23 Dekabr 2024, Bazar ertəsi

 Hər bir insanın yaşaya biləcəyi ən gözəl duyğu valideyn olmaqdır. Sözsüz ki, hər bir valideyn övladı üçün hər şeyin ən gözəlini və yaxşısını istəyər. Uşağın sağlam inkişafı üçün ana və ata buna hazır olmalı, eləcə də uşaq tərbiyəsi üçün hər bir məlumatı bilməlidir. İlk əvvəl tərəflər ailə münasibətlərini dəyərləndirməli, ata-ana missiyasına hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. Təbii ki, körpənin dünyaya gəlməsi ilə birlikdə ailənin həyat tərzi dəyişilir ki, bu dəyişikliyin sağlam olması əhəmiyyətlidir. Unutmayaq ki, övladlarımızın şəxsiyyətlərini biz formalaşdırırıq. Necə deyərlər, uşağın şəxsiyyətinin təməlləri lap kiçik yaşlarından atılır. Bu, reallıqdır ki, uşaqlıq illərində yaşananlar yetişkin həyatda da öz təsirini göstərir.

Böyüklərin ən şirin, unuda bilmədikləri xatirələri hər zaman uşaqlıq illərinə təsadüf edir. Bu mənada, uşaqlıq illəri gələcək illərə hər an öz təsirini göstərməkdədir – istər mənfi, istərsə də müsbət mənada. Çünki uşaq dünyaya gəldiyi ilk aylardan etibarən öz çevrəsini tanımağa çalışır, inkişaf dövründə verdiyi reaksiyalar, qazandığı bacarıqlar, davranış formaları fərqli bir tərzdə özünü göstərir.

Ailə uşağın böyüdüyü, təlim-tərbiyə aldığı ən vacib qurumdur. Uşağın şəxsiyyətini böyük ölçüdə ailə və çevrə formalaşdırır. Uşaq yaşda yaşadıqlarımızı çox yaxşı xatırlayır və unutmuruq. Bu xatirələr eyni zamanda böyük məna kəsb edir bizim üçün. Uşağın ailəsində ana-ata arasındakı soyuq münasibətlər, ailədəki yanlış anlaşılma, boşanma halları və digər bu kimi hallar onun gələcək həyatında iz qoyur. Belə olduqda onun gələcək həyatında hədəfini düzgün müəyyənləşdirməsi, planlı işləməsi, problemləri həll etməkdə çətinlik çəkdiyi müşahidə edilir.
Valideynlərin uşaqla hər şeyi bölüşməsi, onunla zaman keçirməsi çox vacibdir. Amma onu da qeyd etmək lazımdır ki, necə deyərlər, keyfiyyətli və aktiv zaman keçirmək daha məqsədəuyğundur. Bu baxımdan oyunların uşaq psixologiyasında xüsusi yeri və rolu vardır. Uşaqlar üçün oyun, sadəcə, oyun deyil, onların ən ciddi məşğuliyyətidir. Oyunlar uşaqların öncə özlərini kəşf etmələri üçün təbii bir vasitədir. Digər tərəfdən, oyun uşağın həyatında böyük, önəmli rol oynamaqdadır. Oyunların təlim-tərbiyədəki dəyəri çox əvvəldən hər kəsə məlumdur. Valideynlərin uşaqlar ilə oyun oynamaları, birlikdə vaxtlarını dəyərləndirmələri, sosial yöndən əlaqələri təqib etmələri, ortaq fikirdə olmaları, ümumilikdə, ailə fərdlərinin arasındakı əlaqə dəyəri böyük önəm daşımaqdadır. Valideynlərin uşaqlarla oyun oynamaları onlar arasındakı əlaqəni gücləndirəcək və uşaqlarını daha yaxından tanımalarına imkan yaradacaqdır.
Oyun mövzusundan söz açmışkən, ailədə ən çox buraxılan səhvlərdən biri də məktəbyaşlı uşaqların oyunla əlaqələrinin bitdiyi düşüncəsidir. Oyun uşağın inkişafı üçün o qədər vacibdir ki, onun ruh sağlığı sevgi və oyun ilə xarakterizə olunur. Düzdür, məktəbyaşlı uşağın oyun üçün ayrılan vaxtı azalsa da, bu, o demək deyildir ki, o, artıq oyun oynamamalıdır. Oyun oynamağın da müəyyən vaxtları olduğunu uyğun bir dillə uşağa bildirmək lazımdır. Valideynlərin uşaqlarına vermək istədikləri ismarıcı oyun vaxtı çatdırmaları daha asandır.
Oyunların ən vacib tərkib hissəsini təşkil edən oyuncaqlar uşağın duyğu orqanını, təbii bacarıqlarını tənzimləyən, xəyal gücünü zənginləşdirən, mənəvi və sosial inkişafını sürətləndirən oyun materiallarıdır. Oyuncaqlar da uşağın psixoloji yöndən daha güclü formalaşmasında köməkçi vasitələr hesab edilir. Oyun və oyuncaqları seçərkən uşağın həm yaşı, həm də inkişaf səviyyəsi dəyərləndirilməli və ona uyğun olmalıdır. Bir də uşağa oyuncaq seçərkən və alarkən onun da fikrinin öyrənilməsi lazımdır, çünki həmin oyuncaqlarla o oynayacaq. Çalışmaq lazımdır ki, alınan oyuncaqlar uşağın inkişaf səviyyəsinə uyğun və öyrədici xarakterli olsun.
Valideynlər uşaqları ilə danışarkən istifadə etdikləri dil, ya da müraciət forması çox vacib və əhəmiyyətlidir. Belə ki, duyğu və düşüncələrimizi sözlərlə ifadə edərkən daha diqqətli, daha mehriban və yumşaq olmalıyıq. İnsanın duyğularını ifadə edərkən “mən”, “sən” sözlərinin böyük önəmi olduğunu görmüş olarıq. “Mən” dili, fərdin qarşılaşdığı davranış və vəziyyət qarşısında fərdi reaksiyasını, öz duyğu və düşüncələrini izah edən ifadə şəklidir. Özümüzü “mən”li cümlələrlə ifadə etdiyimiz zaman qarşımızdakı insanı incitmədən fikrimizi çatdırmış oluruq. “Sən” dili ilə danışmaq isə qarşısındakını günahkar kimi qələmə vermiş olur, bunun da nəticəsində həmin insan təbii olaraq özünümüdafiəyə ehtiyac duyur. Məsələn, “sən günahkarsan” əvəzinə, “sənin bu davranışın məni incidir”, – deyə ifadə etmək olar. Və yaxud “yalan danışma” əvəzinə, “doğrunu söylə” demək daha məqsədəuyğundur. Birinci halda sanki qarşındakını günahlandırırsan, ikinci fikirdə isə yol göstərmiş olursan.
Uşaqlar böyüklərini dinləməkdə əsla yaxşı deyillər, amma onların davranışlarını mənimsəyərkən təqlid etməkdə qüsursuzdurlar. Uşaqlar model olaraq böyüyürlər. Yəni onlar ata və analarını özlərinə ilk həyat modeli olaraq görürlər. Doğru ana və ata modeli onların şəxsi inkişafına, düzgün formalaşmasına müsbət yöndə təsir edirsə, səhv modeldə isə bu, əksinə nəticə göstərmiş olur. Ümumiyyətlə, uşaq tərbiyə edərkən ana və atanın fikirləri üst-üstə düşməli, onlar uşağa eyni ismarıcı verə bilməlidirlər.
Kütləvi informasiya vasitələrinə, necə deyərlər, təslim etdiyimiz uşaqların sabah nə ilə qarşılaşacaqları da valideynləri düşündürməlidir. Düzdür, medianın öyrədici və əyləndirici xüsusiyyətlərinin uşaqların inkişafındakı rolunu danmaq olmaz. Fəqət, onların izləyəcəyi proqramlar valideynlər tərəfindən təyin edilməli, yönləndirilməli və nəzarət altında saxlanılmalıdır. Qadağaların çox olması və bu yöndə olan yasaqlar artıq bir təhlükə, siqnaldır. Uşağa doğrunu, yanlışı göstərərək izah etmək lazımdır. Çünki izahsız qadağalar uşaqlarda daha çox marağın oyanmasına səbəb olur. Onu da deyək ki, kiçik yaşdan etibarən günün böyük bir qismini televizor və ya kompüter qarşısında keçirən uşaqlarda əlaqə qurmaq çətinlikləri olduğu müşahidə edilmişdir. Mütləqdir ki, uşağın gündəlik proqramı olsun və bu proqramda onun boş vaxtlarını necə səmərəli dəyərləndirəcəyi yer alsın.
Uşaqla uğurlu münasibət qurmaq üçün valideynlər onun duyğu və düşüncələrini anlamağı, onun halını qavraya bilməyi, yəni özünü onun yerinə qoya bilməyi bacarmalıdırlar. Bu baxımdan onun özünə, fikirlərinə hörmət etmək, düzgün və təbii davranmaq, onu dinləmək uşağın inkişafında çox vacib amillər hesab olunur. Uşaqlar müvəffəqiyyətsizliklərini düzəltmək üçün müqayisə edilməyi xoşlamırlar. Ona dəstək olunmasını, güvəni və sevgini, onları aktiv olaraq dinləyən, dinləyərkən duyğu və düşüncələrinə dəyər verən valideynlər istəyirlər. Hər zaman valideynlərini yanlarında görmək, onlarla birlikdə olduqları zamanın özlərinə aid olmasını istəyirlər. “Sən televizora bax, mən yeməyi hazırlayım”, “Sən özün oyna, mən futbola baxım” cümlələrini eşitmək istəmirlər. Bu siyahını uzatmaq da olar. Diqqət etsək görərik ki, əslində, uşaqların bizdən istədiyini, biz də, öz növbəmizdə, atamızdan, anamızdan gözləyirdik. Elə isə uşaqların bizdən çox şey istəmədiyini anlamaq lazımdır. Onlar, sadəcə, insan və şəxsiyyət üçün lazım olanları bizdən tələb edirlər. Uşaq ailədə nə görürsə onu da öyrənir. Əlbəttə, uşağı davamlı tənqid edərsənsə, o, başqalarını qınamağı öyrənər. Kinlə böyüyərsə, başqalarına qarşı kinli, davamlı olaraq təhqir edilərsə, həyatda utancaq, uşaq ailəsi tərəfindən dəstək görüb, yaxşı yetişdirilərsə, özünə inanan və səbirli, özünə və qarşısındakına hörmət görərək böyüyərsə, həyatda adil olmağı öyrənər.
Uşaq ailədə dostluq, mehribanlıq görüb və bu mühitdə tərbiyə olunubsa, özünü bu dünyada xoşbəxt sanar. Zənnimcə, bütün uşaqların da istədiyi məhz elə budur – xoşbəxt ailədə xoşbəxt yaşamaq!
Uşaqlarımızın özünü xoşbəxt hiss etməsi üçün onlara inanmalı və etibar etməli, mükəmməlliyə meyil etməməliyik, onlara tez-tez gülümsəməliyik. Uşağa hər zaman hörmət edib, onun mənəvi ehtiyacını qarşılamalı, hər zaman müsbət yöndə düşünüb, onunla bizim aramızda olan münasibətə daim diqqət etməliyik. Sonda isə uşaqlarımızla bərabər keçirilən zamanın bizə verilən ən gözəl hədiyyə olduğunu unutmamalıyıq.

Firuzə Hüseynova
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR