23 Dekabr 2024, Bazar ertəsi

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanın anadan olmasının 80 illik yubileyi münasibətilə Naxçıvan şəhərində, yaşadığı evdə tədbir keçirilib.
Çay süfrəsi arxasında keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Həvayət Qurban­ovanı 80 illik yubileyi münasibətilə təbrik ediblər. Bildirilib ki, yubilyar 1937-ci il fevralın 20-də anadan olub. Yeniyetməlik yaşlarından başlayaraq zəhmətə qatlaşıb, əməksevər bir insan həyatı yaşayıb. Əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət xanım müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyində aqronom, Naxçıvan MSSR Komplekszona Təcrübə Stansiyasında kiçik elmi işçi, “Azərkəndtəsərrüfatıtexnika” Naxçıvan MSSR Birliyində böyük aqronom işləyib. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. Təsadüfi deyil ki, gənc yaşlarında, 29 yaşında dövrün ən yüksək fəxri adına – “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb. Bu illərdə ictimai fəaliyyətdən də kənarda qalmayıb. SSRİ Ali Sovetinin 6-cı və 7-ci çağırış deputatı seçilib.

Vurğulanıb ki, Həvayət Qurbanovanın əmək fəaliyyəti və onun zəhmətinə verilən qiymət ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu da səbəbsiz deyil. Çünki ötən əsrin 70-80-ci illərində ümummilli liderimizin zəhmət sahiblərinə, qadınlara böyük dəstəyi və qayğısı var idi. Öz zəhməti ilə uğurlara imza atan Həvayət xanım da bu qayğıdan kənarda qalmayıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə müstəqil ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra ömür-gününü bu torpağa həsr etmiş insanlarımıza böyük dəyər verildi. Zəhmətkeş ömür yaşayan Həvayət xanım da ahıl çağında yenidən ulu öndərimizin himayə və qayğısını gördü. Ona Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi. Ulu öndərimizin siyasi kursu bu gün muxtar respublikada uğurla davam etdirilir. On illər öncə diyarımızın inkişafında xidmətləri olan şəxslər unudulmur, onların yubileyləri qeyd edilir. Bugünkü tədbirin keçirilməsi də zəhmətkeş insanlarımıza dövlət qayğısının daha bir ifadəsidir.
Tədbirdə qeyd edilib ki, Həvayət Qurbanova yaşadığı zəhmətkeş insan ömrü ilə həyatın bütün xoşbəxtliklərinə çatıb, həmişə öz işindən zövq alıb, ailə səadətinə qovuşub. O, xalqımıza məxsus dəyərlərə sahib olan ağbirçək kimi yeni nəsillərə əsl Azərbaycan qadını nümunəsidir.
Sonda yubilyara hədiyyələr təqdim olunub.
Həvayət Qurbanovanın qızı Mehriban Orduxanova ailə üzvləri adından yubileyin keçirilməsinə görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR