23 Dekabr 2024, Bazar ertəsi

İnsan həyatı və sağlamlığı ən dəyərli nemətdir. Sağlamlığın qorunması üçün maddi təminat həmişə mühüm rol oynayır. Baş verən qəzalar halında insan həyatına və sağlamlığına dəyən zərərə görə sığorta məbləğinin ödənilməsi fərdi qəza sığortasının mahiyyətini təşkil edir.
Fərdi qəza sığortası öz formasına görə könüllü sığortadır. İnsanlar gündə­lik həyatda müxtəlif işlər görür, müxtəlif hava şəraitində yola çıxır və bu zaman texniki vasitələrdən istifadə edirlər. Bu da müəyyən səviyyədə qəza halları ilə rastlaşma ehtimalı yaradır. Bu sığorta növü üzrə əvvəlcədən sığortalanmış şəxslər baş verə biləcək bədbəxt hadisələr zamanı aldıqları sığorta ödənişlərindən faydalanırlar. Başqa sığorta növləri ilə müqayisədə bu sığorta növünün digər üstünlükləri də vardır. Belə ki, başqa bir sığorta növü olan istehsalatda bədbəxt hadisələrdən icbari sığorta zamanı sığortalanan şəxslərə yalnız iş vaxtı baş verə biləcək hadisələrdən təminat verilirsə, fərdi qəza sığortası müqaviləsi olan şəxslərə onların harada və hansı saatda baş verməsindən asılı olmayaraq bütün gözlənilməz bədbəxt hadisələrdən təminat verilir. Bu isə hər bir insana həyatının və sağlamlığının bərpa olunmasına təminat yaradır. Çünki baş verən hadisələrin bəziləri insanların həyat və sağlamlığına zərər vurmaqla ciddi maddi itkilərlə nəticələnir. Ona görə də fərdi qəza sığortasının hər kəs üçün əhəmiyyətli olduğunu deyə bilərik. Başqa sözlə, insana rast gəlinən fiziki, kimyəvi, texniki xarakterli gözlənilməz hadisələrdən dəymiş zərərlərin əvəzini məhz bu yolla ödəmək mümkündür.

Fərdi qəza sığortası zamanı insanların cansağlığının və əmək qabiliyyətinin itirilməsi ilə müşayiət olunan qəfil yanğın, partlayış, donma, suda boğulma, elektrik cərəyanı, ildırımvurma, vəhşi heyvanların hücumu, tənəffüs yollarına yad əşyanın düşməsi, zəhərli bitkilərdən kəskin zəhərlənmə, eləcə də maşın, mexanizm və alətlərdən istifadə zamanı ona dəymiş zərərə görə sığortalı vətəndaşın özü və ya ailəsi sığorta müqaviləsində göstərilmiş məbləğdə sığorta ödənişi ilə təmin olunur. Qeyd etdiyimiz kimi, fərdi qəza sığortası tərəflər arasında razılaşdırılmış sığorta müqaviləsi bağlamaqla həyata keçirilir. Bu müqaviləyə əsasən, sığortalı şəxsin ödədiyi razılaşdırılmış sığortahaqqı müqabilində sığorta hadisəsi baş verdiyi zaman həmin müqavilədə göstərilən sığorta məbləğinin sığortaçı tərəfindən faydalanan şəxsə, yəni sığorta olunana, sığorta olunan bədbəxt hadisə nəticəsində vəfat etdiyi hallarda isə vərəsəsinə verilməsi nəzərdə tutulur.
Fərdi qəza sığorta növü üzrə müqavilə bağlanarkən sığortalı şəxsin ödədiyi sığortahaqqı razılaşdırılmış sığorta məbləğinə və sığorta olunanın peşəsi və məşğuliyyəti nəzərə alınmaqla müəyyənləşdirilən tarif dərəcəsinin sığorta məbləğinə nisbətdə hesablanmış pul məbləğidir. Başqa sözlə, fərdi qəza sığortası üzrə tarif dərəcəsi risklərin səviyyəsindən asılı olaraq 0,5 faizdən 2 faizədək məbləğdə müəyyənləşdirilir. Məsələn, aşağı risk dərəcəsində min manat dəyərində sığorta məbləği üçün 0,5 faiz tarif dərəcəsi ilə 5 manat sığortahaqqı ödəməklə müqavilə bağlamaq mümkündür. Beş min manatlıq sığorta məbləği üçün isə müqavilə bağlandıqda 0,5 faiz tarif dərəcəsi ilə 25 manat sığortahaqqı ödənilməlidir. Nisbətən yüksək risk səviyyəsi mövcud olduqda isə min manatlıq sığorta məbləği üçün 1 faiz tarif dərəcəsi ilə 10 manat sığortahaqqı, beş min manatlıq sığorta məbləği üçün isə 50 manat sığortahaqqı ödənilməklə müqavilə bağlanır.
Göründüyü kimi, fərdi qəza sığortası insan amilinə qayğı ilə yanaşmada mühüm vasitədir. Müasir cəmiyyətimizə xas olan fəal həyat tərzi və işgüzarlıq, insanların texnikadan və nəqliyyat vasitələrindən daha çox istifadə etməsi, öz növbəsində, gözlənilməz qəfil qəza hadisələrinə də rast gəlmə ehtimalının artmasına səbəb olur. Belə gözlənilməz bədbəxt hadisələrdən vaxtında sığortalanmaq isə insanların dəymiş maddi zərərlərdən xilas olunmasında mühüm köməkdir.

Hafiz Hüseynov
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta
Agentliyinin baş mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR