Dünən axşam saatlarından başlayaraq Naxçıvan şəhərinə yağan qar küçə və prospektlərin, yaşayış massivlərinin, park və xiyabanların görkəmini tamamilə dəyişib. Aidiyyəti qurumların bu prosesə hazır olması qarşıya çıxan çətinliklərin qısa zamanda aradan qaldırılmasını mümkün edib. Qısa vaxt ərzində yollar qardan təmizlənib, nəqliyyatın hərəkətində fasilələr yarada biləcək amillər aradan qaldırılıb. Bunun nəticəsidir ki, səhər saatlarında yola çıxan insanlar mənzil başına vaxtında çata biliblər.
Axşamdan yağan qar enerji və təbii qazın verilişində də fasilələr yaratmayıb. Bu da onunla bağlıdır ki, sözügedən sahələrə cavabdeh olan qurumlar qış mövsümünə ciddi hazırlıq işləri görüblər.
Ümumiyyətlə, qarlı-şaxtalı günlərdə muxtar respublika sakinləri daha çox ehtiyac duyulan kommunal xidmətlər sarıdan heç bir problemlə qarşılaşmayıblar. Bir sözlə, aramsız yağan qar muxtar respublika sakinlərini yeni qayğılarla, çətinliklə yox, bənzərsiz qar mənzərələri ilə qarşılaşdırıb, insanlara xoş əhval-ruhiyyə bəxş edib.
Səhər saatlarında Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinə aparan yollar da tamamilə qardan təmizlənib, nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən aldığımız məlumata görə, Naxçıvan şəhərində qarın qalınlığı 10, Şahbuz rayonunun ucqar dağ kəndi olan Kükü kəndində 62, 3000 metr yüksəklikdəki ərazilərdə 72 santimetrdir.
Səbuhi Hüseynov