23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı uşaqların sağlamlığının qorunması və onların müasir tələblər səviyyəsində təhsil almasına imkan verir. Uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlət uşaq siyasətinin həyata keçirilməsi ötən il də davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 2016-cı ildə 4645 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Muxtar respublikada uşaqların sayı ötən il 1690 nəfər artaraq 160 min 793-ə çatmışdır. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də övladlığa götürülmüş uşaqların uçotu aparılmış, bu kateqoriyadan olan, eləcə də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin üzvü 398 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur. Bununla yanaşı, bayram günlərində valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 15 uşağa, eləcə də aztəminatlı ailələrdən olan 61 uşağa hədiyyə və sovqatlar verilmişdir.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanmış, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir. Belə ki, 2016-2017-ci tədris ilinin əvvəlində 59 uşaq məktəbəqədər təhsil müəssisələrinə, 16 uşaq ümumtəhsil məktəblərinin məktəbəqədər hazır­lıq qruplarına, 8 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 88 uşaq ümumtəhsil məktəblərinə, 3 uşaq distant tədrisə cəlb edilmişdir. Ümumilikdə, ümumtəhsil məktəblərində bu kateqoriyadan olan 942, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 23 uşaq təhsil almışdır. Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbi qarşıda duran əsas vəzifələrdəndir. Hazırda orta ixtisas təhsili müəssisələrində sağlamlıq imkanları məhdud 26 uşaq təhsil alır.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlbi istiqamətində də davamlı işlər görülmüş, 2016-cı ildə 26 uşaq musiqi məktəblərinə, 118 uşaq idman qruplarına, 163 uşaq məktəbdənkənar təhsil müəssisələrinin dərnəklərinə, 144 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə cəlb edilmişdir. Həmçinin diqqət zəifliyi olan və hiperaktiv uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilmiş, Naxçıvan Uşaq Bərpa Mərkəzində əmək terapiyası otağı təşkil olunmuşdur.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin audio-kitabxana fonduna 95 audiomaterial, elektron kitabxana fonduna isə 129 yeni elektron kitab əlavə edilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların ölkədaxili və ölkədənkənar müalicələri təşkil olunmuş, dayaq-hərəkət sistemi problemləri olan 5 uşaq Türkiyə Respublikasının Dənizli vilayətindəki Nobel Tibb Mərkəzinə, 5 uşaq isə Bakı şəhərindəki Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Dövlət Reabilitasiya Müəssisəsinə göndərilmişdir.
Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və əqli inkişaflarını, habelə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün tədrisdə müasir təlim üsulları tətbiq edilmiş, təlim-tərbiyə üzrə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən kurslara 158 müəllim, metodist və tərbiyəçi cəlb edilmiş, 231 adda xüsusi tədris vəsaitləri və 20 adda müxtəlif mövzuda audiokitablar müvafiq uşaq müəssisələrinə verilmişdir. Tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən il ərzində şagird və müəllimlər arasında maarifləndirici söhbətlər aparılmış, bu qəbildən olan uşaqların tədrisdə iştirakını, habelə fərdi nəticələrini müəyyənləşdirmək üçün məktəblərdə psixoloqlar və valideynlərlə görüşlər keçirilmişdir.
Ötən il sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilmiş, uşaqların iştirakı ilə tamaşa hazırlanaraq nümayiş olunmuş, 55 müəllifin 165 rəsm və əl işlərindən ibarət 2 sərgi-satış müsabiqə təşkil edilmiş, 90 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilmişdir. Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlardan ibarət idman bölmələri təşkil olunmuş, Sumqayıt şəhərində keçirilən ikinci Uşaq Paralimpiya Oyunlarında sağlamlıq imkanları məhdud 3 uşağın iştirakı təmin olunmuşdur. Boccia paralimpiya növü üzrə idmançılardan biri 1-ci, digəri isə 3-cü yerə layiq görülmüşdür.
Muxtar respublikada uşaqların yaradıcılığının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə sağlamlıq imkanları məhdud uşaqların da iştirak etdiyi “İstedadlı uşaqlar – 2016” festivalı keçirilmiş, festival çərçivəsində istedadlı uşaqların əl işlərinin sərgisi təşkil edilmiş, ilin ən yaxşı 15 istedadlı uşağı və 5 istedadlı uşaq kollektivi müəyyənləşdirilmiş, qaliblərə diplom və hədiyyə, eləcə də tədbirdə iştirak edən 500 uşağa bayram hədiyyəsi təqdim olunmuşdur. Yetkinlik yaşına çatmayanlarla bağlı maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 15 uşaq müəssisəsində monitorinq, 643 yoxlama keçirilmiş, 915 seminar və tədbir təşkil edilmiş, 2000-dən artıq broşür paylanmışdır.
Uşaqların hərtərəfli təhsil alması və şəxsiyyət olaraq formalaşması qarşıda duran əsas vəzifədir. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 47 min 387 şagird təhsil alır ki, onlardan da 22 min 215-i qızlardır. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1538-i ali təhsil müəssisələrinə, 566-sı orta ixtisas təhsili müəssisələrinə daxil olmuş, ali məktəblərə qəbul olanların 194-ü qızlar olmaqla, 338-i 500-700 arası bal toplamışdır. Məktəblilərin fənn olimpiadalarında şagirdlər 4 qızıl, 11 gümüş və 11 bürünc medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2016-cı ildə muxtar respublikanın ümumtəhsil məktəblərində 1453 saat nümunəvi dərs keçirilib. Bundan əlavə, uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən artıq elektron lövhədən istifadə olunur, 12 şagirdə 1 kompüter düşür.
Uşaqların bədən tərbiyəsi və idmana marağının artırılması və sağlam böyümələri üçün ardıcıl tədbirlər görülür. Ötən il 3800-ə yaxın uşaq müxtəlif idman oyunlarında, 70 uşaq idman sahəsində keçirilən açıq dərsdə, 1020 uşaq intellektual oyunda, 1800-dən artıq uşaq müsabiqələrdə iştirak etmiş, 540 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdur. İstər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında uşaq və yeniyetmələr yüksək nailiyyətlər əldə etmişlər. Belə ki, Azərbaycan və Naxçıvan birincilik və çempionatlarında, beynəlxalq turnir və şahmat yarışlarında uşaqlardan 23-ü I yerin, 10-u II yerin, 8-i isə III yerin qalibi olmuşdur.

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların incəsənətin müxtəlif istiqamətlərinə yönəldilməsi, istedadlarının inkişaf etdirilməsi məqsədilə də ardıcıl tədbirlər görülmüşdür. 2015-2016-cı tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 928 şagird bitirmişdir. Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə 372 “Nağıl günü” keçirilmiş, 39 tamaşa, bədii və cizgi filmləri göstərilmiş, tətil günlərində muzeylərə ekskursiyalar təşkil edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR