23 Dekabr 2024, Bazar ertəsi

2016-cı ilin may ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasına ikinci səfərim zamanı mən Culfa rayonunda olan tarixi abidələri – Berdi qalasını, Boy­əhməd nekropollarını, Dilək pirini və Culfa nekropolunu tədqiq etdim.
Tarixi-arxeoloji abidə olan Berdi qalası Culfa rayonunun Qazançı kəndinin cənub-şərqində yerləşir. Qədim türk dilində “Berdi” sözü “qala” mənasını ifadə edir, həmçinin yakut türklərinin müasir dilində də eyni mənanı daşıyır. Bu ad hazır­da Azərbaycanın Bərdə şəhərinin adında, Berd qalasında və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır. Sözün birinci “börü” tərkibi qədim türk dilində “qurd” mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub “qala” mənasını ifadə edir. Berdi qalası təbii qayanın üzərində yerləşir və hər iki tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarlarının qalıqlarına rast gəlinmişdir. Qalanın mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları vardır. Yaşayış binaları bir­otaqlıdır. Berdi qalasında aparılmış arxeoloji tədqiqatlar zamanı beynəlxalq alimlər oradan orta əsrlərə aid keramika məmulatları aşkar etmişlər. Qalanı I-XVIII əsrlərə aid etmək olar.

Culfa rayonunun Boyəhməd kəndinin cənub-qərbində, Dərəçayın hər iki sahilində arxeoloji abidə olan I Boyəhməd nekropolu yerləşir. Hər iki tərəfdən hündür dağlarla əhatə olunan və 500 kvadratmetr sahəni əhatə edən nekropol 1989-cu ildə ərazidə aparılan tikinti işləri zamanı aşkar olunmuşdur. Dağılmış qəbirlərdən arxeoloji abidələrin bir qismi toplanmışdır. 1991-ci ildə arxeoloji ekspedisiya Boyəhməd nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini tədqiq etmiş, tapıntıların bir qismini də yerli əhalidən toplayıb Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil vermişdir. Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və digər materiallar aşkar edilmişdir. Tədqiqatlara əsasən, qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı müşahidə edilmişdir. Qazıntı sahəsinin 1 metr dərinliyindən başlayaraq insan skeleti qalıqlarına və qəbrin qərb divarının yaxınlığında cənub-qərb istiqamətə yönəlmiş, təpəsi aşağı, üzü yuxarı olan iki kəllə sümüyünə təsadüf edilmiş, altından tunc xəncərlər tapılmışdır. Üçüncü kəllə onlardan 20 santimetr aralıda dikinə qoyulmuşdur, dördüncü kəllə cənub divarı yaxınlığında aşkar olunmuş, altından isə tunc qın tapılmışdır. Skeletlərin ətrafından bəzək əşyaları (bilərziklər, boyunbağılar, üzüklər, asmalar, muncuqlar), qəbirdən isə boz rəngli gil məmulatları (küp, qədəhtipli qablar, kasa, nimçə, badya) əldə edilmişdir. Aşkar olunmuş məmulatlara əsasən, Boyəhməd nekropolunun eramızdan əvvəl I min­illiyə aid olması ehtimal olunur.
İlk Dəmir dövrünə aid arxeoloji abidə olan II Boyəhməd nekropolu Culfa rayonunun Boy­əhməd kəndinin şimalında yerləşir. Şimal və cənub-şərqdə dərin dərə ilə məhdudlaşan qəbiristanlıq hündür dağın yamacında yerləşir. Nekropol 1991-ci ildə tədqiq edilmişdir. Qəbirlər heç bir yerüstü əlamətə malik deyil. Ərazidə yol çəkilişi aparılarkən dağılmış daş qututipli qəbirdən iki ədəd tunc bilərzik, tunc bıçaq və gil qab nümunələri aşkar olunmuşdur.
Diqqətimi çəkən digər arxeoloji abidə Culfa rayonunun Qazançı kəndində yerləşən Dilək piridir. Pir daşdan tikilmiş birotaqlı binadan ibarətdir. Giriş cənub tərəfdəndir. Pirin şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində isə bir dördkünc formalı taxçası vardır. Binanın interyeri sadə olub gəclə suvanmışdır. Binanın fasadında kiçikhəcmli üçbucaq formalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır. Binanın daxili İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini motivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikililəri XIX əsrə aid olsa da, ətrafda aşkar olunan şirli və şirsiz saxsı məmulatlar onun erkən orta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir.
Culfa bölgəsinə səfərimi Culfa nekropoluna qısa bir ziyarət ilə yekunlaşdırdım. Culfa yaxınlığında yerləşən və Tunc dövrünə aid olan bu arxeoloji abidə 1939-1940-cı illərdə Culfa dəmiryol xəttinin çəkilişi zamanı təsadüfən aşkar olunmuşdur. Abidə dağıdılmış qutu qəbirlərdən ibarətdir. Ərazidən aşkar olunan unikal monoxrom və polixrom boyalı gil qablar (küpə, kasa, çaydan və qədəhtipli qab nümunələri) Naxçıvan Muxtar Respublikasının Avroasiya və ümumilikdə Qafqaz regionuna təsir edən arxeoloji xəzinələrini təcəssüm etdirir. Yüksək sənətkarlıqla hazırlanmış müxtəlif tunc bəzəklər (üzəri cızma ornamentlə naxışlanmış bilərzik və boyunbağılar), metal əşyalar (yastı tiyəli, şəbəkəli dəstəyi olan xəncər, Ön Asiya tipli dörd xəncər, ox və nizə ucluqları, sancaqlar, tunc toppuz və sair) ərazidən aşkar olunmuşdur. Tapıntılar eramızdan əvvəl XIII-IX əsrə aiddir. Aşkar olunmuş materiallar Gürcüstanın Dövlət Tarix Muzeyində saxlanılır.
Qarşıdan gələn növbəti iki ildə Naxçıvan Muxtar Respublikası tarix, arxeologiya, elm, diplomatiya və ilahiyyat sahəsində təcrübəyə malik olan müxtəlif beynəlxalq liderləri qarşılamağa hazırlaşır. Şübhəsiz ki, Culfa regionu tezliklə Azərbaycan Respublikasının mühüm arxeoloji və mədəni xüsusiyyətlərini özündə birləşdirən cazibədar bir region kimi üzə çıxacaqdır.

Peter Tase
17.01.2017
Amerika Birləşmiş Ştatlarının
"Foreign Policy News" qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR