22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında elm və mədəniyyət ocağı olan kitabxanalar ən müasir standartlar səviyyəsində yenidən qurulur, kitab fondları zənginləşdirilir, mütaliə mədəniyyətinin inkişafı məqsədilə ardıcıl tədbirlər görülür. Son illər Naxçıvan Muxtar Respublika Kitabxanasının binasının əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, ötən il isə kitabxananın yeni internet saytının və elektron kitabxananın istifadəyə verilməsi, rayon mərkəzlərində və kəndlərdə kitabxana işinin günün tələbləri səviyyəsində qurulması oxucular üçün geniş imkanlar açmışdır.
Bu gün muxtar respublikada görmə və eşitmə qabiliyyətləri məhdud şəxslərin kitablardan istifadəsi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində ölkəmizdə ilk dəfə olaraq xüsusi proqram təminatı əsasında audiokitabxana və elektron kitabxana xidmətləri yaradılmışdır. Ölkəmizdə ilk dəfə tətbiq olunan audiokitabxanada poeziya, şifahi xalq ədəbiyyatı, elmi-kütləvi əsərlər və dini ədəbiyyat olmaqla, ümumilikdə, 7 bölmə üzrə 102 audiokitab vardır.

Görmə qabiliyyəti məhdud şəxslər həftənin bütün günləri və günün istənilən vaxtında audiokitabxananın xidmətindən istifadə edə bilərlər. Sistem mərkəzi avtomat telefon stansiyalarına qoşulmuşdur. İstifadəçilər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində qeydiyyatdan keçdikdən sonra sabit telefonlardan “258” nömrəsinə zəng edərək xidmət xəttinə qoşulurlar. Bundan sonra dinləyicilər operator tərəfindən kitabxananın elektron kataloqu ilə tanış edilir və onun istəyinə uyğun olaraq, seçilən audiokitablar səsləndirilir. Dinləyici müraciətlərinin qəbulu iş günlərində operator tərəfindən, digər vaxtlarda isə avtomatik rejimdə həyata keçirilir. Xidmətdən eyni vaxtda 30 dinləyicinin istifadə etmək imkanı vardır. Həmçinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının internet saytında yaradılan xüsusi bölmə vasitəsilə də audiokitabları dinləmək mümkündür. Son bir ayda xidmətdən 370-dən çox dinləyici istifadə etmişdir. “Heydərbabaya salam” poeması, “Azərbaycan” və “Ayağa dur, Azərbaycan” şeirləri ən çox dinlənilən əsərlərdəndir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud şəxslərin də kitablardan istifadə etmələri üçün əlverişli şərait yaradılmış, elektron kitabxana fəaliyyətə başlamışdır. Elektron kitabxanaya müraciət edən hər bir istifadəçi qeydiyyatdan keçdikdən sonra kataloqdan istənilən kitabı seçib oxumaq imkanına malikdir. Hazırda elektron kitabxananın bazasında 9 bölmə üzrə 300 kitab vardır.
Muxtar respublikada görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün xüsusiləşdirilmiş kitabxanaların yaradılması bu kateqoriyadan olan insanların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda onların müstəqil informasiya almaq imkanlarının yaxşılaşdırılması, bilik və dünyagörüşlərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR