23 Dekabr 2024, Bazar ertəsi

Alimlər mineral sularının zənginliyinə görə Naxçıvan Muxtar Respublikasını hidrokimyəvi muzeyə bənzədirlər. Ona görə ki, bu gün diyarımızda 250-dən çox mineral su mənbəyi var. Bu bulaqlar tərkibinə görə müxtəlif tiplidir və onların sularından içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Tarixi qaynaqlardan məlumdur ki, həmişə dirilik və şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə inanmış xalqımız bu sulara yel suyu, mədə suyu, dəri suyu, şor su və sair adlar verib. 

Onların bu gün xarici bazarlarda artıq yerini tutan, dünyaya sorağı yayılanları ilə yanaşı, elələri də var ki, hələ səssiz-səmirsiz təbiətin qoynuna axır. Qəzetimizin əvvəlki nömrələrində uzun illərdir, şöhrət qazanmış, insanların süfrəsini bəzəyən və müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərən Badamlı, Sirab, Gülüstan və daha bir neçə mineral bulaq haqqında bəhs etmişik. Yenidən bu mövzuya qayıtmaqda məqsədimiz isə digər sularımız barədə söhbət açmaqdır.

...Uca Yaradanın Naxçıvana bəxş etdiyi müalicəvi sular içərisində Darıdağ suyunun xüsusi yeri var. Bu sudan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Culfa rayonunun yaşlı sakini Hüseyn Həsənov deyir ki, Darıdağda çox qədim zamanlarda dəmyə olaraq darı əkilərdi. Eşitdiyinə görə, Darıdağ “darı” sözündən götürü­lüb, mə­nası dərman deməkdir. Bu dağın sərvətləri olan sulardan müxtəlif xəstəlik­lərin müalicəsində istifadə edən insanlar həm də mərgümüşdən ziyanvericilərə qarşı mübarizədə fayda görüblər.
Adıçəkilən suyun insan həyatına mühüm müalicə vasitəsi kimi daxil olması məqsədilə 1978-ci ildə burada Darıdağ Arsenli Su Müalicəxanası fəaliyyətə başlayıb. 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilən şəfa ocağına ölkəmizin müxtəlif bölgələrindən, həmçinin xarici ölkələrdən gələnlərin sayı ilbəil artır. Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın sözlərinə görə, Darıdağ suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Bu su Fransadakı Lya-Burbul, Polşadakı Kudovi, Saxalindəki Sineqorsk, Almaniyadakı Dürkgeym sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi, duz tərkibinin zənginliyi və arsen yarımqrupu elementlərinin miqdarına görə Darıdağ suyu onlardan daha üstündür. Tərkibi arsen, stibium və bismut kimi elementlərlə zəngin olan Darıdağ termal suyundan yalnız təbii vannalar şəklində istifadə olunur. Bu su qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək qanazlığını aradan qaldırır. Darıdağ suyu ilə müalicə vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Fizzə Məmməd­ova deyir ki, bu suyun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alim onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetirib. Suyun təsirindən yaraların təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik və bakterisid qabiliyyəti ilə əlaqələndirirlər.
Hələ sovet dönəmində Azərbaycanda istehsal olunan mineral suların içərisində Vayxır mineral suyu da olub. 1985-ci ildə illik hasilat gücü 200 milyon şüşə olan sudoldurma zavodunun məhsulu mağazalarda satılan yerli suların içərisində ən zəngin mineral sulardan hesab edilirdi. Minerallıq dərəcəsi 7 qram litr olan Vayxır mineral suyunun osmotik qatılığı insanın qan plazmasına yaxındır. Tərkibində hidrokarbonatlar, natrium, kalium, kalsium, yod, dəmir, mis, sink, arsen, stronsium və sair elementlər olan Vayxır suyu qaraciyər xəstəliklərinin (hepatit, qaraciyər çatışmazlığı), xroniki qastritin, xroniki kolitin, müxtəlif mənşəli diatezlərin, şəkərli diabetin müalicəsində çox effektlidir.
Babək rayonu ərazisində, Vayxır kəndinin şimal-qərbində, dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Sarıdağın sıldırım qayalarında təbii faktorların vulkanik fəaliyyəti və aşınmaların təsirindən tektonik qırılma xətləri vasitəsilə yer səthinə çıxan bu sudan qədim zamanlardan insanlar dəri xəstəliklərində, boğaz ağrıları zamanı qarqara kimi də istifadə edib və nəticəsini görüblər.
Vayxır suyunun tərkibində bor var ki, əvvəllər sənaye və kənd təsərrüfatı üçün borun əhəmiyyəti müəyyənləşdirilməmişdi. Son onilliklərdə bu elementin vacib əhəmiyyət kəsb etdiyi, onun birləşmələrindən atom və raket texnikası, metal­lurgiya, metal emalı, kimya sənayesi və digər sahələrdə istifadə olunduğu aşkarlanıb. Torpaqda bor kifayət qədər olmadıqda bir sıra bitkilərin məhsuldarlığı çox azalır. Yəqin elə bu səbəbdən Vay­xırın bu su tutan ərazilərində əkin sahələrinin məh­suldarlığı bol olur.
Tivi mineral su bulağı Ordubad rayonu ərazisində, Tivi kəndinin ətrafındadır. Bir neçə çıxışdan ibarətdir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, kalsiumlu, maqneziumludur. Narzan tiplidir. Daxili xəstə­liklərin müalicəsində istifadə etmək məsləhətdir.
Gənzə mineral bulağı isə Ordubad rayonunun mərkəzindən 6 kilometr şimal-şərqdə, Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzədir. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) Jeleznovodsk mineral suyunun analoqudur. Gənzədəki mineral bulaqların suyundan (bir neçə bulaq vardır) Ordubad rayonunda süfrə suyu kimi istifadə olunur.
Şahbuz rayonunda da zəngin, müalicəvi bulaqlar çoxdur. Bu gün yaşayış olmayan Zırnel kəndindəki bulaqlardan bir neçəsi barədə həmin kəndin yaşlı sakini Narıngül Məmmədovanın söhbətinə əsaslanaraq söz açmaq ­istərdim.
Sarı bulaq. Bu bulağın belə adlandırılması heç də təsadüfi deyil. Sarı adlı bir şəxs bu suyu kəndə dağlardan çəkib gətirib. İnsan bədənində yod çatışmazlığı zamanı bu sudan qəbul edirlər.
Uzunoba bulağı. Bulaq buradakı oba yerinin adı ilə belə adlanır. Bulaqdan çıxan suyun səthi par-par parıldayır, üzərində sarı-qızılı rəngdə maddələr görünür. Hətta suyun axarı ilə getsən, ətrafında sanki qızıl qarışıqlı torpaqlar, göz qamaşdıran rəng ilə rastlaşarsan. Elə bil yeraltı xəzinənin müjdəçisidir bu bulaq.
Göy bulaq. Çıxdığı ərazi gömgöy gildir. Suyun tərkibi göyə çalır. Mənbəyindən 4-5 metr aralanandan sonra şəffaf olduğu görünür. Bu bulağın suyundan dəri xəstəliklərinin bütün növlərinin müalicəsində istifadə olunub.
Daş bulaq. Quzey adlanan sahədə daşların içindən qaynaya-qaynaya göz yaşıtək süzülüb gəlir. Suyu o qədər soyuqdur ki, yayın qızmar çağında belə, əli suda 1 dəqiqə saxlamaq mümkün deyil. Yayda ətrafdakı biçinçilər bulağın içərisinə evdən gətirdikləri xörəyi, ayranı qoyaraq ondan soyuducu kimi istifadə edirlər. Daş bulaq eyni zamanda insanın böyrək və öd kisəsində olan daşların əriməsində də faydalıdır.
Təbiətin ecazkar yurdu Naxçıvanımızda hələ tədqiq olunası sularımız çoxdur...

H.Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR