23 Dekabr 2024, Bazar ertəsi

Ailələr xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır. Sevindirici haldır ki, cəmiyyətimizdə ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Bu da muxtar respublikada ailə dəyərlərinin əsrlərdir olduğu kimi qorunması və onun təməl prinsiplərinin möhkəm dayaqlar üzərində olması ilə bilavasitə bağlıdır. Muxtar respublikada ailə dəyərlərimizin yaşadılmasına yönəlmiş görülən işlər planlı şəkildə, dövlət siyasəti səviyyəsində həyata keçirilir. Ötən il də ailə dəyərlərinin qorunması, yeni nəslə aşılanması, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində ardıcıl tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, ailə dəyərləri, ailə münasibətlərinin tənzimlənməsi, reproduktiv sağlamlığın qorunması, sağlam həyat tərzi, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən və qohum nikahlarının, internet və sosial şəbəkələrdən qeyri-düzgün istifadənin fəsadları ilə bağlı 13 dəfə muxtar respublikanın rayon və kənd mərkəzlərində qadın və gənclər arasında tədbir keçirilib, 12 dəfə tam orta məktəblərdə şagirdlər arasında maarifləndirici söhbətlər aparılıb. Keçirilən tədbir və seminarlarda iştirak edən iki minə yaxın müxtəlif yaş qruplarından olan qadın, uşaq və gənclərə komitə tərəfindən hazır­lanmış ailə dəyərləri mövzusunda maarifləndirici broşür paylanılıb. Tədbirlərdə milli dəyərlərimizin tərkib hissəsi olan ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi, ailə münasibətlərində adət-ənənəyə yer verilməsi, sağlam ailənin formalaşmasının əsasları, ailə üzvlərinin hüquq və vəzifələrinin düzgün yerinə yetirilməsi, müasir texnologiyaların gənc ailələrə təsiri istiqamətində söhbətlər aparılıb.

Uşaq və qadınlar arasında 10 dəfə şeir, inşa yazı, rəsm, milli yeməklər, şirniyyatlar, əl işləri, film və foto müsabiqəsi, 3 dəfə festival, 11 dəfə qadınların əl işlərindən ibarət sərgi təşkil edilib, xüsusi qayğıya ehtiyacı olan qadınlar milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarına cəlb olunub. Ailə dəyərlərinin qorunması və yaşadılması baxımından ötən il keçirilən “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda yaradıcılıq müsabiqəsini xüsusilə qeyd etmək lazımdır. Çünki film və fotolar medianın bir hissəsi olduğundan bunların hazırlanması və yayılması xalqımızın ailə dəyərləri haqqında ictimaiyyətdə rəy formalaşdırmaq gücündədir. Adıçəkilən müsabiqəyə 80 ədəd film və foto təqdim edən iştirakçılar adət-ənənələri, ənənəvi ailə münasibətləri və ailə mədəniyyəti, ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti, ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı, övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı kimi xalqımızın ailə dəyərlərini kosmetik yox, fundamental əsaslarla göstəriblər. Təbii ki, film və fotolar müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməklə yekunda ailə dəyərlərimizin mükəmməlliyini açıb, bununla yeni ailə həyatı quracaq gəncləri maarifləndirib.
Muxtar respublikada uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi artıq ənənəyə çevrilib. Bu da dövlətimiz tərəfindən cəmiyyətimizin heç bir üzvünün, o cümlədən ahıllarımızın, yaşlı insanlarımızın unudulmadığının göstəricisidir. Ötən il komitə tərəfindən 10 nümunəvi uzun­ömürlü ailənin evlilik yubileyləri (gümüş, qızıl, brilyant, zümrüd, dəmir toyları) qeyd olunub. Bundan əlavə, komitədə yaradılan məlumat bazasına 220 uzunömürlü ailə haqqında məlumatlar əlavə edilib.
Nəsillərarası münasibətlərin qorunub saxlanılması, adət-ənənələrin, ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi, xalqımızın dünənindən bu gününə, bu günündən sabahına ailə mənəviyyatını ehtiva edən körpünün yaradılması komitənin fəaliyyət istiqamətinin əsas mahiyyətidir. Ona görə də uzunömürlü ailələrin keçdiyi həyat yolunu, ailələrin uzun­ömürlü olmalarının sirlərini yeni nəslə aşılamaq üçün uzunömürlü ailələrlə yeniyetmə və gənclərin dəyirmi masa arxasında görüşləri təşkil edilib, diskussiyalar aparılıb.
Humanist olmaq, qayğı göstərmək, xüsusi qayğıya ehtiyacı olanları sevindirmək ən qiymətli ailə dəyərlərimizdəndir. Bu məqsədlə ötən il 16 ahıl tənha qadına və aztəminatlı ailəyə baş çəkilib, onların ümumi problemləri ilə maraqlanılıb, aradan qaldırılması ilə bağlı işlər görülüb, onlara məişət əşyası və ərzaq payı verilib. Həmçinin 80 nəfər aztəminatlı ailələrin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar geyim dəstləri ilə sevindirilib.
İllər dəyişdikcə, qloballaşma adı ilə xalqların dəyərləri sıxışdırıldıqca ailə dəyərlərimizi qoruyub saxlamaq daha çox zərurətə çevrilir. Ailə dəyərlərimiz ilk olaraq təlim-tərbiyə, əxlaq və mənəvi normalardır. Heç bir müasir çalarlı təlim-tərbiyə formaları ailə dəyərlərimiz kimi insanı kamilləşdirmək gücündə deyil. Ona görə də xalq olaraq ailə dəyərlərimiz əsasında formalaşan həyat tərzimiz dəyişilməzdir. Muxtar respublikada dövlətin həyata keçirdiyi ailə siyasətinin bu və ya digər aspektləri nəzərə alınaraq cari ildə də komitə tərəfindən Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət pro­qramlarında əksini tapmış ailə dəyərləri ilə bağlı vəzifələrin icrası və verilən tapşırıqlar diqqət mərkəzində saxlanılacaq, sağlam ailələrin formalaşdırılması, xalqımızın ailə dəyərlərinin yaşadılması istiqamətində maarifləndirici tədbirlərin, yaradıcılıq müsabiqələrinin keçirilməsi, xüsusi qayğıya ehtiyacı olan ailələrin problemlərinin həlli və sair işlər davam etdiriləcəkdir. 2017-ci ildə də komitənin bu sahədə əsas hədəfi cəmiyyətə, ictimai mühitə daha yaxın olmaq, ailə dəyərlərinin təbliğində ünvanlılığı təmin etmək, əsrlərdən gələn xalqımızın mənəvi simasını yeni nəslə aşılamaqdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR