Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bayram günlərində müxtəlif tədbirlər keçirilir, hər bir muxtar respublika sakini bu bayramı gözəl əhval-ruhiyyə ilə qarşılamağa çalışır. Mədəniyyət müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə Yeni il şənliklərinin keçirilməsi məqsədilə müvafiq hazırlıq işləri aparılır. Bu vaxt əsas şərtlərdən biri şənliklərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasıdır. Adi bir ehtiyatsızlıq xoşagəlməz hadisəyə, yanğının baş verməsinə səbəb ola bilər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Yeni il şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq mədəniyyət, təhsil müəssisələrində və insanların bayram şənliyinə toplaşdığı yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi Yeni il tədbirlərinin keçirilməsi zamanı yanğın hadisələrinin baş verməməsi və xoşagəlməz hadisələrlə üzləşməmələri üçün vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını tövsiyə edir.
Küknar ağacı möhkəm dayaq üzərində qurulmalı və ətrafında sərbəst hərəkət etmək üçün geniş məsafə saxlanılmalıdır. Küknar ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. Elektrik cərəyanından istifadə edərkən tənzimləyicilərin vasitəsilə 12 voltluq gərginlikli lampalardan istifadə olunmalı, elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolyasiya edilməlidir. Şənliklər zamanı, adətən, bir neçə güclü elektrik şəbəkəsi həddindən artıq yüklənir və yanğın təhlükəsi yaranır. İşıqlandırmada nasazlıq hiss olunduqda, yəni naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
Yeni il şənliyi keçirilərkən şamlardan, qığılcımsaçanlardan istifadə edilməsi, şam ağacının oyuncaqlarla, eləcə də pambıqla bəzədilməsi və işıqlandırılması qadağandır. Yeni il şənlikləri keçirilərkən azyaşlı uşaqlara qızdırıcı və yaxud işıqlandırıcı cihazlardan istifadə edilməsi qadağan olunmalıdır. Yadda saxlamaq lazımdır ki, bir elektrik uzadıcısına bir neçə elektrik cihazı qoşularsa həmin xətt artıq yüklənir və yanğın təhlükəsi yaranır. Bayram şənlikləri keçirilən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Küknar ağacının yanında rəngbərəng lampaların yandığı zaman azyaşlı uşaqları valideynlərin nəzarətindən kənarda saxlamaq olmaz. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Uşaq bağçalarının və mədəniyyət ocaqlarının rəhbərləri bilməlidirlər ki, küknar ağacları qurulan otaqlardan xaricə iki sərbəst çıxış yolu olmalıdır və həmin çıxışların qapıları mütləq çıxış istiqamətinə açılmalıdır. Çıxış qapılarının qarşısına kənar əşyalar yığılmamalıdır.
Yeni il tədbirləri və şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə həmin yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Bayram şənliklərinin keçirilməsi nəzərdə tutulan zallarda və otaqlarda siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə çıxış qapılarını bağlamaq və otağa təyin olunmuş normadan artıq adam yerləşdirmək qadağandır. Yaşayış evlərində küknar ağacı soba və başqa qızdırıcı cihazlardan aralı məsafədə möhkəm özül üzərində quraşdırılmalıdır. Uşaqlarının istəyini nəzərə alan valideynlər evlərində küknar ağacı qururlar. Bu zaman onlar mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər. Yolka şənlikləri zamanı ən çox yanğınlar uşaqların dəcəlliyindən baş verir. Ona görə də Yeni il şənlikləri keçirilərkən kiçikyaşlı uşaqları xüsusilə nəzarətdə saxlamaq lazımdır. Onlara qızdırıcı və işıqlandırıcı cihazlardan istifadə etmək qadağan olunmalıdır.
Qeyd olunanlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin vaxtında qarşısının alınması üçün vətəndaşlarımız diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməlidirlər.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı