23 Dekabr 2024, Bazar ertəsi

– Əhməd kişi, neçə müddətdir fikir verirəm, ora-bura çox qaçırsan. Xeyirdir inşallah.
– Pensiya yaşım çatana qədər işləmişəm. İndi də pensiyaya çıxmaq istəyirəm. Deyirlər, sənədləri topla, gətir, pensiyanı təyin edək. Mən də o idarə sənin, bu idarə mənim, gəzməkdən ayaqlarımın altı qabar olub. Hərdən bir sənəd çatmır. Pensiya işim düzəlmir ki, düzəlmir.
– İnşallah düzələr, – deyib Əhməd kişiyə səbirli olmağı məsləhət görürdüm ki, Nəriman dayı yaxınlaşdı. Salamsız-kəlamsız:
– Müəllim, o pensiya paylayanı görmədin? Deyirlər, bu gün pensiyaları gətirəcək. Dörd aydır, pensiyalarımızı vermirlər. Belə də iş olar? – deyib sual dolu nəzərlərlə üzümə baxdı. Sonra da verdiyi suala özü cavab verdi: – Sahibsiz ölkədə, özbaşınalıq olan yerdə hər şey olar, – dedi.
– Ay rəhmətliyin oğlu, elə biz də siz gündəyik də. Üç aydır, əməkhaqqımızı ala bilmirik. Atalar yaxşı deyib: “Pis günün ömrü az olar”. Səbir edək. Yəqin ki, ölkənin sahibi gələr. Cavanına da, qocasına da bir gün ağlayar.

1989-cu ildə yaşadığım binanın sakinləri ilə etdiyim bu söhbətin üstündən 27 il keçir. Zaman öz işini gördü. Ölkənin SAHİBİ gəldi. Digər sahələrdə olduğu kimi, sığorta-pensiya sistemində də uğurlu islahatlar həyata keçirildi. İndi nə pensiya təyinatı üçün aylarla vaxt itirib sənəd toplamağa, nə də təyin olunmuş pensiyanı aylarla gözləməyə ehtiyac yoxdur. Əmək pensiyaları avtomatlaşdırılmış qaydada çox qısa zaman ərzində təyin olunur. Təyin olunmuş pensiyalar isə plastik kartlarla bankomatlar vasitəsilə vaxtında ödənilir. Artıq pensiya paylayanı axtarmağa da ehtiyac qalmayıb. Pensiya bankomatlarda, “açarı” da cibində, müəyyən olunmuş vaxtda “aç”, götür. Amma... Elə buradaca oxucu fikirləşəcək ki, yenə nə amma? Əziz oxucu, bu amma elə sizin özünüzdən asılıdır. Yəni bankomatdan istədiyin qədər pul yox, işlədiyin zaman ödədiyin məbləğ qədər pul götürə bilərsən. Bəs bu mexanizm necə qurulub? Sosial ədalət prinsipi necə bərpa olunub? Pensiya təyinatı necə aparılır? Bu və ya bu kimi suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Vüsal Sevdimalıyevlə görüşüb həmsöhbət olduq:

– Vüsal müəllim, əvvəlcə sığorta­-pensiya sistemində fərdi uçotla bağlı məlumat verərdiniz.

– Fərdi uçot əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta­olunan haqqında məlumatların ­uçotunun təşkili və aparılmasıdır. Fərdi uçotun yaradılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasıdır.
Fərdi uçot sisteminin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və ­sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.

– Fərdi uçotun təşkili ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda hansı işlər görülüb?

– Muxtar respublika ərazisində fəaliyyət göstərən hər bir işləyən vətəndaş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında sığortaolunanların qeydiyyatına dair Q3 ərizə forması dolduraraq qeydiyyata alınmış, hər bir sığortaolunana sosial sığorta nömrəsi verilməklə fərdi şəxsi hesab açılmış və sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir. Hazırda muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların sayı 163 min 840 nəfərdən çoxdur.

– Hər bir işləyən pensiya kapitalı toplamaq və qanunvericilikdə nəzərdə tutulmuş müavinətləri almaq üçün Dövlət Sosial Müdafiə Fonduna nə qədər məcburi dövlət sosial sığortahaqqı ödəməlidir?

– “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə müvafiq olaraq məcburi dövlət sosial sığortasında sığortahaqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.
Seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında, əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyirlər.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının, yəni 105 manatın torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi (12 manat 60 qəpik), torpaqların 2-ci keyfiyyət qrupu üzrə 8 faizi (8 manat 40 qəpik), torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi (4 manat 20 qəpik), torpaqların 4-cü keyfiyyət qrupu üzrə 2 faizi (2 manat 10 qəpik) miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyirlər.
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 50 faizinin Naxçıvan şəhərində 80 faizi (42 manat), rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi (31 manat 50 qəpik), kənd yerlərində isə 50 faizi (26 manat 25 qəpik) miqdarında, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə minimum aylıq əməkhaqqının 20 faizinin Naxçıvan şəhərində 80 faizi (16 manat 80 qəpik), rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi (12 manat 60 qəpik), kənd yerlərində isə 50 faizi (10 manat 50 qəpik) miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyirlər.

– Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mahiyyəti nədən ibarətdir?

– Ümumiyyətlə, bütün sığorta­olunanlar məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə maraqlı olmalıdırlar. Çünki gələcəkdə əmək pensiyası hüququnun yaranması, eləcə də məcburi dövlət sosial sığortası üzrə ödəmələrdən yararlanmaq üçün məcburi dövlət sosial sığortahaqqının ödənilməsi əsas şərtdir. Məcburi dövlət sosial sığorta haqlarından yayınan şəxslər gələcəkdə əmək pensiyası hüququndan və digər sığorta hadisələri zamanı sığorta ödəmələrindən məhrum olacaqlar. Ödənilmiş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fondunda fərdi uçot sistemində açılmış fərdi şəxsi hesablara işlənilir ki, gələcəkdə pensiya təyinatı aparıldıqda həmin fərdi şəxsi hesabda olan məlumatlar əsas götürüləcəkdir.
Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığorta­olunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən şəxs Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet səhifəsindən, “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə, “Pensiya kalkulyatoru” elektron xidməti vasitəsilə öz pensiyasını hesablaya bilər.

– Vətəndaşlara pensiyalar necə təyin olunur? Hazırda sığortaolunanlar neçə yaşında pensiya hüququ qazanırlar?

– Vətəndaşlara pensiyalar 1 yanvar 2006-cı il tarixdən etibarən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, əmək pensiyasının 3 növü var: yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası.
Yaşa və əlilliyə görə əmək pensiyası baza hissəsindən, sığorta hissəsindən və yığım hissəsindən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə baza və sığorta hissəsindən ibarətdir.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilə bilər.
Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Qanunun 8-ci maddəsində çox­uşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Belə ki, beş və daha çox uşağı olan, onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

– Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən avtomatlaşdırılmış qaydada pensiya təyinatı necə həyata keçirilir?

– Muxtar respublika ərazisində yaşayan və pensiya yaşına çatmış hər bir vətəndaş heç bir sənəd toplamadan, vaxt itirmədən Dövlət Sosial Müdafiə Fondunun Pensiya şöbəsində yaradılmış avtomatlaşdırılmış pensiya təyinatı xidmətinə zəng etməklə real vaxt rejimində dərhal əmək pensiyası təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.
Avtomatlaşdırılmış pensiya təyinatının aparılması üçün (+99436) 550-59-79 nömrəsinə zəng edərək müraciət edən şəxsin yalnız şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirməsi kifayətdir. Bu məlumat dərhal Dövlət Sosial Müdafiə Fondunda yaradılmış xüsusi proqram təminatına daxil edilir və həmin göstəricilərin sistemdə düzgünlüyü təsdiqləndiyi halda fondun fərdi məlumatlar bazasına inteqrə edilərək vətəndaşın 01.01.2006-cı il tarixədək olan iş stajı və 01.01.2006-cı il tarixdən ödədiyi məcburi dövlət sosial sığorta haqlarından avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyinatı aparılır. Elə həmin vaxt vətəndaşa ona təyin olunmuş əmək pensiyasının məbləği və öz plastik bankomat kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Eyni zamanda vətəndaşın ünvanına bununla bağlı xüsusi rəsmi bildiriş də göndərilir.
Hazırda ilkin mərhələdə avtomatlaşdırılmış pensiya təyinatı yaşa görə əmək pensiya hüququ yaranmış əmək pensiyaçılarına tətbiq edilir. Gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatı əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranan pensiyaçılara da şamil ediləcəkdir.
Avtomatlaşdırılmış pensiya təyinatı sistemi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fərdi uçot sektorları tərəfindən işlənmiş fərdi uçot məlumatları əsasında internet üzərindən aparılır və bu sistem vasitəsilə, ümumilikdə, 287 nəfərə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

– Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsində neçə elektron xidmət fəaliyyət göstərir?

– Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmış, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılmış və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılmışdır.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinin yaradılması məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarını plastik bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə 21 adda elektron xidmət inteqrə edilmişdir ki, hazırda bunlardan 16-sı istifadəyə verilmişdir. Digər elektron xidmətlərin də fəaliyyət göstərməsi sahəsində fond tərəfindən ardıcıl işlər görülür.

– Nümunəvi şərait nümunəvi xidmət tələb edir.

– Əlbəttə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollektivi də öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır, 31090 nəfər yaşa görə, 14311 nəfər əlilliyə görə, 8895 nəfər isə ailə başçısını itirməyə görə əmək pensiyaçıları olmaqla, ümumilikdə, 54296 nəfər əmək pensiyaçısına xidmət göstərir ki, onların da pensiyaları plastik kartlarla bankomatlar vasitəsilə vaxtında ödənilir.
– Müsahibə üçün sağ olun.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR