Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci ilin yanvar ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülməklə, yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürülüb. Eyni zamanda məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanların da plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına müavinətlərin ödənilməsi təmin edilib.
Məqsədyönlü tədbirlərin nəticəsi kimi muxtar respublikamızda təyin olunmuş pensiyaların plastik bankomat kartları vasitəsi ilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Muxtar respublikada ödənişlərin plastik kartlar vasitəsi ilə həyata keçirilməsi üçün Naxçıvan şəhərində 56, Şərur rayonunda 10, Babək rayonunda 6, Ordubad rayonunda 4, Culfa rayonunda 9, Şahbuz rayonunda 5, Kəngərli rayonunda 4, Sədərək rayonunda isə 5 bankomat quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bu da nəticədə, muxtar respublikada yaşayan əmək pensiyaçılarının pensiyalarını ən yaxın məsafədə olan bankomatlar vasitəsilə almasına şərait yaradıb. Müvafiq müqavilələrə əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada fəaliyyət göstərən bank qurumları ilə əməkdaşlıq edir. Muxtar respublika üzrə əmək pensiyaçılarının 100 faizi öz pensiyalarını plastik bankomat kartları vasitəsilə alır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti