Xəbər verdiyimiz kimi, 1-2 may tarixlərində Naxçıvan Muxtar Respublikası Azərbaycanda ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Paralimpiya İdman Festivalına ev sahibliyi edib. Festivalın gedişində beynəlxalq miqyasda tanınmış paralimpiyaçılar, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla görüşüb söhbət etmək, onların təəssüratlarını öyrənmək imkanı əldə etdik. Bu söhbətlərimizi oxucularımıza çatdırırıq:
İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti):
– Son bir neçə ildə Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Respublikamızda idman sahəsində əldə olunmuş nailiyyətlər, idmançılarımızın ən mötəbər beynəlxalq idman yarışlarında qazandığı uğurlar bu sahəyə göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində ölkəmizdə paralimpiya hərəkatının əsası qoyulub. İndi bu hərəkat fiziki imkanları məhdud olan yüzlərlə Azərbaycan vətəndaşının cəmiyyətə inteqrasiya olunmasına geniş imkanlar yaratmaqdadır. Azərbaycanda ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Paralimpiya İdman Festivalı əsl idman bayramı şəraitində keçdi. Burada Avropa və dünya çempionları, olimpiya yarışlarının qalibləri güclərini sınadılar. Əsas olan isə o idi ki, paralimpiyaçılarımız arasında dostluq əlaqələri quruldu, təcrübə mübadiləsi aparıldı, iştirakçılar Azərbaycanda gündən-günə genişlənən paralimpiya hərəkatının hansı nəticələr verdiyinin şahidi oldular. Bu festivalda Naxçıvandan olan paralimpiyaçılar da yaxşı nəticələr göstərdilər. Naxçıvandan olan paralimpiyaçıların yarışlarda uğurlu nəticələr əldə etməsi məşqçilərin və idmançıların öz işlərinə ciddi və məsuliyyətli yanaşmalarının təzahürüdür. Qarşıdan 2016-cı il XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunları gəlir. İdmançıların fiziki və metodik hazırlıqlarının mükəmməlləşməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi qarşıdakı müddət üçün plan hazırlayıb. Bu planın mərhələli şəkildə uğurla həyata keçməsi bizə 2016-cı il XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında daha böyük qələbələr qazanmağa zəmin yaradacaq.
İlham Zəkiyev (Cüdo üzrə iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu, Əməkdar idman ustası, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatçısı):
– Paralimpiya oyunlarını digər yarışlardan fərqləndirən cəhət bu yarışlarda idmançıdan daha da mübarizlik tələb olunmasıdır. Çünki kiçik bir ruh düşkünlüyü, zəiflik məğlubiyyətə səbəb ola bilər. Belə demək mümkünsə, paralimpiyaçı həm gündəlik həyatında, həm də yarışda mübarizə aparır. Mən də zəifliyə təslim olmaq yerinə mübarizəni seçmişəm və bu mübarizə mənə ancaq qələbə gətirir. Naxçıvana gəlişimin məqsədi fiziki imkanları məhdud insanlara hər zaman dayaq və dəstək olan, müstəqil Azərbaycanın hamisi, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Paralimpiya İdman Festivalında yarışan idmançıların yarışlarda yanında olmaq, muxtar respublikadan olan paralimpiyaçıların potensialı, burada idmançılar üçün yaradılan şəraitlə tanış olmaq idi. Onu da deyim ki, Naxçıvan və muxtar respublika idmansevərləri bizi çox istiqanlılıqla qarşıladılar. Əslim Göyçaydandır, hazırda Sumqayıtda yaşayıram. Mehriban insanlar, bir idmançı kimi mənə və yoldaşlarıma göstərilən ehtiram mənə öz evimdə olduğum hissini yaşatdı. Naxçıvan həmişə bütün sahələrdə öncül olub. Bilirik ki, Azərbaycanın dövlət müstəqilliyinin təməli Naxçıvanda qoyulub. Ölkədə baş verən əksər yeniliklərin Naxçıvandan başladığını etiraf etməliyik. Muxtar respublika idman sahəsində də böyük uğurlara imza atır. Azərbaycanda ilk Paralimpiya İdman Festivalı Naxçıvanda keçirildi. Burada olarkən öyrəndik ki, muxtar respublikada ulu öndərimizin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı keçirilib. Yaxın günlərdə yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnir başlayacaq. Bütün bunlar onu göstərir ki, Naxçıvan artıq bir idman mərkəzinə çevrilib. Burada beynəlxalq idman yarışlarının, festivalların keçirilməsi üçün müasir idman infrastrukturu yaradılıb. Paralimpiya İdman Festivalının təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm.
Məhərrəm Əliyev (Poverliftinq üzrə Azərbaycan paralimpiya yığmasının üzvü, bu idman növü üzrə Pekin və London Paralimpiya oyunlarının mükafatçısı, 2013-cü ildə Dubayda 33 dövlətin paralimpiyaçıları arasında keçirilən beynəlxalq turnirin qalibi):
– Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən bu festivalda iştirak etmək hər bir idmançı üçün böyük şərəfdir. Mən də bir idmançı kimi bu idman bayramında iştirak etməkdən böyük qürur duyuram. Bir də ona görə qürur hissi keçirirəm ki, doğulub boya-başa çatdığım Naxçıvan bu gün ən yüksək səviyyədə idman yarışlarına ev sahibliyi etmək imkanındadır. Burada paralimpiyaçılar üçün hər cür şərait yaradılıb. Fürsətdən istifadə edib fiziki imkanları məhdud hər bir insana üz tutub deyirəm ki, əngəl, məhdudiyyət hər bir insanın ruhunda ola bilər. Ancaq bu əngəlləri, bu məhdudiyyətləri aşmağın da yolları var. Bunlardan da biri idmanla məşğul olmaq, yeni-yeni insanlarla ünsiyyət qurmaq, bir sözlə, idman vasitəsilə cəmiyyətdən uzaqlaşmamaqdır. Bu festivalın təşkilatçılarına bütün paralimpiyaçılar adından minnətdarlığımı bildirirəm.
Səbuhi HÜSEYNOV