Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 2016-cı il ərzində məcburi dövlət sosial sığortası üzrə müavinətlərin maliyyələşdirilməsi hər ay vaxtından əvvəl başa çatdırılıb.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq plastik bankomat kartlara köçürülüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari il ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən, məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan 513 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 6027 nəfər sığortaolunana uşağın anadan olmasına, 1331 nəfərə hamiləliyə və doğuma görə, 1581 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib. Eyni zamanda vəfat etmiş 106 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə isə dəfn üçün müavinət verilib. Ümumilikdə, muxtar respublika üzrə 9558 nəfər sığortaolunana fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib.
Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müvafiq müavinətlərin məbləği isə yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz. Məlumat üçün bildirək ki, ölkə başçısının müvafiq fərman və sərəncamlarına uyğun olaraq uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 2016-cı ilin fevral ayından etibarən 99 manat, uşağa qulluğa görə müavinətin məbləği bir yaş yarımadək uşağa qulluğa görə 40 manat məbləğində, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 25 manat olaraq müəyyənləşdirilib, sığortaolunanlar vəfat etdikdə isə dəfn üçün müavinətin məbləği 132 manat məbləğində təyin olunub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti