buna görə də istehsalatda baş verən müxtəlif bədbəxt hadisələr, habelə peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı hər bir işçinin gələcəyinin zəmanəti kimi də qiymətləndirmək lazımdır.
Bu sığorta növü ölkəmizdə 2010-cu il mayın 11-də qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Bu qanuna əsasən aparılan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığortaolunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. İş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatında bu ödənişlərin mühüm əhəmiyyəti vardır.
Qanuna əsasən, bu sığorta növündə sığortaçı, sığortalı, sığortaolunan və digər faydalanan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilib. Belə ki, işəgötürən kimi hüquqi və ya fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi və ya mülki-hüquq müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında çalışanlar, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta icbari qaydada tətbiq edilməlidir. Bundan əlavə, həmin qanuna görə istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar.
Bu sığorta növündə zərərçəkənlərə verilən ödənişlər isə xeyrinə icbari sığorta müqaviləsi bağlanılmış şəxsin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları zamanı həyata keçirilir. Bağlanmış müqaviləyə əsasən, sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə müəyyənləşdirilmiş zərər məbləği həddində sığorta ödənişi verilir.
Qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı sığortaçı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya ölüm halı baş verdikdə sığortaolunan və yaxud faydalanan şəxslər sığorta ödənişi almaqla maddi dəstək əldə edirlər. Bu zaman faydalanan şəxslər kimi istehsalatda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digər faydalanan insanlar nəzərdə tutulur.
Bu sığorta növü zamanı sığortahaqqına gəldikdə, bu, xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən olunmuş peşə riskinin dərəcəsindən və sığortaolunanların kateqoriyalarından asılı olaraq 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Hər bir işçi üçün iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsidir. İşəgötürən bu vəzifələri yerinə yetirməklə öz işçilərinin sosial müdafiəsini də təmin etmiş olur. Ona görə də bu sığortanın aparılması göstərilən hallarda əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maraq və mənafelərinin müdafiəsinə xidmət edir.
Ülviyyə Xəlilova
Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyinin
baş mütəxəssisi