23 Dekabr 2024, Bazar ertəsi

El arasında belə bir deyim var: “Dost başa baxar, düşmən ayağa”. Elə bu gün də bu deyimə inananlar az deyil. Tarixboyu insanlar geyimə, xüsusilə də ayaqqabıya xüsusi fikir veriblər. Aid olduğu sosial təbəqəyə görə xalqımız müxtəlif formalı ayaqqabılardan istifadə edib.
Qədim zamanlardan bəri şəhər əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi çarıq, çust geyinərdi. Bu geyim növünü tikənlərə isə çarıqçı, başmaqçı və yaxud da çəkməçi, təmir edənlərə isə pinəçi deyilirdi. Çəkməçiliyin dörd növü var idi. Bunlar pinəçilik, çarıqçılıq, başmaqçılıq və çəkməçilikdi. Bəzi peşə sahələri zaman keçdikcə unudulsa da, bu sahəyə maraq hər dövrdə olub. Bu qədim sənəti indi də yaşadanlar az deyil.
Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsindəki balaca dükanda pinəçiliklə məşğul olan Sultan Ağalarovla bu peşə barədə söhbətləşdik. 20 ildir, bu peşə ilə məşğul olan Sultan usta deyir ki, uşaq vaxtlarından bu işin həvəskarı olub, bu peşəni özü öyrənib.

Onun dediklərindən: – İlk olaraq öz ayaqqabımdan başladım. Daha sonra ailə üzvlərimin, qonşuların ayaqqabılarını təmir etdim. İşimin bəyənildiyini gördükdə bu işə həvəsim daha da artdı. İlk vaxtlar ayaqqabı təmir edərkən biz əlimi deşər, ya da çəkic dırnağımı qaraldardı. Ancaq vaxt keçdikcə bunların hamısı arxada qaldı. Bir müddət öz həyətimizdə açıq hava altında işlədim. Sonra qərara gəldim ki, özümə balaca dükan açım. Bu dükanı da məhz o vaxt açdım. O vaxtlar həm çəkməçilik edirdim, həm də pinəçilik. Yəni həm ayaqqabı tikirdim, həm də təmir edirdim.
Usta deyir ki, son dövrlərdə xaricdən ayaqqabıların gəlməsi yerli ayaqqabılara marağı xeyli azaldıb. Əhalinin əksəriyyətinin aldığı bu ayaqqabılar ucuz və keyfiyyətsizdir. Yadımdadır, əvvəllər biz bir başmağı iki-üç il geyinərdik. İndiki ayaqqabıların dözümlülüyü çox aşağıdır. Üstəlik keyfiyyətsiz olduğu üçün də təmirə yaramır.
Usta onu da vurğulayır ki, əvvəlki kimi dəri başmaq sifariş edən çətin tapılır. Sifarişlər azaldığına görə mən də pinəçilik edirəm. Bura mənə doğmadı, işimi də çox sevirəm. Ailəmi bununla dolandırıram. Qazancımdan da çox razıyam. Yayda havalar isti olduğundan hər kəs yüngül ayaqqabılara üstünlük verir. Ona görə də ən çox müştəri qış aylarında olur. Gün ərzində orta hesabla 10-15 cüt ayaqqabı təmir edirəm. Uzun müddətdir, işləməyimə baxmayaraq, hər gün yeni bir şey öyrənirəm.
Sultan usta deyir ki, əgər bir peşəyə yiyələnmək istəyirsənsə, gərək, ilk növbədə, həvəsin ola. Yoxsa işdən tez bezərsən. Əgər həvəsin varsa, usta yanına getmədən də öyrənə bilərsən. Biz, əndazə, qəlib, mixət, kərki, iplik, çəkic, kəlbətin, qayçı və sair ləvazimatlar tikiş zamanı lazım olan vasitələrdir. Yapışqan, ip, dəri məmulatları isə işin əsasını təşkil edir. Ən gözəl dəri maral dərisidi. Belə ki, yumşaq olduğu üçün geyindikdə ayağa rahatlıq verir. Ayaqqabının dözümlü olmasının səbəblərindən biri də ipinin möhkəmliyidir. Buna görə də öncə ipə mum sürtürük ki, tez çürüməsin.
Sultan Ağalarov Azərbaycan xalqının ustad aşığı olan Aşıq Ələsgərin “Hayıfsan” şeirindən bir bəndi xatırladır:

Siz təraş eylərsiz iynə-bizinən,
Bizimki də gəlib gedər sözünən.
Əyri ol əyriynən, düz ol düzünən,
Hər yetəni sən aldatma, hayıfsan!

Ustad aşıq öz misralarında sənət, peşə sahiblərini xalqı aldatmamağa, düzgünlüyə səsləyir. Bu misraları öz işində örnək bilən Sultan usta sonda bu peşəni öyrənmək istəyən gənclərə öz tövsiyələrini bildirdi: “Xalqımızın əsrlərdir, qoruyub saxladığı bu peşəni davam etdirmək lazımdır. İnsan gərək zəhmətkeş olsun. Bu peşə zəhmət tələb edən peşədir. Eyni zamanda halallıq da olmalıdır. Kim bu peşəni öyrənmək istəyirsə, öz köməyimizi əsirgəmirik. Təki peşə yaşasın”.

Nail Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR