Bir qış günü Şahbuz rayonunun Keçili kəndində
Qış qayğıları o zaman yaşanır ki, istiliyin, işığın, suyun, yolun olmur. Bizimsə işığımız, qazımız, suyumuz var, yolumuz rahatdı, telefonumuz işləyir, televizorumuz göstərir. Keçili kimi ucqar dağ kəndində qış nə qədər sərt keçsə də, qış qayğıları kənd adamlarını qorxutmur.
İşıqlı və isti iş otağımın pəncərəsindən qar yorğanını başına çəkib qılınc kimi kəsən şaxtadan sanki “gizlənməyə” çalışan təbiətin səssiz, bəyaz gözəlliyinə tamaşa edirəm. Gözlərim pəncərədən bir nöqtəyə zillənsə də, xəyalımda Keçilidə qonağı olduğum ailənin ağsaqqalı ilə söhbətimiz canlanır, dünənimizin mənzərəsi gözlərim önünə gəlir. Düşünürəm ki, qarın göydən lay-lay ələnərək yolları, keçidləri, dağları, dərələri dümdüz edib bir rəngə boyadığı şaxtalı qış günlərində evdə istiliyin, işığın, suyun olmadığı, telefonun işləmədiyi, radio və televizordan isə danışmağın ağıla gəlmədiyi o zamanlarda yaşamaq nə qədər də çətin imiş.
İnsanların necə böyük qayğılarla, problemlərlə uzun, şaxtalı qış günlərini yaşadıqlarını Beytulla babanın acı xatirələri bir daha göz önünə gətirdi. Onun dediyinə görə, evdə gözə dəyən bir şey olmadığı kimi, qarındolusu yemək də başqa bir dərd imiş.
Yenə yazda, yayda çaydan-çeşmədən balıq tutar, dağda-bağda bitən yemişan, iydə, cır armudu yığıb ötüşər, çöldə-çəməndə yemlik, qazayağı, şomu, muncalaq yığıb evdə alabişmiş dürmək arasında yeyərdik, – deyən ağsaqqal sanki o illərdən ürəyində yığılıb qalan acı xatirələrin hamısını danışmaq istəyirdi. Söhbətinə ara vermədən ötənləri xatırlayır, üz-gözündən acı təəssüf hissi oxunurdu...
... Əli Əliyevin 63 yaşı var. Onun atası Beytulla Əliyev isə ömrünün 89-cu qışını yaşayır. Bu ailədə dünyaya gələn beş övladdan biri Əlidir. Ata ocağından pərvazlanan qardaş-bacılarından fərqli olaraq, o, ata ocağında ömrünün ahıllıq çağına yaxınlaşır. Məni qarşılayan da elə dünyanın hər üzünü görüb bu vədəsinə kimi yol gələn ağsaqqal idi. Nurani çöhrəsində illərin izi qalan Beytulla baba kövrək bir gülüşlə, mehribançılıqla ilk sualını mənə ünvanlayır:
– Ay qızım, bu soyuq gündə, qarda-boranda xeyir olsun?
– Bilmək istədim ki, qarın qalınlığı dizdən aşan bu günlərdə Keçili kəndinin sakinlərinin qayğısı nədir, necə yaşayırsınız? Axı qış qapını kəsib.
Məlumat üçün əvvəlcə onu deyim ki, kəndə getdiyim gün aramsız yağan qarın kirpikdə, qaşda topalanması havanın sərtliyindən, qarın çoxluğundan xəbər verirdi. Amma yolumuz rəvan və rahat olduğundan qorxumuz yox idi. Çünki maşın-mexanizmlərin köməkliyi ilə yollar qardan təmizlənmişdi. Buna görə də arın-arxayın getmək istədiyimiz ünvana vaxtında yetişdik...
Xülasə, bizi mehribanlıqla evə dəvət etdilər. Hal-əhval tutduqdan sonra gurhagur yanan qaz sobasının üstündəki çaydanın zümzüməsi yayılan işıqlı otaqda söhbətə başladıq. Diqqətimi çəkən bir kənd evinin təminatı idi. Müasir mebel dəstləri, döşənəcəyi olan otaqda könülaçan bir rahatlıq, gözəllik, səliqə-sahman var idi. Qonaqpərvərliyi ilə seçilən yurd yerlərimizdən biri kimi burada da ağır-əzizliyimizi hiss etdik. Qonaq üçün hazırlanıb saxlanılan çay dəstinin yanında çərəz, şirniyyat, meyvə süfrəyə düzüldü. Beytulla baba gülə-gülə dedi: “Yeyin, hamısı öz evimizdən, həyətimizdəndir, ləzzətlidir”. Üz-gözündən bəxtəvərlik yağan ailə üzvlərinin, demək olar ki, hamısı masa ətrafına yığıldılar. Beytulla baba verdiyim sualları həvəslə cavablandırır, sevincini gizlətmirdi.
– Dünyanın yaxşısını, yamanını yaşaya-yaşaya bu günlərə gəlmişsiniz. Gəncliyiniz keçən bu kəndin elə o zamanlarda qış günləri, həyat tərzinizlə bağlı xatirələrinizi dinləmək üçün sizinlə görüşə gəlmişik.
– Çox pis ömür sürmüşük. Zamanın pis günlərini elə bu kənddə ta cavanlığımdan görmüşəm. Çətin günlər yaşamışıq. Atam, babam son bir ayı qışdan olan payızın əvvəlindən işdən boyun qaçıranda hər gün bizə xatırladardılar ki, qabaqdan qanlı qış gəlir. Odun-ocağınızı, kömürünüzü, yeyəcəklərinizi, geyəcəklərinizi tədarük edin ki, qışda naəlac qalmayasınız. O vaxtlar başqa kəndlər kimi, bu kəndə də qışda gediş-gəliş aylarla kəsilərdi. Maşın bu dağların yöndəmsiz yollarında dar keçidlərdən, dolaylardan sağ-salamat mənzilbaşına çatanda nəzir-niyaz verilərdi. Çox çətinliklə rayon mərkəzinə, Naxçıvan şəhərinə ən vacib iş üçün gedib-gəlsək də, alış-veriş etmək, nəsə almaq, satmaq elə bir müşkül məsələ idi ki, hər kəs bu işin öhdəsindən gələ bilməzdi. Ona görə də payızda un, kartof, yağ və başqa zəruri ərzaqları minbir çətinliklə alar, öz gücümüzlə odun-ocaq tədarük edərdik ki, uzun qış aylarında naəlac qalmayaq. Kəndimizdəki mağazada bir-iki tikə mal olardı, ya olmazdı. Ehtiyacımız olan çox şeyi burada tapa bilmədiyimizdən üz tutmalı olurduq rayon mərkəzinə. Qış günlərində keçilməz yolları olan kəndlərimizə heç bir maşın getmirdi. Ona görə də hətta xəstələri, hamilə qadınları belə, xəstəxanaya çatdırmaq bəzən mümkünsüz olurdu. O zamanlar qayğı bir deyil, iki deyil, onlarla idi.
Kəndimizdə belə adət var idi ki, çətin günlərdə ailə başçısını itirən ailələrə, xəstəsi olanlara, imkansızlara hər kəs əlindən gələn qədər köməklik göstərməliydi. Ona görə qışda kəndimizin ağsaqqalları, qocası, cavanı bir evin yox, bir elin qayğısını çəkirdi. Yoxsulluq bir yandan, yolsuzluq, şəraitsizlik də bir yandan bizi sıxırdı. Amma ailənin hər bir üzvü bir işin qulpundan yapışırdı ki, “ömrü az olacaq” təsəllisi ilə yaşadığımız qara qış günlərindən birtəhər yaza çıxaq. Bax onda ağsaqqalların hələ payızda “oğul, qabaqdan qanlı-qadalı qış gəlir, hazırlığınızı görün” xəbərdarlığının nədən qaynaqlandığını görürdük. Kəndin içində yerimək, uşaqları məktəbə göndərmək özü də bir ayrı dərd idi. Heç məktəb binası da fərli deyildi. İndiki kimi olsaydı, nə vardı ki. Kəndimizin ad-sanını ucaldan insanların çoxu o tökülüb-dağılan məktəbdə oxuyublar. İndi nəvələrimə deyirəm ki, belə gözəl bir məktəbdə yaxşı oxumamaq günahdır.
Sel suları payız-qış aylarında günümüzü göy əskiyə bükmüşdü. Payızda bu suların yarğan açdığı məhəllə yolları qışda buz bağlayırdı. Oğulsan, o yoldan yıxılmadan, qol-qıçını sındırmadan məktəbə, ya da kənd içinə gedib çıxa biləsən. Deyiləsi, yazılası qurtarmayan o günlərimizin acı xatirələri indi ürəyimi göynədir. Kaş ki biz də cavanlığımızı belə bir gözəl dövranda keçirəydik. İndi bir metr qar yağsa da, heç bir saat keçməmiş kəndin yolu təmizlənir, qazımız, suyumuz kəsilmir, işığımız sönmür, yolumuz bağlanmır...
Söhbətimiz uzun çəkdi. Beytulla baba keçmişdən danışarkən nə qədər təəssüflənsə də, bugünkü yaşayışından bir o qədər razı idi. Onun bir fikri xüsusilə diqqətimi çəkdi:
– İndi sizin kimi qəfil qonaqlarımızı alnıaçıq, üzüağ qarşılayırıq. Lazımi qayğı göstəririk, qəşəng süfrə açırıq. Nənələrimizin, analarımızın hazırladığı dadlı kənd yeməkləri süfrəmizi bəzəyir. Xəcalət olmuruq. Ancaq o illərdə qonaq qapını açanda düşünürdük ki, süfrəyə nə qoyulacaq?
Beytulla babaya yeni bir sual ünvanlayıram:
– Televizora baxmaqdan, radio dinləməkdən zövq alırsınızmı?
– Ay qızım, bu kənddə oturub dünyanın istənilən yerindən xəbərlərə qulaq asmaq, verilişlərə baxmaq bir vaxtlar ağlımıza da gəlməzdi. Yadıma yenə də yaşadığımız o çətin günlər düşür. Televizora baxmaq, radionu dinləmək kənd yerlərində yaşayanlara çox sonradan nəsib oldu. Telefon isə bir-iki evdə olardı ki, onlar da çox vaxt işləməzdi. Amma bu gün nəvələrimin, nəticələrimin köməkliyi ilə mən dünyanın hər yerindən xəbər verən verilişlərə baxıram. Evimizdə də ən müasir televizorun olması bu cəhətdən heç bir çətinliklə üzləşməməyimizə səbəb olur, – deyən ev sahibi kənddə onlar üçün yaradılan şəraitdən ürəkdolusu danışır:
– Məktəbimizi, xəstəxanamızı, dükanımızı yəqin görmüsən, istədiyimizdən də yaxşıdır. Kaş ki ömür vəfa edəydi, 3-5 il də yaşayıb bu gözəl günlərdə ürəyim istəyən kimi ömür sürərdim.
Söhbət edə-edə çay içdik, çərəz yedik, dadlı qış yeməkləri süfrəyə gətirildi. Bir kəndli ailəsinin bir neçə saatlıq qonağı olmaqla ötənlərdən, keçənlərdən təəssüf hissi ilə danışan ağsaqqalın xatirələrini dinlədik. Dünənindən acı xatirələri yada salıb, bu günlə fərəhlənən dünyagörmüşün söhbətini dinləmək özü də bir istirahət oldu mənim üçün.
Yəqin ki, uzun illər xatirimdə yaşayacaq o günün təəssüratları. Ağsaqqalın söhbətlərindən yaddaşımda ilişib qalanları elə onun öz sözləri ilə oxucularımıza çatdırmaq istədim. İstədim ki, uğrunda qurbanlar verdiyimiz müstəqilliyimizin tarixə çevrilən 25 ilində yurdumuzun gözəlliklərindən, yaşanmış çətin günlərdən şahidlərin özləri danışsınlar. Atalar demişkən, düşündüm ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Və bunu da gördüm ki, doğrudan da, görməklə eşitmək bir-birindən çox fərqlidir.
Keçili kəndindən axşamın sazağında gözəl təəssüratla qayıdırıq. Kəndə gedərkən kənd yolunun təmizlənməsi üçün işləyən maşın-mexanizmlərin gurultusu ilə təbiətin sükutu pozulsa da, artıq təmizləmə işi başa çatdığından ətrafda tam sakitlik hökm sürürdü. Dağların ətəklərinə baş qoyub uyuyan, onu öz geniş ürəyi ilə qucaqlayıb bağrına basan ağappaq, qaryüklü dərələrə baxıram. Bir rəngdə olan təbiətin genişliyi göz oxşayır, ürək açırdı. Xınalı kəkliklərin, dovşanların, qırqovulların səssizlik hökm sürən yolların kənarlarında qar içində səkməsi diqqətimi cəlb edirdi. Qara bata-bata yuvasına tələsən çöl heyvanlarının, quşların bu qədər çoxluğu və hər tərəfdə olması onu göstərir ki, artıq təbiətimizə qənim kəsilənlər yoxdur. Dovşanın, kəkliyin, turacın belə arın-arxayın dərədə-təpədə qış günündə tez-tez görsənməsi bir zamanlar mümkünsüz idi. Onlar da dövlət qayğısı ilə qorundu, artıb çoxaldı. Yolboyu bu gözəlliyin də şahidi oluruq. Elə o andaca düşündüm ki, bu yerlərə qışın oğlan çağında gəlmək, qonaq gətirmək, gəzmək, dolaşmaq özü ən gözəl bir istirahət olar. Axı bu kəndlərimizdə həm də qış turizmi üçün lazımi təbiət mənzərələri, uca dağlar, gen dərələr könül açır.
Dağların yuxuya, dəryaların xəyala daldığı bir qış gecəsində ana torpağımız əfsanəyə, nağıla bürünür elə bil ki. Dan yeri yorğun-yorğun söküləndə gözlərimizə nur gəlir, qəlbimizə fərəh. Nə təkrarsız, nə mübarək gecədir, – deyərək oyandığımız səhərdə Günəşi görmək arzusu ilə pəncərəyə yaxınlaşanda yenə də göydən nur kimi ələnən qar dənəciklərinin asta-asta təbiətin başqa rənglərini “sildiyini” görürük. Çox çəkmir ki, Şahbuz şəhərini qartəmizləyən maşın-mexanizmlərin səsi bürüyür. Hər kəs qardan təmizlənmiş yollarla işə tələsir. İş otağımın pəncərəsindən ətrafa nəzər yetirəndə düşündüm ki, böyük şairimiz demişkən, hələ bunlar nədir ki, gözəl günlər, şən günlər hələ qarşımızdadır.
Şəhla Nəbiyeva