23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə muxtar respublikada qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyindən aldığımız məlumata görə, bu məqsədlə yay aylarından başlayaraq təsərrüfat ərazilərindən müxtəlif qida məhsulları, o cümlədən 2 min kiloqramdan çox biçilmiş ot preslənib, 1,5 min kiloqram buğda, arpa və 5 min kiloqram daşduz tədarük edilib. Eyni zamanda qış aylarında ərzaq anbarlarında istehlak üçün yararsız olan meyvə-tərəvəz və digər məhsulların da bu məqsədlə istifadəsi nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeli idarələr tərəfindən hazırlanmış tədbirlər planına əsasən, dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınmış yaşıllıqlarda, o cümlədən miqrasiya dəhlizlərində biotexniki tədbirlər keçiriləcəkdir. 2016-cı ilin dekabr ayının əvvəllərindən başlayaraq dağlıq ərazilərə yağan qarın səviyyəsi 60 santimetrə qədər artıb ki, bu da biotexniki tədbirlərin keçirilməsinə zərurət yaradıb. Ötən həftə ərzində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində biotexniki tədbirlər keçirilib, ərazilərə tərəvəz məhsulları, buğda, arpa, qaba yem, daşduz və digər qida məhsulları paylanılıb. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində əhali ilə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılıb, yoxlama-reydlər keçirilib. Heyvanat aləminin qorunması sahəsində onların qida ehtiyatının yaradılması mühüm və əhəmiyyətli tədbirlər olduğundan bu işlər qış fəsli boyunca tədbirlər planında nəzərdə tutulmuş təbiət ərazilərində davam etdiriləcəkdir.

Qeyd edək ki, müxtəlif mövsümlərdə havanın dəyişməsi, təbii olaraq, muxtar respublika ərazisində yaşayan heyvanat aləminə də öz təsirini göstərir. Xüsusilə qış aylarında ərazilərin qalın qarla örtülməsi qida təminatının azalmasına səbəb olur ki, bu da heyvanların başqa ərazilərə miqrasiyasına, nəsil artımının azalmasına səbəb olur. Yem çatışmazlığı nəticəsində bəzi gəmirici heyvanlar (dovşan, porsuq, çöl donuzu və sair) istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onları sıradan çıxarırlar. Qeyd olunanlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən belə tədbirlər həyata keçirilir. Bu tədbirlər müəyyən edilmiş təbiət ərazilərinə müxtəlif qida məhsullarının paylanmasını əhatə edir. Qeyd edək ki, muxtar respublika ərazisindəki fauna ehtiyatlarının 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilib. Belə olan halda heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti daha da artır.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR