23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi  qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələbləri barədə bildirir ki, hər bir vətəndaşın istifadə etdiyi qaz cihazı sənaye üsulu ilə istehsal edilməli və Azərbaycan dilində istifadə təlimatı olmalıdır. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir. 

Qaz cihazlarının xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Mənzilə daxil olduqda qaz iyi hiss edilərsə, işığı yandırıb-söndürmək, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Otağın qapı və pəncərələri açılmalı və hava axını yaradılmalıdır. Yaşayış evlərində qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz, bundan ötrü yalnız sabun məhlulundan istifadə etmək lazımdır. Əgər qaz sızması aşkar olunarsa, o zaman qazın verilişi dayandırılmalı və dərhal qaz istismar idarəsinin (104) qəza xidmətinə xəbər verilməlidir.

Yaşayış evləri və mənzillərdə qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq qızmasına yol vermək, onların istifadəsini azyaşlı uşaqlara etibar edib evdən çıxmaq olmaz. Mənzil tərk edilərkən qaz cihazları söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır. Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Belə ki, qaz cihazları quraşdırılan mətbəx otağının hündürlüyü 2,2 metrdən az olmamalı, pəncərə açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir. Yaşayış evlərində qaz cihazlarından yanma məhsullarının xaric olunmasına diqqət yetirilməli, qaz cihazlarının tüstü boruları digər məişət cihazlarının borularına qoşulmamalıdır.
Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq və qarajlarda, habelə standarta uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcılarının istismarından, həmçinin işlək vəziyyətdə olmayan tüstü bacaları və borularından baş verir. Qaz sobaları və suqızdırıcılarından tüstünün xaric olunması üçün standarta uyğun olmayan və tez qatlanan borulardan istifadə etmək olmaz. Bunun üçün yalnız düz axımlı metal borulardan istifadə olunmalı, soba ilə divar arasında 20-30 santimetr məsafə olmaqla tüstü boruları 1,5 metr şaquli istiqamətdə qalxdıqdan sonra binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırılmamalı, hava daxil olması üçün qapının aşağısında dəliklər olmalı, nəfəslik açıq saxlanmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və tüstü borularının çıxışı tutulmamalıdır. Tüstü boruları və bacaları hər 2 aydan bir təmizlənməli, onların sazlığı daima yoxlanılmalıdır.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR