Ötən il muxtar respublikada uşaqlara hansı adlar qoyulub?
Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki bir insanın adı ömrünün sonuna kimi onunla yoldaş olan, onun xarakter və şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm atributlardan sayılır. Ancaq ad qoymaq elə bir seçimdir ki, bu seçim adı daşıyanın öz əlində olmur. Adı daşıyan şəxs böyüdükcə bu adla fəxr də edə, utana da bilər.
Cəmiyyətimizdə yaxşı, mənalı adlarla yanaşı, mənasız adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan, öyünən və ya xəcalət hissi keçirən insanlar var. İnsanın gün ərzində on dəfələrlə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz. Bundan əlavə, dövrün, ictimai-siyasi və mədəni mühitin təsiri də adqoymada bu və ya digər dərəcədə özünü göstərir. Məsələn, Sovet dövründə uşaqlara verilmiş İnqilab, Traktor, Kombayn, Kolxoz, Oktyabr, Bolşevik, Komsomol, Prikaz kimi adlar bunun təsdiqidir. Təsadüfi deyil ki, bu gün ABŞ və Avropanın aparıcı tədqiqat mərkəzləri uşağa ad seçiminin əhəmiyyətinin valideynlərin təsəvvür etdiyindən dəfələrlə böyük olduğunu söyləyirlər. Uşaqlara mənasız adların qoyulması, təbii ki, müəyyən yaşdan sonra elə uşaqların özünə böyük təsir göstərir, ona neqativ enerji “bəxş edir”. Bu baxımdan uşaqlara ad qoyulmasında valideynlərin dünyagörüşü, milli və mənəvi dəyərlərə bağlılığı mühüm rol oynayır. Bəs dinimizdə uşaqlara ad qoyulması ilə bağlı hansı tövsiyələr var?
İslam dininə görə, gözəl ad uşaqda dəyər və şəxsiyyət hissi oyadır. Buna görə də Peyğəmbərimiz uşaqların pis adlarını dəyişdirərmiş. Dini dəyərlərimizə görə, yeni doğulan uşağa gözəl ad qoymaq valideynlərin üzərinə düşən vəzifələrdəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər uşaqlarla yanaşı, böyüklərin də adlarıyla maraqlanmış, xoşuna gəlməyən bəzi isimləri dəyişdirmişdir. Bununla yanaşı, uşaqlara qoyulacaq gözəl adlarla əlaqəli də məlumatlar vermişdir. Çünki hədisi-şərifdə “Siz qiyamət günündə adlarınızla və atalarınızın adları ilə çağırılacaqsınız. Buna görə də gözəl adlar qoyun!” buyurulmuşdur. İmam Musa Kazım buyurur: “Atanın ilk yaxşılığı övladına gözəl ad qoymaqdır”. Psixoloqlara görə, əgər sizin övladınızın adı namünasib olsa, bu, gələcəkdə onun psixoloji rahatlığını təhlükəyə ata, onu ruhi problemlərlə qarşılaşdıra bilər. Adın məna və məzmununa diqqət etmək lazımdır. Ola bilər, ad sözün quruluş və tələffüzü baxımından gözəl olsun, amma bir mənası olmasın. Övladımız böyüyəndən sonra bizdən mütləq öz adının mənasını soruşacaq. Adının mənasını başqaları da ondan soruşacaqlar. Əgər onun adı mənasız olsa, o, valideynlərindən gileylənəcək.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə ölkəmizdə uşaqlara verilən adlar içərisində milli mədəniyyətimizə yad olan və daha çox Qərbdən əxz olunan adlar üstünlük təşkil edirdi. Unutmaq olmaz ki, övladlarımıza Qərb adlarının qoyulması özünü kiçik saymağın nişanəsidir. Doğrudur, özünü ultramüasir hesab edənlər bu adları çox sevirlər, ancaq unutmayaq ki, cəmiyyətimizdə milli dəyərlərimizə bağlı insanların sayı çoxdur və belə insanların o cür adlardan xoşu gəlmir. Və bu kimi adlar həmin uşaqların digərləri ilə davranışına təsir göstərə bilər. Buna görə də uşaqlara ad qoyulmasında milliliyə üstünlük verilməsi əsas amillərdən biridir. Hamıya məlumdur ki, bizim nağıllarımızda, dastanlarımızda, mifologiyamızda çox gözəl adlar olub. Bundan əlavə, milli qəhrəmanlarımızın adlarını qoymaq uşaqlarımızın vətənpərvərlik ruhunda böyüməsinə mühüm təsir edə bilər. Bütün bunları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, adın insan xarakterinə təsirini göstərə bilək. Bu səbəbdən də uşağa ad qoyarkən həmin adın milli-mənəvi dəyərlərə uyğunluğuna, həmçinin mənəviyyat böyüklərinin, nümunəvi insanların adlarına üstünlük verilməlidir. Bundan əlavə, əvvəllər yaşamış və indi nəcib işlərlə anılan insanların adı uşağa qoyularaq həmin şəxsin insan olaraq gördüyü gözəl işləri də uşağa nümunə kimi göstərmək olar. Bu metodla uşağa göstərilən nümunə ona psixoloji olaraq daha xoş təsir bağışlayacaq. Xülasə, adlar seçilərkən bütün bunlara diqqət yetirilməlidir. Bəs bu gün muxtar respublikamızda bu sahədə vəziyyət necədir?
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, təxminən, 10 il bundan əvvəl muxtar respublikada uşaqlara ad qoyulmasında bir çox problemlərlə qarşılaşmaq olardı. Əcnəbi seriallardan təsirlənərək götürülən Avropa mənşəli, eləcə də Azərbaycan dilində olmasına baxmayaraq, heç bir məna kəsb etməyən, eyni zamanda tələffüzü sonradan həmin uşaq üçün ikrah hissi oyadacaq adların qoyulmasına maraq göstərən valideynlərə tez-tez rast gəlirdik. Ancaq son illərdə cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, dövlətimiz tərəfindən milli və mənəvi dəyərlərə bağlılığı artıran mühüm tədbirlərin həyata keçirilməsi bu sahədə müsbət nəticələrin əldə olunmasına imkan verib. Doğrudur, müasir dövrdə də bəzi hallarda münasib olmayan adlarla bağlı valideyn müraciətlərinə rast gəlinir, ancaq onlarla aparılan maarifləndirici söhbətlər sonda uşaqlarımızın gözəl adlarla adlandırılmasına gətirib çıxarır. Nazirlikdən verilən məlumata görə, 2016-cı ildə muxtar respublikada doğulan oğlan uşaqlarına Məhəmməd, Hüseyn, Əli, Murad, Uğur, Ayxan, Ümid, İbrahim, Nihad, Kənan, Həsən, Rəsul, Fərid, Babək, qız uşaqlarına isə daha çox Zəhra, Nuray, Zeynəb, Xədicə, Leyla, Səma, Fidan, Gülay, Günay, Aynur, Aysel, Ayşən, Sevil kimi adlar verilib.
Bizdə belə bir adət var: uşağa ad qoyulanda onunla bağlı arzular dilə gətirilir və “Adı ilə böyüsün” deyilir. Odur ki, uşağa ad seçərkən onun gələcəyini mütləq nəzərə almaq lazımdır. Əgər hər birimiz ailəmizdə vətənpərvər, milli və mənəvi dəyərlərimizə bağlı uşaqlar böyütmək istəyiriksə, ilk növbədə, onlara gözəl adlar verək ki, adları ilə böyüsünlər.
Səbuhi Həsənov