23 Dekabr 2024, Bazar ertəsi

– Salam, Səfurə nənə, səni görməyə gəlmişik!

– Allah sizdən razı olsun, xoş gəlib, səfa gətirmisiniz, qapımız həmişə qonaq üzünə açıq olub.
– Necəsən, sağlamlığın yerindədirmi?
– Allaha şükür olsun ki, yaxşıyam. Eh, qan-qada olmasın, qalan işlər düzələr. Əyləşin, yoldan gəlmisiniz, gəlinim bir çay versin!
... Allah sənə uzun ömür versin! İndi bu alqışı ad günlərində, ildönümlərində tez-tez eşidirik. Hər kəs sevdiyi adama uzun ömür, cansağlığı arzulayır, uzunömürlü olmaq istəyir, ancaq qocaldığını etiraf edə bilmir. Gəlin səmimi etiraf edək ki, hər kəsə uzun ömür qismət olmur. Belə demək mümkünsə, bu yalnız seçilmiş insanlara verilən Tanrı payıdı. Uzunömürlü olmaq da insandan böyük ürək, səbir, dözüm istəyir. Çünki həyatın boyu nəyisə qazanırsansa, nələrisə, daha doğrusu, kimlərisə də itirirsən. Elə ötən günlərdə Naxçıvan şəhərinin Atabəylər məhəlləsindəki evində qonağı olduğumuz çinar ömürlü Səfurə nənə kimi.
Alnındakı qırışlarda 106 illik izləri olan Səfurə nənə ötən əsrin əvvəllərində Bakıda dünyaya gəlib. Valideynləri o illərdə Cənubi Azərbaycandan iş üçün torpağın hər qarışının neft qaynadığı Bakıya üz tutublar. O, dünyaya gələndə anası dünyasını dəyişib. Çox keçməyib ki, anasının yerini heç tanımadığı bir qadın tutub. Ancaq ögey ana onunla və iki qardaşı ilə o qədər də xoş davranmayıb. Bəlkə də, bu səbəbdəndir ki, o, erkən yaşlarında Qara Hüseynovla ailə quraraq Naxçıvana köçüb. Ticarət sahəsində çalışan həyat yoldaşı ilə bu diyarda uzun illər xoşbəxt yaşayıblar, həyatın gətirdiyi çətinliklərə birlikdə sinə gəriblər. Bu illər ərzində 6 övladı – 4 oğlu, iki qızı dünyaya gəlib. Vaxt gəlib, il dolanıb ömür-gün yoldaşı ilə əbədilik vidalaşmalı olub. Sonra isə... Sonra isə övladlarından ikicəciyi qalıb. Bir oğlu, bir qızı. Və bir də 20 nəvə, 30 nəticə, 12 kötücə. Bir də ki yolunu gözlədiyi yadıca.
İnsan fitrətən əbədi yaşamağa meyillidir. Məhz bu meyil əsrlərdir, insanı uzunömürlülüyün sirlərini tapmaq üçün axtarışlar aparmağa sövq edir.
Təsadüfi deyil ki, əfsanələrə görə, dünyanı fəth edən İsgəndər heç vaxt ölməmək üçün dirilik suyunu axtarırdı, ancaq özü cəmi 33 il yaşamışdı. Səfurə nənə üçün isə uzun­ömürlülüyün sirri başqadır. O, deyir ki, evdar qadın olsam da, hər zaman hərəkət etməyə, hansısa bir işdən yapışmağa çalışmışam. Ən çox təmizliyə fikir vermişəm, yeməyimə diqqət yetirmişəm. Övlad, gəlin sarıdan da bəxtim gətirib ki, hər zaman qayğıma qalıblar, məni xəstələnməyə qoymayıblar. Həyatda çox çətinliklər görmüşəm, ancaq bu çətinliklər məni ruhdan salmayıb. Yaşamağa, həyatdan, təbiətdən zövq almağa çalışmışam. İndi şəraitimiz də yaxşıdır. İki müharibə dövrünü yaşamışam. Əvvəllər çox çətinlik olub. Belə bir məsəl var, deyərlər ki, ağ gün insanı ağardar, qara gün qaraldar. Əvvəllər Naxçıvan camaatı çox əziyyət çəkib. Bir tərəfdən övladlarımız şəhid olub, bir tərəfdən də işığımız, qazımız kəsilib. Ən təmiz meyvə-tərəvəzi, yeməyi ilə tanınan Naxçıvanda çörək də qıta çıxıb. Ancaq indi Allaha şükür, qışın oğlan çağında evdə isti suyumuz da, işığımız da, istiliyimiz də var. Çörək də boldur. İnsanlar rahat yaşayırlar. Ömrümün bu illəri mənə də çox şirin gəlir, yaşamağa, həyatdan zövq almağa çalışıram. Cavanlara məsləhətim budur ki, bu dövranın qədrini-qiymətini bilsinlər, sağlamlıqlarının qeydinə qalsınlar, bir də zəhmətə qatlaşsınlar. Belə olsa, hər kəs uzun ömür yaşaya bilər. Belə dövranda yüz il yaşamağa nə var ki?
İllər öncəsində, kiçik yaşlarında olduğu kimi Səfurə nənənin yanında oturub onu dinləyən oğlu Məmmədəli Hüseynovun, qızı Məsmə Quliyevanın da artıq saçlarına dən düşüb. Söhbət zamanı analarını böyük bir məhəbbətlə izlədikləri, onun hər bir sözündən dərs aldıqları sözlərindən bəlli olur. Səfurə nənənin gözündə isə onlar elə balaca övladlar kimi qalıb. Söhbət əsnasında tez-tez onların qayğıları ilə maraqlanan Səfurə nənə eşitməkdə çətinlik çəksə də, cavabları anlamaqda çətinlik çəkmir. Bilir ki, xəstə olsalar da, onlar anaları narahat olmasın deyə “Yox, ay ana, yaxşıyam” deyəcəklər.
Ağbirçək olan evdə xeyir-bərəkət də olar, mehribanlıq da, bir-birinə qarşılıqlı hörmət də. Qonağı olduğumuz evdə də belə bir ab-hava var. Hər kəs bir-birinin sözünü böyük hörmətlə dinləyir, hər hansı bir işə kömək etməyə çalışır. Belə yerdə – hər şey evin ağsaqqalından, ağbirçəyindən asılıdır, ağsaqqal sözü, ağbirçək öyüdü evlərdən uzaq olmamalıdır deyimi yada düşür.
Elimizin, obamızın ağbirçəyi, sözü şükürlü-dualı Səfurə nənə ilə sağollaşıb bu evdən, ocaqdan ayrılıram. İncə barmaqları ilə ağ, seyrəlmiş saçlarını oxşayan çinar ömürlü nənə bizə astaca “Yaxşı yol, bala, Allah amanında”, – deyir.


Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR