Təbiəti qorumaq, onu daha da zənginləşdirmək və əlverişli ekoloji şəraitin yaradılmasını təmin etmək muxtar respublikamızda aparılan uğurlu ekoloji siyasətin tərkib hissəsidir. Bu baxımdan Naxçıvanın zəngin təbiətinin tanıdılması, təbliğ edilməsi və bu sahəyə gənclərin diqqətinin artırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Gənc nəslin ekoloji biliklərinin artırılmasında orta və ali təhsil müəssisələrində ekoloji seminar-sərgilərin təşkili də az rol oynamır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, nazirliyin aidiyyəti təşkilatlarla birgə hazırladığı tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində şagird və tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə sərgi-seminarların keçirilməsi davam etdirilir. Belə tədbirlərdən biri fevralın 9-da Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbiri məktəbin direktoru Məlahət Rüstəmova açaraq bildirib ki, ətraf mühiti qorumaq, təbiətə qayğı göstərmək üçün təbiəti öyrənməli, ekoloji təhsilə diqqəti artırmalıyıq.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev muxtar respublikamızda ekoloji təhsilə gənclərin marağının artırılması sahəsində görülən işlər haqqında danışıb, belə tədbirlərin gənc nəslə aşıladığı ekoloji tərbiyədən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev “Naxçıvanın təbiəti və ekologiyası” mövzusunda çıxış edərək muxtar respublikanın fauna və flora müxtəlifliyinin, təbiətinin qorunmasının ümumxalq işi olduğunu bildirib.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı film nümayiş etdirilib.
Sonra şagirdlər Naxçıvanın zəngin təbiət nümunələrini özündə əks etdirən sərgi ilə tanış olublar.
Səbuhi Həsənov