28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltməkdir.
2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü dövlət səviyyəsində qeyd olunur. Həmin gün ərəfəsində ölkəmizdə əməyin mühafizəsi işinin təşkili mövzusunda müxtəlif tədbirlər keçirilir, işəgötürənlərin diqqəti bir daha bu məsələyə cəlb edilir, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsiylə bağlı müvafiq təlimatlandırma işləri aparılır.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlamış, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirmiş, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ hüquqi aktlar qəbul edilmişdir. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarını müəyyən edir. 1999-cu il iyulun 1-də qəbul edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi” isə bu sahədə qanunvericilik hüququnu tənzimləyən əsas dövlət sənədidir. Məcəllənin 30-dan artıq maddəsi əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələrinə, o cümlədən əməyin mühafizəsini tənzim edən norma və qaydalara həsr olunmuşdur. 1997-ci ildə ölkəmizdə Dövlət Əmək Müfəttişliyinin yaradılması isə vətəndaşların əmək hüquqlarının təmin olunmasında dövlət nəzarətinin gücləndirilməsinə səbəb olmuşdur.
Bu gün ölkəmizdə vətəndaşların bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanı ilə tikinti sektorunda əmək münasibətlərinin qanunun tələblərinə uyğunlaşdırılmasına, o cümlədən əməyin mühafizəsinə və texniki təhlükəsizlik normalarının təmin olunmasına nəzarət artırılmışdır.
Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması istiqamətində muxtar respublikada da ardıcıl tədbirlər görülür. Son illər muxtar respublikamızda tikinti-quraşdırma, təmir və abadlıq işlərinin həcmi davamlı olaraq artmış, yeni istehsal və xidmət sahələri yaradılmış, minlərlə yeni iş yerləri açılmışdır. Bütün bunlar da, öz növbəsində, istehsal və tikinti sektorunda çalışan işçilərin əmək şəraitinin yüksək səviyyədə təşkil olunmasını, iş yerlərində əmək qanunvericiliyinin tələblərinə riayət edilməsini, təhlükəsiz və sağlam iş yerlərinin yaradılmasını, əməyin mühafizəsi mədəniyyətinin formalaşmasını və günün tələbləri səviyyəsində qurulmasını zəruri edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2011-ci il iyunun 8-də və 2012-ci il fevralın 27-də istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması ilə əlaqədar keçirilən müşavirələr iş yerlərində insanların sağlamlığının qorunmasına, ümumilikdə, insan kapitalına verilən yüksək dəyərin ifadəsidir. Həmin müşavirələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aidiyyəti orqanlara verdiyi konkret tapşırıqlara uyğun olaraq, müəssisələrdə müəyyən olunmuş əməyin mühafizəsi tədbirlərinə, işçilərin hüquqlarının təminatına əməl edilməsinə nəzarət artırılmışdır. Belə ki, ötən il ərzində istehsal və tikinti sahəsində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyəti ilə əlaqədar 545 müəssisədə nəzarət həyata keçirilmiş, 51 obyektin fəaliyyəti əməyin mühafizəsi norma və qaydalarına uyğunlaşdırılmış, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına dair 103 halda icrası məcburi olan göstərişlər və 700 işçiyə işin xarakterinə uyğun fərdi mühafizə vasitələri verilmişdir. Bununla yanaşı, işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 363 müəssisədə işçilərlə icbari sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü il fevralın 4-də “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən mülkiyyətindən asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda işçilərlə əmək müqaviləsinin bağlanması vəziyyətinin, bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin mövcudluğunun araşdırılması, əməyin mühafizəsinin təşkili vəziyyətinin mütəmadi olaraq nəzarətdə saxlanılması barədə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq, bu ilin birinci rübündə əməyin mühafizəsi ilə bağlı 114 istehsal müəssisəsi və tikinti sahəsinə nəzarət həyata keçirilmiş, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına dair 7 halda icrası məcburi olan göstərişlər verilmişdir. Bununla yanaşı, cari ilin ötən dövründə işçilərin icbari sığortası nəzarətdə saxlanılan 151 işçi ilə bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanması təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Dövlət Əmək Müfəttişliyi Xidməti səyyar laboratoriya avtomobili və avadanlıqları ilə təmin olunmuşdur. Laboratoriyadakı səyyar avadanlıqlar emal və tikinti sahələrində çalışan insanların sağlamlığına mənfi təsir göstərən amillərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən müasir portativ avadanlıqlar vasitəsilə iş sahələrində insan sağlamlığına mənfi təsir göstərən, peşə xəstəliyinə zəmin yaradan amillər müəyyənləşdirilərək aradan qaldırılır.
Bu gün muxtar respublikada işəgötürənlər tərəfindən işçilərin əməyin mühafizəsinin norma və qaydalarına əməl etmələri, həmçinin əmək məhsuldarlığının yüksəldilməsi nəzarətdə saxlanılır. İstehsal və tikinti sahələrində iaşə, soyunub-geyinmə üçün çadır və köşklər təşkil edilir, işçilərin nahar və istirahət etmələri üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, normal iş vaxtı müəyyənləşdirilir. Həyata keçirilən bu tədbirlər iş prosesində hər bir işçinin peşə vərdişlərindən səmərəli istifadə etməsinə və görülən işlərin keyfiyyətinin yüksəldilməsinə öz təsirini göstərmişdir.
Əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin təşkili vəziyyəti mütəmadi olaraq yoxlanılmalı, qanunvericiliyə uyğun olaraq, işçilərlə əmək müqaviləsinin bağlanması vəziyyəti, onların bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olub-olmaması araşdırılmalıdır”. Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq, bu gün muxtar respublikada işçilərin əmək hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür, bu sahədə əldə olunan müsbət dinamika uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti