Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Çərçiboğan kəndində yaşayan aztəminatlı Süleymanovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru İmran Əliyev bildiriblər ki, muxtar respublikada qarşıya qoyulan vəzifələrdən biri aztəminatlı təbəqənin rifahının yaxşılaşdırılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülür. Diyarımız xüsusi qayğıya ehtiyacı olan ailələrə münasibətdə ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi və bu qəbildən olan ailələrin sosial problemlərinin araşdırılaraq həll edilməsi bu sahədə görülən işlərdir.
Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı verilib.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti