Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, fond bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prosesini başa çatdıraraq əmək pensiyaçılarına ödənilməsini təmin edib.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi pensiyanın ümumi məbləğindən baza hissəsi və baza hissəsinə görə verilən əlavələr çıxılmaqla, pensiyanın sığorta hissəsinə 12,4 faiz (2016-cı il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə artırılıb.
Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48415 nəfər əmək pensiyaçısına şamil edilib. Bunlardan 28316 nəfəri yaşa görə, 13429 nəfəri əlilliyə görə, 6670 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan pensiyaçılardır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar 2017-ci ilin yanvar ayından hesablanmaqla fevral ayının pensiya ödənişində əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 21 yanvar 2017-ci il tarixdə “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncama görə əmək pensiyalarının sığorta hissəsinin və sığortaolunanların fərdi şəxsi hesablarında toplanmış pensiya kapitalı məbləğləri 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə 12,4 faiz artırılıb.
Xəbərlər şöbəsi