Kiçik çillə ilə Novruz bayramı arasındakı boz ay qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya “bayram ayı”, “ağlar-gülər ay” da deyilir. Bu ayda olan dörd çərşənbənin hər biri öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə seçilir. Bunlar arasında torpaq çərşənbəsinin özünəməxsus yeri vardır.
Azərbaycan bir çox xalqların yaşadığı ölkədir. Bir sıra tədqiqatçıların araşdırmalarından və bizim də topladığımız etnoqrafik materiallardan aydın olur ki, çərşənbələrə ad olaraq su, od, yel, torpaq yarlıqlarının yapışdırılmasının “abi-atəş-badi-xak” gücüylə olmasına başqa bir sübut da var. Çərşənbə adlarının sırası fars dilindəki sözlərə (abi-atəş-badi-xak və yaxud da abi-atəş-xaki-bad) uyğun şəkildə deyilir. Amma bu fikrin tərəfdarları astronomiyadan, eləcə də təbiət qanunlarından xəbərdar olsaydılar, onda bilərdilər ki, çərşənbədə dirilmə, canlanma nələrdən əvvəl və ya nələrdən sonra gəlir. Bilərdilər ki, suyun şaxı sınmayıbsa, içində su donan torpağın donu açılmaz. Bilərdilər ki, sonuncu çərşənbədə alışdırılan od, tonqal bütün canlıların canlanması, dirilməsi şərəfinədir. Onda heç olmazsa, zorla təbliğ olunan yanlış çərşənbə adlarının sıra düzümü təbiət qaydalarına uyğun gələrdi.
Boz ayın ikinci çərşənbəsi xalq arasında “xəbər çərşənbə”, “külə çərşənbə” kimi bilinən torpaq çərşənbəsidir. Buna xalq arasında bəzən “üsgü çərşənbə”, “ikinci çərşənbə” və “yer çərşənbə” də deyilir. İkinci çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir ki, bu, “xəbər çərşənbə” adlanır. Bu çərşənbədə havalar qızır, Günəş artıq yeri isitməyə başlayır və torpaq oyanır. Bundan əlavə, bu çərşənbəyə həm də “külə çərşənbə” deyilib. Bu çərşənbə tam deyil, yarımçıqdır, yəni külədir.
Bu çərşənbədə torpaq oyanır və əkinə hazır olduğu görünür. Torpaqdan otlar baş qaldırır. El arasında deyərlər ki, “Cəmrə torpağa düşür”, torpaqdan buxar qalxır, deməli, torpaq isinib, yaz əkininə başlamaq olar. Xüsusən yazlıq arpa yavaş-yavaş əkilməlidir. Xalq arasında olan inama görə, bolluq, bərəkət rəmzi olaraq torpaq çərşənbəsində torpağa buğdadan toxum qoyulmalıdır. Evlərdə səməni elə bu çərşənbədən qoyulmalıdır ki, axır çərşənbəyə hazır olsun.
Ədəbiyyat materiallarında qeyd edilir ki, erkən orta əsrlərdə Azərbaycanda əkinçiliklə əlaqəli “İsfəndəkan” adlı bayram keçirərdilər. Sonralar bu bayram “torpaq çərşənbəsi” adlandırıldı. Bu çərşənbədən başlayaraq artıq çay, bulaq kənarlarında yarpız görünməyə başlayır. Həyət-bacada əsaslı işlərə başlanılır. Bağ-bağata əl gəzdirilir, həyət-baca səliqə-sahmana salınır. Bağ-bağatda ağacların qol-budağı budanır, artıq nə varsa yandırılır, ağacların dibi bellənir.
Torpaq insanları yaşayış üçün zəruri olan qida ilə təmin edən real həyati varlıqdır. Qədim dövrdən günümüzədək torpaqla bağlı el arasında müxtəlif deyimlər olub:
Torpağa xor baxsan, o, sənə kor baxar.
Torpaq deyər: öldür məni, dirildim səni.
Torpağa göz ağardanda üz ağardar.
Torpaq ovuclayan qızıl ovuclar.
Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim.
Bu tipli saysız-hesabsız folklor nümunələrimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğu dayanır. Bütün bunlar torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu bir daha göstərir.
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru