Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş bu yaşayış məntəqəsi müasir Azərbaycan kəndidir
İlk gəldiyimiz qənaət
Yer kürəsində mövcud olan on bir iqlim qurşağının doqquzunun diyarımızda mövcud olması elm tərəfindən sübuta yetirilmişdir. Buna inanmayanlar ola bilər. Ancaq bu qədim yurd yerinin müxtəlif ünvanlarına yolu düşənlər elmin sübut etdiyi faktın həqiqət olması ilə qeyd-şərtsiz razılaşarlar. Xüsusilə də muxtar respublikanın ucqar dağ yaşayış məntəqələrində ilin bütün fəsillərində bu reallıqla rastlaşmaq mümkündür.
Bu günlərdə yolumuz Culfa rayonunun Boyəhməd kəndinə düşmüşdü. Rayon mərkəzindən 64 kilometr aralıda yerləşən kəndə çatmamış uzaqdan görünən, Boyəhmədi əhatəyə alan, möhtəşəmlik mücəssəməsi olan “səngərdən qalalı dağlar” diqqəti çəkirdi. Maraqlı məqam onda idi ki, kəndin cənub-şərqində yerləşən dağın quş da səkə bilməyən, ün yetməyən zirvəsində qar hələ də əriməmişdi. Sanki yaşıl xalı salınmış, lalənin laləni çağırdığı yamaclarda isə qoyun-quzu sürüləri otarılırdı. Bu mənzərəyə baxdıqca gözlərim önünə muxtar diyarımızın dilbər guşələrindən olan Ordubad rayonunun Tivi, Nəsirvaz, Ələhi, Şahbuz rayonunun Ağbulaq, Yuxarı Qışlaq, Babək rayonunun Yuxarı Buzqov və digər yaşayış məntəqələri gəlirdi. Hər biri böyük bir qəzet yazısının materialı olan bu ünvanlara yolu düşənlər təbiətin belə mənzərələri qarşısında təəccüblərini gizlədə bilmirlər. Həmin mənzərələrdən doymaq mümkün deyil. Belə yurd yerlərində yaşamağın özü bir xoşbəxtlikdir. Boyəhməddə yaşayanlar da taleyin bu bəxşişindən xeyli razıdırlar. Uzunömürlü insanları gənclərlə bərabər qurub-yaradır, səhərləri gün doğmamışdan qarşılayır, hər açılan sabahı yeni günün töhfəsi sayırlar.
Bu, Boyəhməd kəndidir və ya yaşayış məntəqəsinin tarixi haqqında bir neçə söz
Avtomobilimiz ötən il istifadəyə verilmiş Boyəhməd Kənd Mərkəzinin qarşısında dayanır. Redaksiyamızın fotoqrafı Əli Xudiyev hələ kəndə girməmiş yoldan gördüyümüz mənzərələri fotoaparatın yaddaşına köçürmək üçün bir anda avtomobildən düşərək özünə mövqe seçir. Bu vaxt bizə yaxınlaşan bir nəfərlə tanış oluruq. Özünü təqdim edir. Öyrənirik ki, kənd tam orta məktəbinin müəllimi Nizami Yaqubovdur. Nizami müəllimin maraqlı müsahib olduğu ilk anda üzə çıxır. Kəndin adı ilə bağlı dəqiq məlumatı olmadığını bildirsə də, yaşayış məntəqəsinin tarixindən həvəslə danışır. Bildirir ki, indiki yaşayış məntəqəsinin şimal-qərbində, Dərəçayın sol sahilində İlk Dəmir dövrünə, cənub-qərbdə erkən orta əsrlərə, şimal-şərqdə isə orta əsrlərə aid yaşayış yerləri mövcuddur. Hər 3 yaşayış yerində 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Birinci yaşayış yerindən gil qab qırıqları, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşları tapılmışdır. Bu abidənin eramızdan əvvəl birinci minilliyin birinci yarısına aid olması ehtimal edilir. İkinci yaşayış məntəqəsi şimalda və şərqdə dağ silsiləsi, şimal-qərbdə və cənub-qərbdə dərin dərələrlə əhatə olunmuşdur. Yaşayış yerinin III-IX əsrlərə aid olması güman edilir. Üçüncü yaşayış yeri şimal-şərqdə hündür dağlarla, cənubda isə torpaq yolla əhatələnmişdir. Bu abidənin isə XIV-XVII əsrlərə aid olması ehtimal olunur. Nizami müəllim onu da bildirir ki, kəndin tarixi ilə bağlı daha 2 arxeoloji abidə tapılmışdır. Abidələrin birinin sahəsi 5 min kvadratmetrdir. Hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Buradan 2 dağılmış və 2 salamat qalmış qəbir, tunc xəncərlər, tunc qın, bilərziklər, boyunbağılar, küp, qədəhtipli qablar, nimçə və sair tapılmışdır. İkinci abidə isə hündür dağ yamacında yerləşir. Buradan da müxtəlif arxeoloji materiallar əldə edilmişdir.
Söhbəti kənd məktəbində davam etdiririk
“Şərq qapısı” qəzeti redaksiyasından gəldiyimizi eşidib kənd adamları ikibir, üçbir məktəbin həyətinə yığışırlar. Ömrünün doqquzuncu onilliyini yaşayan Əmralı Novruzov, digər uzunömürlülər Tahir Əliyev, Nəsrəddin Quliyev və başqaları ilə həmsöhbət oluruq. Bu ixtiyar qocaların söhbətlərinin hələ də təsiri altındayıq. Daha bir qənaətə isə burada gəlirik: naxçıvanlıların doğma yurd yerinə, boya-başa çatdığı torpağa bağlılığını elə bu kiçik yaşayış məntəqəsində görmək olar. Çoxlarında yaranan “dağ kəndində yaşamaq çətindir” fikrini onlar, birmənalı olaraq, rədd edirlər. Əmralı kişi deyir ki, Boyəhməddə 20-yə yaxın bulaq var: Qoşa çeşmə, Soyuqbulaq, Qarlı dərə və suyu dişgöynədən digər bulaqlar öz mənbəyini Kiçik Qafqaz dağlarının ətəklərindən götürürlər. Kənddən axan Böyükçayın da suyu içməlidir. Bu çay isə Göy dağın ətəklərindən qidalanaraq Boyəhməddən keçib Əlincəçaya birləşir. Onu da bildirdilər ki, Göy dağ dəniz səviyyəsindən 2721 metr hündürlükdə yerləşir.
Tahir Əliyev söhbətə qoşulur: “Bu kəndin dağ yamaclarında bitən armudu, alması, həmərsini, qara və qırmızı yemişanı və digər meyvələri can dərmanıdır. Bu ildən o biri ilə kimi saxlayırlar. Soyuducuda yox, açıq hava şəraitində. Nə xarab olur, nə də keyfiyyətini itirir. Odur ki, belə sortları ilbəil artırırıq. Meyvə bağı salmağa yerimiz də az deyil. Elə bu kəndi əhatəyə alan Dəvəyatağı, Qaranlıqdərə, Qırxlar piri, Qız-gəlin çuxuru, Gədik dağlarının yamaclarında hələ yüzlərlə ağac əkməyə imkanımız var. Hər ilin yaz və payız mövsümlərində yüzlərlə ağac əkilir”.
Nizami müəllim bildirir ki, bu dağlar Kiçik Qafqaz dağlarının ətəklərindədir. Zəngəzur sıra dağlarından 13 kilometrə qədər bir ərazidə yerləşirlər. Bu ərazidən Ordubad rayonundakı Gəmiqayaya gedən yol üstündə yerləşən kəndlərə yollar var. Tarixən həm o kəndlərin, həm də Boyəhmədin sakinləri həmin yollardan istifadə ediblər.
Qədim adət-ənənələr qorunub saxlanılır
Kənd ağsaqqalı Nəsrəddin Quliyev deyir ki, ölkəmizin çox yerlərində olmuşam. Toy şənliklərində, yas mərasimlərində, bayramlarda iştirak etmişəm. Heç bir yerdə adət-ənənələrimizə Naxçıvanda olan qədər bağlılıq görməmişəm. Naxçıvanlılar bu adət-ənənələrə ən qiymətli sərvət kimi baxırlar, onları qoruyurlar. Əgər belə olmasaydı, yaşı yüz illəri ötən bu dəyərlərimiz bu gün yaşamazdı. İstər toy şənlikləri, istər yas mərasimləri ilə bağlı adətlərimiz özünəməxsus cəhətləri ilə seçilir. Elə bu anda Nəsrəddin kişiyə daha bir sual ünvanlayırıq:
– Bəs Boyəhməd kəndinə məxsus olan adətlər də vardırmı? Sualımı eşitcək kənd adamlarının bir-birindən qabağa düşərək cavab vermək istədiklərini görürəm. Ancaq hiss edirəm ki, burada da ağsaqqala ehtiram böyükdür. Odur ki, sualıma ağsaqqalın özü cavab verir:
– Bütün toy və yas, Novruz adətlərimizə indi də əməl olunur. 30-40 il bundan qabaq toylarımız necə olubsa, indi də elə keçirilir. Hətta kənddən köçüb şəhərdə yaşayan tək-tük boyəhmədli də öz övladının toy mərasimini gətirib kənddə keçirir. Necə deyərlər, el adəti, dədə-baba qaydası ilə keçirilən bu toylar kənddə əsl bayram əhval-ruhiyyəsi yaradır. Üç gün çalınan toyun səsi Boyəhməd dağlarına yayılır. Qara zurna, saz indi də toylarımızın yaraşığıdır. Bir də ki toyun hər gününün öz mərasimləri var. Boyəhməd toylarında yaranan bir adət də var ki, bu adətə heç bir yerdə rast gəlməmişəm. Bu, toylarda icra olunan “Asma-kəsmə” oyunudur. Oyunun qaydası belədir ki, bəy toyun ikinci günü Xan rolunda oynayır. Toyda müxtəlif vəzifələri yerinə yetirən adamları yanına çağırır. Bəyə əvvəlcədən məlumat verilir ki, kimsə öz vəzifəsini doğru-dürüst yerinə yetirməyib. Bəy vəzifəsini yerinə yetirməyən şəxsdən nə üçün elə etdiyini soruşur, məsələni araşdırır və günahkara “cəza” verdirir.
– Bəs “cəza” nədən ibarət olur?
– Kəndin ən uca zirvəsinə ayaqla qalxmaq, çətin yerinə yetirilən idman hərəkətləri etmək. Təzə bir “cəza” növü də tapmışıq. Mövsüm vaxtına düşərsə, vəzifəsini yerinə yetirməyən adam 5-10 ting əkməlidir. Boyəhməddə olan digər bir adətə isə Ordubad rayonunun Tivi, Şahbuz rayonunun Kükü kəndlərində rast gəlmişəm. Bu, “Papaq apardı” oyunudur. Adətə görə, gəlini evdən çıxararkən kim bəy evinə bu xəbəri birinci çatdırarsa, ona qiymətli toy nəməri verilir. Həmçinin o, istənilən qədər toyda oynamaq imkanı qazanır. Göründüyü kimi, bu adət muxtar respublikanın, əsasən, ucqar yaşayış məntəqələrinə aiddir. Onu da deyim ki, Boyəhməddə Novruz adətlərinə də ciddi əməl olunur.
Dağ kəndinin bu günü və ya dövlət qayğısı əhatəsində olan yaşayış məntəqəsi
Qeyd edək ki, Boyəhməd kəndi Ləkətağ kənd inzibati ərazi dairəsinin tərkibindədir. Boyəhməddə 66 təsərrüfatda 337 sakin yaşayır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq və meyvəçilikdir. Kəndin torpağa bağlı insanları öz yaşayış səviyyələrini bu sahələrin hesabına yüksəltməyə çalışırlar. Bunun üçün dövlətimiz də onlara hərtərəfli qayğı göstərir. Sakinlərə həmin sahələri inkişaf etdirmək üçün güzəştli kreditlər verilir. Bu səbəbdən də kənd adamlarının maddi-rifah halı gündən-günə yaxşılaşır. Son illərdə kəndin müasir yaşayış məntəqəsinə çevrilməsi, mövcud problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ötən il dekabr ayının 8-də burada yaşanan bayram ovqatı da bunu təsdiq edir. Həmin gün kənddə bir neçə obyektin açılışı olmuşdur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənd sakinlərini təbrik edərək demişdir: “Muxtar respublikamızda aparılan quruculuq işləri ucqar dağ kəndi olan Boyəhməd kəndini də əhatə etmişdir. Bu il kənddə yeni kənd mərkəzi tikilmiş, məktəb binası yenidən qurulmuş, kəndin Azərbaycan Vətən müharibəsi iştirakçısı olan sakininə yeni fərdi ev inşa olunmuş, feldşer-mama məntəqəsi üçün müasir şərait yaradılmışdır. Kəndin yolu da müasir standartlar səviyyəsində qurulmuş, asfalt örtük salınmış, rayon mərkəzi ilə əlaqə xeyli yaxşılaşmışdır. Bu kənddə həyata keçirilən tikinti-quruculuq işləri, ilk növbədə, sakinlərin rahat yaşayışına, onların sıx məskunlaşmasına imkan verir. Kənddə görülən işlər bu gün dövlətimizin sosial-iqtisadi inkişaf xəttinin, regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının ifadəsidir”.
Həmin gün ilk olaraq Çeşməbasar-Boyəhməd avtomobil yolu istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il sentyabrın 2-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində Çeşməbasar-Boyəhməd avtomobil yolunun yenidən qurulması bu qol üstdə yerləşən kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir göstəricisi kimi dəyərləndirilir. Həmin yol Culfa rayonunun 17 kəndinin sakinlərinin rahatlığına xidmət edir.
Haşiyə: Yeri gəlmişkən qeyd edək ki, Ləkətağ və Boyəhməd bir inzibati ərazi dairəsində birləşsələr də, hər iki kənd üçün kənd mərkəzlərinin inşa edilməsi həmin yaşayış məntəqələrinin sakinlərinə daha böyük qayğı olsa da, icra nümayəndəsi Balabəy Allahverdiyevi onların heç birində tapa bilmədik.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə üçün iş otağı, kitabxana, mədəniyyət evi və feldşer-mama məntəqəsi yerləşir. Mərkəzin binasında 46 yerlik tədbirlər zalı istifadəyə verilmiş, birinci mərtəbədə feldşer-mama məntəqəsi üçün 2 otaq ayrılmışdır.
Yeni yaradılan mağaza və bərbərxanada da sakinlərə lazımi səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait vardır.
Quruculuq tədbirlərindən kənd tam orta məktəbinə də pay düşmüş, məktəbin binası yenidən qurulmuş və müasir təhsil ocağına çevrilmişdir. Məktəbdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron lövhəli siniflərin və zəngin kitabxananın yaradılması, elektron dərsliklərlə təminat tədrisin keyfiyyətinin yüksəldilməsinə imkan vermişdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompyuter otağı və kitabxana istifadəyə verilmişdir. Kimya-biologiya laboratoriyasında və hərbi kabinədə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq-təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, 4 kompyuter quraşdırılmış və internetə qoşulmuşdur.
Müəllimlərlə söhbət zamanı öyrəndik ki, təhsil ocağının nailiyyətləri qənaətbəxşdir. Belə ki, ötən il məktəbi bitirən 7 məzundan 2-si ali məktəblərə, 3-ü kolleclərə qəbul olunmuşdur. Kollektiv yaradılan hərtərəfli şəraitin müqabilində əzmlə çalışır, ölkəmiz üçün təhsilli, vətənpərvər kadrların yetişdirilməsinə öz töhfəsini verməyə səy göstərir.
Daha bir qənaət və ya yol düzgün seçiləndə
Dağlar qoynunda qərarlaşan Boyəhməd bu gün müasir Azərbaycan kəndidir. Bu yaşayış məntəqəsindən aldığımız zəngin təəssüratları nə dərəcədə oxucularımıza çatdırdığımızı deyə bilmərəm. Bu qənaətdəyəm ki, yurda bağlılıq, insana qayğı olan yerdə belə təəssüratlar da istənilən qədər zəngin ola bilər. Boyəhməddən Naxçıvan şəhərinə qayıdarkən yol boyu bu barədə düşünürdüm. Düşüncələrimə hakim kəsilən isə ümummilli liderimizin sözləri idi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün ulu öndərin planlarının, arzularının yerinə yetirilməsini bu qədim torpağın istənilən ünvanında görmək olar. Bu plan və arzuların yerinə yetməsi isə inkişafın möcüzə təsiri bağışlayan ifadəsi, bu günün reallığıdır.
Muxtar MƏMMƏDOV
Əli XUDİYEV (foto)