Xalqımızın çoxəsrlik maddi və mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı hər il muxtar respublikada böyük təntənə ilə qeyd edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 13-də Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib.
Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və müvafiq rayonların icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı məhdud fiziki imkanlı insanların sosial müdafiəsinin təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, müxtəlif növ sosial xidmətlərin göstərilməsi, bayram günlərində onların iştirakı ilə tədbirlərin keçirilməsi davamlı dövlət qayğısının ifadəsidir.
Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə baş çəkilib, onlara bayram sovqatı və sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanan, Novruz bayramının əsas atributu olan səmənilər verilib. Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqatlar təqdim edilib.
Babək rayonunda keçirilən tədbirdə “İnam” musiqi qrupu tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti