Qış fəslinin, belə demək mümkünsə, əsas atributlarından biri qardır. Qar bərəkət, gələn ilin məhsul bolluğu deməkdir. Payız əkinlərinin qalın qarla örtülməsi onu həm şaxtadan qoruyur, həm də yazda bol su ilə təmin edir. Bunu aşağıdakı folklor nümunəsi də ifadə edir:
Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.
Qar örtüyünün faydalı olması “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də əks olunub.
Qış fəslində gecə və gündüz zamanı havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə imkan vermişdir. Xalqımızın müşahidələrinə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu keçərsə, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Əksinə, qışda gündüzlərin ayaz, gecələrin buludlu, dumanlı keçməsi ilə isə ilin xoş keçib insanlar üçün faydalı olacağına inanılırdı.
Qış nə dərəcədə sərt keçsə də, xalqımız onun gəlişini bayram kimi qarşılayıb, onun gəlməsi ilə bağlı müxtəlif adətlər, inam və mərasimlər yaradıb. Xalqımız, maraqlıdır ki, yalnız qışın və yazın qarşılanması üçün mərasimlər təşkil edib. Başqa sözlə desək, ulularımız qışı xoş qarşıladıqları kimi, onu təntənəli şəkildə də yola salıblar. Ümumiyyətlə, xalqımız qışa çətinlik kimi baxsa da, bu fəsil həm də əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluğunu qış mövsümündə atar. Qış görüləcək işlərin az olması səbəbi ilə istirahət və əyləncə mövsümü hesab edilirdi.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq “çillə” adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) davam edir.
Çillə bayramı, çillə gecəsi qış başlandığı gün, yəni dekabrın 20-də qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, “çillə” “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında “ağırlıq, dərd, kəramət, xəstəlik” mənalarında da başa düşülür.
Çillə bayramı xüsusi qeyd edilər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülərdi. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilmişdir ki, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar.
Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlarda (Ordubad, Şərur) yaşlı insanların verdiyi məlumata görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə – ağ və ya yaşıl olarsa, niyyət qəbul edilmiş hesab olunur. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilirdi. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində çillə qarpızı xüsusi yer tutardı.
Bu qarpız, çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb xonçalara
Gedir yargilə qarpız.
Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyarmışlar. Qarpız aparılan bıçaqla kəsilər və sonra yenidən oğlan evinə qaytarılarmış.
Ordubad bölgəsində isə həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovrular, qovut çəkilərmiş.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə əsasən, çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə adları “q” hərfi ilə başlayan nemətlər düzülərmiş: qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.
Qeyd edək ki, qarpızın qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.
Etnoqrafik materiallara görə, xalq təqviminə uyğun olaraq böyük çillənin birinci ongünlüyü (dekabr ayı) “qarı qatıldı küfləyə”, yanvar ayının əvvəli isə “qarıboğan” adlanır. Böyük çillənin sonlarına isə “qurdun insana yerikliyən dövrü” deyilmişdir. Bu da onunla əlaqədardır ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Qışın bərk şaxtalı günlərinə həm də “qışın qulan (atın balası) salması” dövrü deyilir.
Çillə ilə bağlı adətlərdən bəhs edərkən onu da qeyd etməliyik ki, bəzən bu bayram Zərdüştlüklə əlaqələndirilir. Bu, tamamilə yanlış fikirdir. Çillə bayramı xalq təqvimi ilə bağlı keçirilən bayramlardan biridir.
Naxçıvanda qışın bəzəyi olan qarın əhali arasında bilinən adları olmuşdur. Bunlar quşbaşı, çobanyarması, kəpək, qaryeyən, püsək və sairdən ibarətdir.
Naxçıvanda qışla bağlı təqvim adətləri tarixin ilkin dövrlərində formalaşmaqla bir sıra xüsusiyyətlərinə görə digər türk xalqları ilə ortaq cəhətlərə malikdir.
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru